BolgeXeber.Com » Ölkə » GDU-da müəlliməni döyən kafedra müdirinin «krişası» nazirin atası çıxdı- İDDİA

GDU-da müəlliməni döyən kafedra müdirinin «krişası» nazirin atası çıxdı- İDDİA

29-06-2015, 13:41
Oxunub: 3 221 GDU-da müəlliməni döyən kafedra müdirinin «krişası» nazirin atası çıxdı- İDDİAMahir Nağıyevin təhsil nazirin atası Çingiz Cabbarovla qonşu olması onu məsuliyyətdən xilas edib, rektor isə Sərəncam xanımı hədələməklə məşğuldur

Bir müddət əvvəl xəbər vermişdik ki, Gəncə Dövlət Universitetində insident baş verib.Verilən məlumata görə, universitetin fizika və texniki fənlər fakültəsinin Ümumi texniki fənnlər kafedrasının müdiri, dosent Mahir Nağıyev həmin kafedranın əməkdaşı Sərəncam xanımı işçilərin gözləri qarşısında qəddarcasına döyüb.

Məlumatda iddia edilirdi ki, nəticədə Sərəncam xanımın barmağı sınıb, bədənində çoxlu sayda qançırlar əmələ gəlib. Bu barədə Sərəncam xanım məhkəmə tibb ekspertizasından arayiş alıb.

Daxil olan məlumata əsasən insident 8 may 2015-ci ildə Gəncə şəhərində keçirilən Gül bayramında baş verib. Belə ki, Sərəncam xanımın yaratdığı nəfis əl işi, Şəhərin İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən təriflənib və yüksək qiymətləndirilib. Sənət işi isə, sabiq prezident Heydər Əliyevin muncuqlar , billur şüşə hissəcikləri ilə hazırlanan və güllərlə bəzədilən nəfis portreti olub. Sərəncam xanımın yüksək tərifə layiq görülməsi kafedra müdiri Mahir Nağıyevin və kafedranın bəzi qadın işçilərinin ürəyincə olmayıb. Mahir Nağıyevin nəhayət əsəbləri dözməyib və kafedranın qadın əməkdaşları ilə birləşərək, xırda bəhanə ilə Sərəncam xanıma söz ataraq lağ ediblər ki, «Bəs, sənin əməyinə niyə medal vermədilər?»

Məlumatda deyilirdi ki, Sərəncan xanımı əvvəlcə kafedra müdirinin kabinetində döyüblər. Dəhlizə qaçan Sərəncam xanımı Mahir müəllim dəhlizdə də döyməyə davam edib. Həmin vaxt əlbəyaxa döyüş meydanının bir metrliyində olan fakültə dekanı, onun müavinləri və kafedra müdirləri onları aralamaq əvəzinə dava dalaşa şahid olmamaq üçün qaçaraq kabınetlərində gizləniblər.

Məlumatda göstərilir ki, bu biabırçılıq universitetin "Etika" komissiyasında müzakirə edilib. Bu iclasda Mahir Nağıyev çıxış edərək deyib ki, Sərəncam xanımın barmağı qırılmayıb, o, yalandan arayış alıb. Qeyd edək ki, daxil olan məlumata əsasən GDU-nun "Etika" komissiyası Mahir Nağıyevin bu biabırçı hərəkətinə qiymət verməkdən çəkinib və o, cəzasız qalıb.

Verilən son məlumatlarda isə qeyd edilir ki, Mahir Nağıyev törətdiyi əməldən dolayı, cəzasız qalıb. Onun cəzasız qalmasının isə bir sıra səbəbləri varmış. Ən vacib səbəb isə kafedra müdirinin təhsil naziri Mikayıl Cabbarovun atası Çingiz Cabbarovla qonşu olmasıdır. İddia edilir ki, sözügedən şəxs qonşu olduğu nazirin atası ilə arasını düzəldərək, onun bütün xahiş və istəklərini yerinə yetirir. Problemi yarandıqda da ona üz tutaraq, həll etdirir.

İşin bir başqa maraqlı tərəfi də var.Məlumat verən mənbənin bildirdiyinə görə, GDU-nun rektoru Yusif Yusifov çıxılmaz vəziyyətə düşərək, döyülən müəlliməni hədəfə alıb. Belə ki, rektor Sərəncam xanıma davamlı olaraq ismarıclar göndərir ki, şikayətini geri götürsün. Əks təqdirdə, onu "pozğun", "əxlaqsız" adı ilə biabır edəcəyini bildirir.

Mahir Nağıyev isə kimsədən çəkinmədən hər yerdə bildirir ki, onun nazirin atası ilə yaxşı münasibəti var və istədiyi sözü də yeridə bilir.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Jam.az