BolgeXeber.Com » Ölkə » “Kitayski Antalya”da bir neçə saat...

“Kitayski Antalya”da bir neçə saat...

28-07-2015, 19:45
Oxunub: 2 961 “Kitayski Antalya”da bir neçə saat...Nabranın ən populyar istirahət mərkəzlərində nələr olur?
AZAL-ın inhisarçılığı, buna görə dövlət başçısı tərəfindən edilən iradlar və tragikomik “endirimlər”... Bura qədərini hamınız bilirsiniz. Onu da bilirsiniz ki, məhz təyyarə biletinin bahalığı ucbatından azərbaycanlılar artıq Tiflisdən nisbətən ucuz qiymətə Türkiyəyə uçur, tətil paketini burdan alır, adambaşına ən azı 400 manat “qabağa düşür”.

Amma bu əziyyətə qatlaşmaq istəməyənlər də var: məlum, Tiflis yolu uzaq. Get-gəl, bunun uşaqlısı var, yola dözümsüzü, xəstəsi var. O halda çarə qalır yerli turizm obyektlərinə.
“Yeni Müsavat”ın əməkdaşı bu dəfə Nabranda yerləşən, hər gün televiziya və radiolarda reklamı göz və qulaq “deşən” Atlant istirahət mərkəzində oldu. Reportyorlarımız ötən il də adı silahlı atışma ilə hallanan vaxt (avqust ayında) bu mərkəzdə olub, orada baş verənləri nəzərə çatdırmışdı. Bu il isə həm dəyişiklikləri, həm də ümumi durumu müqayisəli təhlil etməyə imkan verdi.

“Antalyaya oxşadıblar, amma üzdə...”

“Buranı Antalyaya, Bodruma oxşatmağa çalışıblar e. Amma hər şey üzdədir, dərindən baxanda hər şey fərqlidir”. Bunu istirahət mərkəzinə birgünlük ailəsi ilə gələn Tanrıverdi adlı müsahibimiz dedi. Yerli turist bildirdi ki, bura gəlişinin yeganə səbəbi Türkiyəyə, eləcə də, dünyanın tanınmış istirahət mərkəzlərinə getməyə maddi imkanının çatmamasıdır: “Bakıdan bura 2.5-3 saatlıq yoldur. Avtovağzaldan 6 manat verib, bura gəlmək mümkündü. Ailədə 4 nəfərik. Gəliş pulumuz elədi 24 manat. O mənada sərf eləyir. Bir nəfərin burda qalması da - gündə 3 dəfə yeməklə, adambaşına 50 manatdır. Belə götürəndə o qədər də baha çıxmır. Amma gəlin görək o 50 manata dəyən nə edirlər? Bu mənada sərf eləmir. Biz 3 il bundan əvvəl Türkiyədə olmuşuq. Oranın istirahət mərkəzləri ilə bunların arasında dağ qədər fərq var. Üzdə onlara oxşadıblar, amma dərin mənada Antalya, Bodrum istirahət mərkəzləri ilə müqayisə etməyə dəyməz. Nə yemək, nə qulluq, nə təmizlik... müqayisə oluna bilməz”.
Qiymətlərə nəzər salaq: “Atlant”da 1 və 2 otaqlı 2 mərtəbəli hotel bloklarda və 1 və 2 otaqlı 6 mərtəbəli hoteldə 1 nəfərin yaşamaq haqqı, İsveç masasında gün ərzində 3 dəfə yemək və 45 növ əyləncələr daxil olmaqla 50 AZN təşkil edir. (Ötən il müvafiq xidmətlər üzrə qiymət 45 AZN idi) Yox, əgər sizin Nabranda qalacağınız başqa bir yer varsa və ancaq 45 növ əyləncədən yararlanmaq istəyirsinizsə, sadəcə 10 AZN ödəməklə içəri girmək mümkündür. 6 yaşına qədər uşaqların girişi pulsuzdur. 10 AZN-ə kiçik yaşlı uşaqlar üçün hovuz, 4 sürüşkən, futbol meydançası, basketbol, çimərlik voleybolu, böyük tennis, badminton, uşaq şəhərciyi, böyüklər üçün yelləncəklər, Venetsiyada qayıq gəzintisi, həlqə, bilyard, 10 növ idman məşğələsi, uşaqlar üçün əyləncəli yelləncəklər daxildir.

Ödənişli əyləncələr isə aşağıdakılardır: kartinq, paintball, tir, internet klub, stolüstü xokkey, uşaqlar üçün elektron model maşınlar, gecə klubu, diskoteka (kənardan gələnlər üçün ödənişli giriş 5 AZN), gözəllik salonu, solarium, masaj, fin saunasıdır.

Məsələn, qoluna bir həftəlik tatu vurdurmaq istəyənlər üçünsə 5 AZN-dən 20 AZN-ə qədər seçimlər var.

Restoranda menyu qıtlığı, hovuzda qənaət prinsipi...

Uşaqların daha çox istifadə etdiyi hovuzlarda isə qənaət prinsipi hökm sürür. Gündə ən azı 1-2 saat işıqları kəsməklə hovuzlardakı attraksionlara fasilə verilir. Böyüklərin hovuzlarındakı bəzi əyləncə vasitələri - atrilər (iri döşəklər, oyuncaq “at”lar) isə ödənişlidir - yarım saatı 5 AZN.

İstirahətdən sonra bir nahar, şam etmək istəyənlər üçün də seçim imkanı boldur. Məkanların sayı çox olsa da, menyu sabitdir: lülə, tikə, basdırma... Və ya basdırma, lülə, tikə. Siz restoranların girişindəki iri menyu lövhələrinə aldanıb da içəri girənlərdənsizsə, əmin olun ki, ofisiant ancaq yuxarıda sadaladığım 3 kabab növünün adını çəkəcək və sizə “bunlar məsləhətdir” deyib məsləhət xarakterli diktələr edəcək. Burda da kabab qiymətlərinin şəhərdən fərqləndiyini demək olmaz. Əksər restoranlarda qiymətlər belədir: lülə (ət, toyuq) 4 AZN, tikə 4 AZN, basdırma(dana) 4.50 AZN, çolpa(təndirdə) 8 AZN. Siyahıda şorbaların, salatların yazılmasına əhəmiyyət verməyin, çünki onların hazır olanı heç vaxt olmur.
Və daha bir detal. Əgər siz menyuya baxıb, soyuq qəlyanaltıların qarşısında aşağı qiymət görürsüzsə, aldanmayın. Məsələn, xiyar-pomidor salatı üçün 1 AZN yazılırsa və sizin masanızda 5 nəfər varsa, siz o salat üçün ümumilikdə 5 AZN ödəyəcəksiniz. 5 dilim xiyar və 5 dilim pomidor - bir yeşik pomidor-xiyar qiymətinə satılır.

Amma burada qalanlar üçün İsveç masası seçimi var ki, yazılanlara inansaq, burda da normal qidalanmaq istəyənlər üçün xeyli seçim var.

“Rəhbərlik dəniz faktorunu nəzərə almalı, oranı yararlı hala gətirməlidir”

“Atlant”da istirahət edənlərin isə istirahət mərkəzi barədə fikirləri bir-birindən fərqlidir. Məsələn, burdan yerlə-göy qədər razılıq edən Nübar xanım son iki ildə istirahət üçün buranı seçir: “Mən Antalyada da, Bodrumda da olmuşam. Buranı artıq o yerlərə bənzədiblər. Üstəlik, yaxındır. Bir var sən burdan durub Antalyaya gedəsən, bir də var Bakıdan 2 saata gələsən bura. Özü də Türkiyəyə 1 həftəlik gedirsənsə, 2 gün - getdiyin və qayıtdığın gün istirahətdən sayılmır. Cəmi 5 gün istirahət edirsən. Üstəlik, bir nəfərlik Antalya istirahəti ən azı 600-700 manatdır. Burda isə bir nəfər həmin pula 10-15 gün qala bilir. Düzü, mənə bura sərf eləyir, hesablayanda görürəm ki, yaxşıdır. Onsuz da uşaq hovuzdan çıxmır. Başqa şeylər mənim nəyimə lazımdır? Bir tərəfi meşə, qarşıda dəniz...”

Amma ilk dəfədir “Atlant”ı seçən Jalə xanım narazılığını gizlətmədi: “Həmişə deyirlər ki, Nabranda dəniz də var, meşə də. Mən şəxsən burda dəniz-filan görmədim. Birincisi, dəniz burdan xeyli uzaqdır. İkincisi də, üzməyə yararlı deyil. Yolun o biri üzüdür, üstəlik, burdan ora ayaqla 15 dəqiqəlik yoldur. İstirahət mərkəzi rəhbərliyi nəzərə almalıdır bunu. Ora oturacaqlar qoymalı, servis təşkil etməlidir. Yoxsa ki, xlorlu suda nə qədər üzmək olar axı? Dəriyə də ziyandır, bronxlara da. Hamısı xəstəlikdir. İçəri girirsən, xlorun iyindən baş çatlayır. Özü də mən deyim ki, burda hovuzların təmizliyi də elə ideal deyil. Dünyanın bütün belə istirahət mərkəzlərində dəniz faktoruna önəm verirlər. Dəniz suyunun, ondakı mineralların, qumun yerini heç nə vermir”.

Jalə xanım mərkəz daxilindəki kafelərin də bahalığından şikayətləndi. Dedi ki, hovuz kənarında sadə, mürəbbəsiz çay istəsən, bu, sənə 5 AZN-ə başa gələcək. Mürəbbəli çay isə 8 AZN-dir: “Bapbalaca çaynikdir. İki-üç stəkan içən kimi qurtarır. Bunun maya dəyəri nədir ki, belə baha verirlər? Onsuz da içəridə hər şey bahadır də”.

Bu arada ötənilki durumla müqayisə edəndə görünür ki, rəhbərlik faktiki heç bir yenilik, təmir etməyib, yaxşı mənada dəyişikliyə yol verməyib. Necə deyərlər, köhnə hamam, köhnə tas. Tutaq ki, ötən il istifadəyə yararlı olan ayaqyolları artıq köhnəlib, təmirə ehtiyacı var, gigiyena haqda yüksək fikir söyləmək olmaz. Məsələn, uşaq hovuzlarının yanında şezlonqa uzananlar yaxınlıqda yerləşən ayaqyolundan gələn natəmiz qoxu ilə hovuzun xlorlu qoxusunun “sintezini” udmaq zorundadır.

Daha bir detal. Ötən il uşaq hovuzlarına yerləşdirdikləri pulsuz oyuncaqlar bu il yoxdur və sair. Yəni yaxşılığa doğru addım yerinə, geriyə bir addım atılıb. Bu arada... Sizə nə mərkəzin girişində, nə yeməkxanalarda, nə çayxanada ödədiyiniz hansısa məbləğin qarşılığında çek verməyəcəklər.

“Atlant”a gəlmək istəyənlər üçünsə yollar o qədər də qarışıq deyil. Maşınla gələnlər onsuz da Xaçmazın girişindən etibarən yolboyu Atlantın yönləndirici, iri elanları ilə qarşılaşırlar. Onların çaşıb başqa bir yerə getməsi mümkün deyil. Necə deyərlər, yollar birbaşa sözügedən istirahət mərkəzinə gətirir. Mərkəzə girib, dayanacağa da 1 AZN ödəyəndən sonra yazıda qeyd etdiyimiz məbləği ödəməklə ya birgünlük, ya da gecə də qalmaq şərtilə istirahət hüququ qazanmaq olar.

Avtobusla gəlmək istəyənlər üçün də durum sadədir. Bakı Avtovağzalında hər 15 dəqiqədən biri Xudata avtobuslar işləyir - 4 AZN-ə. Xaçmaz avtobuslarının qrafiki da intensivdir. Onun qiyməti isə 5-6 AZN-dir.
“Kitayski Antalya”da bir neçə saat...
“Kitayski Antalya”da bir neçə saat...
“Kitayski Antalya”da bir neçə saat...
“Kitayski Antalya”da bir neçə saat...
“Kitayski Antalya”da bir neçə saat...