BolgeXeber.Com » Ölkə » Kəlbəcər səhiyyəsində açıq bazar qanunları... - Hər şey pulnandır...

Kəlbəcər səhiyyəsində açıq bazar qanunları... - Hər şey pulnandır...

14-07-2015, 16:35
Oxunub: 4 503 Kəlbəcər səhiyyəsində açıq bazar qanunları... - Hər şey pulnandır...Belə qənaətə gəlmək olar ki, Kəlbəcər RMX-da əksər xəstəliklərin müalicəsi ümumiyyətlə mümükün deyil

Məlum olduğu kimi Kəlbəcər rayonu səhiyyə sisteminin özəyini təşkil edən Rayon Mərkəzi Xəstəxanası (RMX) 1993-cü ilin aprel ayından Göygöl rayonu 7 saylı Sovxoz ərazisində fəaliyyət göstərir. 2013-cü ildən etibarən RMX-nın baş həkimi vəzifəsinə Mehparə Kazımova təyin olunmuşdur. Hazırda RMX-nın xidmət sahəsində Gəncə şəhərində, qismən Samux, Goranboy və Göygöl rayonlarında müvəqqəti məskunlaşmış 25000 nəfər kəlbəcərli məcburi köçkünlərə tibbi xidmət göstərilir. Maraqlıdır ki, bu tibb müəssisəsinin fəaliyyətindən və ilk növbədə, yerləşməsindən bəhs edən məlumat xarakterli əksər yazılarda, o cümlədən baş həkimin mətbuata verdiyi müsahibələrdə də RMX-nın bu gün məhz uyğunlaşmış bina, vaqon və konteynerlərdən ibarət həkim kabinetlərində fəaliyyət göstərdiyi xüsusilə vurğulanır. Elə təəssürat yaranır ki, sanki bu məqamı qabartmaqla RMX-nın rəhbərliyi buraya nə vaxtsa üz tuta biləcək xəstələri indidən bu niyyətlərindən çəkindirir. Həmçinin Mehparə Kazımovanın müsahibələrində diqqəti çəkən bir məqam da RMX-da yaşanan kadr çatışmazlığı ilə bağlıdır: “Ən ciddi məsələlərdən biri də odur ki, Tibb Universitetini bitirən gənc kəlbəcərlilər məskunlaşdıqları şəhər və rayonlarda işləmək məcburiyyətində olduqlarından, son illər stomatoloq və psixiatr istisna olmaqla, bir nəfər də olsun, mütəxəssis təyinatla xəstəxanamıza gəlməyib. Halbuki, hazırda xəstəxanamızda anestezioloq-reanimatoloqa, otolorinqoloqa, oftalmoloqa, travmatoloqa, endokrinoloqa, ftiziatra, cərrah, mama-ginekoloq, terapevtə və sahə terapevtinə və digər ixtisaslı həkimlərə ciddi tələbat və ehtiyac var...” Belə qənaətə gəlmək olar ki, Kəlbəcər RMX-da əksər xəstəliklərin müalicəsi ümumiyyətlə mümükün deyil. Başqa sözlə desək, sanki açıqlamalarda xəstələrin bu tibb müəssisəsinə müraciət etmələrinin sadəcə vaxt itkisindən başqa bir nəticə verməyəcəyi barədə təəssürat yaradılır. Həm də düşünülmüş şəkildə. Bəs görəsən buna səbəb nədir? Bəzi mənbələr bu “taktika”nın Kəlbəcər RMX-da həyata keçirilən müəyyən maxinasiyaların pərdələnməsi üçün tətbiq edildiyini iddia edirlər. Həmin iddialara görə, bu tibb müəssisəsində xəstələrin “sənəd üzərində” stasionar müalicəsi mütəmadi olaraq həyata keçirilir. Həm də mümkün olan maksimal sayda. Və əgər bura əlavə olaraq real xəstələr də qəbul olunarlarsa (müəyyənləşdirilmiş limitdən artıq), artıq bu zaman RMX-da xəstələrin sayı mümkün olan həddi aşmış olar ki, bu da maxinasiyaların aşkarlanması ilə nəticələnə bilər. Başqa sözlə desək, mənbə Kəlbəcər RMX-da “ölü canlar” qismində saxlanılan xəstələrin real xəstələrdən daha artıq “gəlir gətirmələri” səbəbindən, xəstəxana rəhbərliyinin də məhz onlara üstünlük verdiyini iddia edir. Bu xüsusda məlumatlarda vurğulanır ki, xəstəxanada daha çox şəxsi məqsədləri üçün – TSEK-ə və ya hərbi komissarlığa təqdim etmək üçün arayış, iş yerinə bülleten (xəstəlik vərəqəsi) və digər arayışlar almaq üçün qeydiyyata alınmış “xəstələrə” rast gəlmək olur. Amma bu heç də o demək deyil ki, həmin xəstələrə ərzaq və dərman təminatı ayrılmır. Əksinə, iddialara görə RMX rəhbərliyinin bu “xəstələrdən” əldə etdiyi əsas gəlir də məhz elə bu ayrılmalar hesabına formalaşır. Bundan başqa isə, redaksiyamıza daxil olan məlumatlarda Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehparə Kazımovanın yol verdiyi rüşvətxorluq və digər korrupsiya hallarından da bəhs olunur. Bildirilir ki, bu tibb müəssisəsinin fəaliyyəti ümumilikdə Kəlbəcər səhiyyəsinin bərbad durumunu olduqca dəqiq əks etdirir. Rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları ərazilərdə əhaliyə göstərilən tibbi xidmətlərin olduqca aşağı səviyyədə olması yerli ictimaiyyəti son vaxtlar ən çox narahat edən məsələlərdən biri kimi çıxış edir. Həm də bu mövzu artıq xeyli müddətdir ki, ölkə mətbuatının da diqqət mərkəzindədir...