Bakının yollarının bağlanması meyvələrin qiymətini artırıb
17-06-2015, 10:13
Oxunub: 5 701
İqtisadçı ekspert: “Bütün sahələrdə bundan sonra da qiymət artımı gözləniləndir”
Hər kəs yayın gəlişini səbirsizliklə gözləyirdi ki, mövsümi meyvələr artıq yetişəcək və qiymətləri nisbətən ucuz olacaq. Bir müddət əvvələ qədər bu ucuzlaşma müəyyən qədər müşahidə edilsə də, bu uzun çəkmədi. Hazırda bazarlardakı vəziyyət belə deməyə əsas verir.
Bazarlarda meyvə bolluğu olsa da, bir həftə əvvələ qədər 2-3 manata satılan gilas indi 3 manat 50 qəpik-5 manat arası, 3 manata satılan ərik 4-5 manata, 1 manat 50 qəpik- 2 manata satılan alça 3 manata, çiyələk 3-5 manat arası, şaftalı 4 manata, alama 2-3 manata, armud 4-5 manata satılırdı. Satıcılardan meyvələrin qiymətini birdən-birə artırmalarının səbəbini soruşduqda onlar bunu əsasən iki amillə izah etdilər.
Birincisi, rayonlardan paytaxta meyvələrin gətirilməsi Avropa Oyunları ilə əlaqədar məhdudlaşdırılıb. İlkin səbəb isə bu il məhsuldarlığın azlığıdır.
Qeyd edək ki, meyvələrdəki qiymət artımını yalnız bazarlarda deyil, meyvə-tərəvəz mağazalarında da müşahidə edilir. Ancaq mağazalarda satıcıların bəziləri bir sıra meyvələrin qiymətini sırf turistlərə görə artırdıqlarını deyirdilər. Satıcılardan ölkəmizdə qonaq olan turistlərin daha çox hansı meyvələri aldığını soruşduq. «Nərimanov» metrosu yaxınlığındakı meyvə- tərəvəz mağazasının satıcısı Vüqar Qurbanov turistlərin daha çox gilas aldığını və narla maraqlandığını dedi: “Turistlər daha çox gilas alırlar. Onlara tanış olmayan meyvələrdən daha çox dadmağa çalışırlar. Bir də narı soruşurlar”.
İqtisadçı ekspert Samir Əliyev meyvələrin qiymətinin artmasına bir neçə amilin səbəb olduğunu dedi: “Yay fəsli hələ gəlməsə də artıq meyvələr yetişib. Meyvələrin qiymətinin baha olmasına səbəb isə məhsuldarlığın aşağı olması ilə bağlıdır. Yəni bir sıra meyvələr var ki, onların məhsuldarlığı həddindən artıq aşağıdır. Məsələn, ərik, gilasın məhsuldarlığı aşağıdır. Bir sıra rayonlarda hava şəraitinin əlverişsiz olması məhsuldarlığı aşağı saldı və itkilərə səbəb oldu. Bu gün paytaxtın meyvə-tərəvəz təminatı rayonların hesabına doldurulur. Bilirsiniz ki, mayın axırından başlayaraq Bakıya rayon maşınlarının, xüsusilə də yük maşınlarının daxil olması qadağan edilib və yaxud da ki, məhdudlaşdırılıb. Bu da problem yaradır. Belə ki, artıq fermer, kəndli özü məhsulunu gətirməkdə maraqlı olmur. Məhsulunu hansısa şirkətlərə və yaxud da vasitəçilərə verir. Vasitəçilər də bundan istifadə edərək qiymətləri qaldırır”.
İqtisadçı ekspert Avropa Oyunları ilə bağlı atılmış müəyyən addımların da qiymət artımına səbəb olduğunu bildirdi: “Düşünürəm ki, Avropa Oyunları ilə bağlı atılmış addımlar, yəni məhdudlaşdırıcı tədbirlər qiymət artımını şərtləndirən amillərdən biridir. Onu da qeyd edim ki, əgər Avropa Oyunları olmasaydı belə qiymət artımı olacaqdı. Düzdür, bu indiki səviyyədə yox, cüzi miqdarda olacaqdı. Devalvasiyadan sonrakı prosesləri nəzərə alsaq, qiymət artımının getdikcə baş verdiyini görərik. Ümumiyyətlə, bütün sahələrdə bundan sonra da qiymət artımı gözləniləndir”.musavat.com
Çox Oxunanlar
- 14-09-2024, 17:58 : Ordumuzun əsgəri bədbəxt hadisə nəticəsində həyatını itirdi
Xəbərlər / Ölkə
- 21-09-2024, 18:46 : Antoni Blinken Azərbaycan xalqını təbrik edib
Siyasət / Xəbərlər
- 28-09-2024, 16:52 : DİQQƏT- Bu yolda avtobus zolağı ləğv olunur
Xəbərlər / Ölkə
- 5-10-2024, 17:56 : Bakı-Qazax yolunda ağır yol qəzası olub
Xəbərlər / Ölkə
- 18-09-2024, 17:56 : ÇL oyunlarına baxmaq istəyənlərin NƏZƏRİNƏ
İdman / Xəbərlər
- 16-09-2024, 17:57 : Sərhəddə atışma olub- Erməni hərbiçilər...
Dünya / Xəbərlər
- 7-09-2024, 16:21 : Daha bir cüdoçumuz finala yüksəlib
İdman / Xəbərlər
- 7-09-2024, 14:16 : Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazandı
İdman
- 14-09-2024, 17:15 : Türkiyə gözəlindən TƏNQİDLƏRƏ CAVAB
Şou-Biznes
- 14-09-2024, 14:29 : Formula-2: Bakıda sprint yarışı start götürdü
İdman