BolgeXeber.Com » Ölkə » Nazirlə rəisin işbirliyi: Əsaslı Tikinti və Təchizat İdarəsi dövlətin pulunu talayır

Nazirlə rəisin işbirliyi: Əsaslı Tikinti və Təchizat İdarəsi dövlətin pulunu talayır

11-05-2015, 16:54
Oxunub: 4 953 Nazirlə rəisin işbirliyi: Əsaslı Tikinti və Təchizat İdarəsi dövlətin pulunu talayırTəhsil Nazirliyinin nəzdində Əsaslı Tikinti və Təchizat İdarəsi yaradılıb. Nazirliyin xətti ilə aparılan tikinti işləri bu idarəyə həvalə olunub.

Nazir Mikayıl Cabbarov idarə rəisi postuna Musa Məmmədovu təyin edib. Məlumata görə, idarə rəisi nazirlə sıx işbirliyinə malikdir. Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən həyata keçirilən işlərin yetərli hissəsində qanunsuzluğa yol verildiyi və nazirin də buna şərait yaratdığı deyilir. Əksər hallarda idarə rəhbərliyi mövcud qanunlara riayət etmədən iş görür. İndiyədək məktəblərin tikintisi və əsaslı təmiri zamanı kifayət qədər ciddi problemlər aşkarlanıb.
DİA.AZ araşdırıb ki, bir neçə il öncə Baş Prokurorluğun Bakı şəhərinin 77 məktəbində apardığı araşdırma nəticəsində bəzi nöqsanlar üzə çıxarıldı. Həmin vaxt Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinə sabiq nazir Misir Mərdanovun yaxın qohumu Allahverdi Dəmirov rəhbərlik edirdi. Baş Prokurorluğun təqdimatına əsasən məktəb tikintisi və təmiri, onların istismara qəbul edilməsi sahəsində qanun pozuntularına yol vermiş bir sıra vəzifəli şəxslər barəsində Təhsil Nazirliyi tərəfindən ciddi intizam tənbehi tətbiq edilib. Musa Məmmədovun bu vəzifəyə gətirilməsindən sonra sadalanan qanunsuzluqların baş vermədiyini demək çətindir. Əslində, vaxtilə bu səlahiyyətin Təhsil Nazirliyindən alınması məhz korrupsiya faktı ilə bağlı olub. Sonradan Mikayıl Cabbarovun səyi ilə tikinti işləri nazirliyə qaytarılıb.
Araşdırmalara görə, məktəbləri tikən şirkətlərin seçimi və tenderlerin keçirilməsi ilə də bağlı çox ciddi problemlər var. Bu sahədə büdcə xərcləmələri ilə bağlı şəffaflıq yoxdur. “Satınalmalar haqqında" Qanunda birmənalı qeyd olunur ki, əgər büdcə vəsaitləri hesabına görülən işin qiyməti 50 min manatı keçirsə, açıq tender keçirilməlidir. Açıq tenderin də şərtləri var. Elan verilməlidir, iddiaçıların sayı üçdən az olmamalıdır. Musa Məmmədovun fəaliyyətindəki şəffaflıq ön planda olsaydı, onda heç nədən çəkinmədən cəmiyyətə lazımi hesabatı təqdim edərdilər. Deyilənə görə, bəzi hallarda layihələrlə bağlı Təhsil Nazirliyinin verdiyi rəsmi məlumatlar reallığı əks etdirmir və ya rayon təhsil şöbələri, podratçılar və məktəb rəhbərliklərinin məlumatları ilə üst-üstə düşmür.
Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən aparılan təmir-tikinti işlərinin smeta dəyəri dəfələrlə şişirdilir. Məsələn, 2007-ci ildə ABŞ-ın Bakıdakı səfirliyi bu ölkənin hərbi komandanlığının maliyyə dəstəyi ilə Xəzər rayonunun Yeni Qala qəsəbəsində 20 siniflik (Təhsil Nazirliyinin normativlərinə görə 400 şagirdlik) məktəb tikib. Həmin məktəb 300 min dollara başa gəlib. Bir sinif otağına çəkilən xərc 15 min dollar, bir şagirdə düşən xərc isə 750 dollar təşkil edib. Təhsil Nazirliyinin büdcənin pulu ilə tikdiyi təxminən eyni ölçülü məktəb isə 1.5 milyon manata başa gəlib. Göründüyü kimi, Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən həyata keçirilən layihələrdə şəffaflığın olması şübhəlidir.
Bolgexeber.com