BolgeXeber.Com » İqtisadiyyat » Dünyanın aparıcı enerji şirkətləri Azərbaycanla əməkdaşlıq etməyə çox maraqlıdırlar

Dünyanın aparıcı enerji şirkətləri Azərbaycanla əməkdaşlıq etməyə çox maraqlıdırlar

19-03-2022, 18:36
Oxunub: 2 760  Geosiyasi ədəbiyyatda hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyinin mühüm tərkib hissələrindən biri kimi dəyərləndirilir. Enerji təhlükəsizliyi dedikdə, bütün ölkənin, onun vətəndaşlarının, cəmiyyətin, iqtisadiyyatın yanacaq və enerji təchizatı vasitəsilə xarici və daxili təhdidlərdən müdafiəsi nəzərdə tutulur.
Son dövrlərdə baş verən hadisələr enerji təhlükəsizliyinin nə dərəcədə vacib olduğunu bir daha hər kəsə nümayiş etdirdi. Rusiya-Ukrayna müharibəsi fonunda baş verənlər, o cümlədən neft və qaz qiymətlərinin kəskin artımı bu mənada xüsusi diqqət yetirilməli olan əsaslı faktdır. Avropa Birliyinin qaza olan tələbatının 42 faizini ödəyən Rusiyanın, Avropanın birbaşa dəstəyini qazanmış Ukrayna ilə savaşı Avropanı olduqca çətin sınaqla üz-üzə qoydu. Əlbəttə ki, Avropa Ukraynanı açıq şəkildə dəstəkləyir amma digər bir tərəfdən öz vətəndaşlarını enerji ilə təmin etmək hər bir dövlətin əsas vəzifələrindən biridir. Bu mənada Rusiya qazından asılılıq hələ də Avropa ölkələri üçün böyük bir təzyiq vasitəsi kimi qalmaqdadır. İş hətta o yerdədir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Avropanı qazın qiyməti ilə hədələyərək Avropanın min kubmetr qaz üçün 2000 avro ödəməli olacağını bildirmişdi. Şimal qonşumuz ən çox neft istehsal edən ölkələrdən biri olduğu üçün qlobal neft-qaz bazarına ciddi təsir göstərir və Avropa da çoxdan bildiyi bu reallıqla hazırda yenidən üzləşməkdədir. Beləliklə, ölkələr üçün enerji təhlükəsizliyi təminatı hər dövrdə olduğu kimi bu dövrdə də olduqca aktualdır. Bu mənada ölkəmizin də 2030-cu il üçün qarşıya qoyduğu milli prioritetləri arasında “yaşıl artım” ölkəsi hədəfinin olması heç də təəccüblü deyil. Enerji resursları ilə zəngin olmasına və dünyada ixracatçı kimi tanınmasına baxmayaraq, Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. 2022-ci il isə bu mənada xüsusi diqqətə layiqdir. İlin əvvəlindən energetika sahəsində çox önəmli addımlar atılmaqdadır. İlk öncə, 13 yanvar 2022-ci il tarixdə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının və ötən gün Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimləri keçirilib. Hər iki layihə ölkəmiz üçün olduqca vacibdir. Bu layihələr Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcəkdir. Eyni zamanda da ixrac potensialının artmasına da şərait yaradacaqdır.
15 mart 2022-ci il tarixdə Gülüstan sarayında ölkə başçımızın iştirakı ilə təməli qoyulan layihənin texniki tərəfləri ilə bağlı qısa məlumat vermək istərdim. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin 18 ay ərzində həyata keçirəcəyi Qaradağ Günəş Elektrik Stansiyasının ümumi dəyəri 225 milyon ABŞ dollarıdır. İllik 500 milyon kVt/saat elektrik enerjisi istehsal ediləcək GES sayəsində 110 milyon kubmetr qaza qənaət ediləcək, 200 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısı alınacaq. Ümumilikdə 110 min evin enerji ilə təmin edilməsi üçün imkan yaradacaq layihənin inşası dövründə 700-dən artıq, stansiyanın istismarı zamanı isə 25-dən artıq daimi iş yeri yaradılacaq.
Ölkə başçımız təməlqoyma mərasimindəki çıxışı zamanı Azərbaycanda bərpaolunan enerji növlərinin böyük potensialının olduğunu vurğulamış, bu potensialın işğaldan azad edilmiş ərazilərdə olduğunu qeyd etmişdir. Əlavə olaraq, ölkə başçımız tərəfindən azad edilmiş ərazilərdə BP şirkəti ilə birlikdə layihənin həyata keçirilməsi məqsədilə danışıqların getdiyi vurğulanmışdır. Ümid edirik ki, bu və daha bir çox bərpa olunan enerji layihələri reallaşar və ölkəmizin qarşıya qoyduğu 2030-cu ilə qədər bərpaolunan enerji sahəsində quraşdırılmış güclərin 30 faizə qədər artırılması kimi mühüm məqsədlər həyata keçirilər. Çünki, bərpaolunan enerjidən istifadə artıq qlobal bir trenddir. İstər ekoloji töhfələr baxımından, istərsə də tükənən resurslardan istifadənin daha qənaətli bir rejimdə istifadəsi baxımından bərpaolunan enerji mənbələrindən istifadə çox zəruridir. İqlim dəyişikliyi ilə mübarizədə bərpaolunan enerjiyə keçidin vacibliyi isə müqayisəyəgəlməzdir. Azərbaycan da öz növbəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə qlobal çağırışlara cavab verən bir ölkə kimi artıq bu istiqamətdə öz fəaliyyətini qurmuş və fəaliyyətə başlamışdır.
 
Aydın Bağırov,
Sabirabad rayonu Cavad kənd 2 saylı tam orta məktəbinin direktoru