BolgeXeber.Com » Analitika » İgidlər diyarı, dirçəlişin mübarək!

İgidlər diyarı, dirçəlişin mübarək!

20-11-2023, 15:47
Oxunub: 1 576
İgidlər diyarı, dirçəlişin mübarək!

Nə qədər incisən, küssən də yenə
Dur aç qollarını, gəlirəm Ağdam!
Dizin-dizin sürünəcəm qoynuna,
Sənə sarılmaqçün ölürəm, Ağdam!

20 noyabr 2020-ci il. İllər sonra Ağdamla açılan ilk səhərimiz oldu. Uzun çəkən ayrılığın son dəqiqələri idi. Cənab Ali Baş Komandanımız bizə həmin səhər illərdir gözlədiyimiz sevincli xəbəri verdi:
“Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız.”
Göz yaşları ilə izlədik bu xəbəri. İllər boyu çəkdiyimiz həsrətin göz yaşları idi bu yaşlar. Qarabağın gözü olan Ağdam artıq azad idi.
Ağdam işğaldan azad olunduqdan sonra bir neçə dəfə doğma vətənimi ziyarət etdim. Hər dəfə məndən keçirdiyim hissləri soruşurdular.
İllərlə xatirələrdə yaşayan Ağdama hər dəfə qürur, sevinc, həyəcan, xoşbəxtlik və içimdəki o təlatüm hissi ilə getdim. Necə ki, biz illərlə ana yurdun həsrətini çəkdik, eləcə də Ağdam doğma övladlarını illərlə gözlədi.
Sətirlərə sığmayan sözlərlə yazaram...Danışaram sizə..İllər sonra doğma yurduna qayıdıb öz evini tapmamaq hissindən... Bir daş parçasından təsəllli almağın necə ağrılı olduğundan uzun-uzun danışaram..
Görəsən bu qədər ağrı-acının qarşısında necə məğrur, qürurlu dayandı, Ağdamım mənim!
Ağdamın azadlığından bir neçə gün sonra, noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olarkən 27 ildən sonra doğma torpağımızda dövlət bayrağımızı qaldırdı. Bu görüntüləri hər kəs qürur və böyük sevinc hissləri ilə izlədi.
Bəli, 30 il ərzində erməni vəhşilərinin daşı-daş üstündə qoymadığı, torpağını belə yandırdığı, görənlərin dəhşətlə "Qafqazın Xirosiması" adlandırdığı Ağdamda illər boyu yer üzündə misli görünməmiş vandalizm törədildi. Ancaq düşmən bir şeyi unutdu. Ağdamın parçalanmış daşı da doğmadır bizə.
31 iyul 2023-cü ildə Dövlətimizin başçısı cənab İlham Əliyevin sərəncamı ilə 20 Noyabr – Ağdam Şəhəri Günü elan edilib. Bu il ilk dəfə noyabrın 20-ni Ağdam Şəhəri Günü kimi qeyd edəcəyik. Bu gözəl gün üçün bir daha möhtərəm Prezidentimizə minnətdarlığımızı bildiririk.
Əlbəttə ki, Zəfərə gedən yolumuz asan olmadı. “Torpaq əgər uğrunda ölən varsa, vətəndir” deyirlər. Torpaqlarımızın azadlığı uğrunda minlərlə şəhid verdik... Əsarətdə qalan torpaqlarımızın qisası alındı. 44 günün ərzində hər gün bizim üçün Zəfər günü oldu. Müqəddəs torpaqlarımızı qarış - qarış azad etdi igidlərimiz. Hər bir qarış torpağımız şəhid qanı ilə suvarıldı.
Cənab Prezidentimiz hər dəfə işğaldan azad olunan kəndlərin, rayonların xəbərlərini bizə çatdırdıqca, qələbəyə inamımız daha da artdı...
Son üç il ərzində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Ağdam rayonunda səfərdə olublar, orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olublar. Rayonda bir çox tədbirlərdə və yeni-yeni bir çox açılış mərasimlərində iştirak ediblər.
Belə ki, bu il mayın 2-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər. Dövlət başçısı “Azərişıq” ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoyub. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin, Ağdam şəhərində salınacaq 2-ci və 3-cü yaşayış məhəllələrinin, Ağdam şəhərində inzibati binanın təməlini qoyublar. Daha sonra dövlət başçısı Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olub.
2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.
Hazırda Ağdamda bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, şəhər dirçəldilir. İndi yenidən qurulmaqda olan şəhər özünün əzəli sakinlərinin - ağdamlıların yolunu gözləyir.
Qarabağ həsrətimizə son qoyan, bizi doğma torpağımıza qovuşduran cənab Ali Baş Komandamız başda olmaqla, Müzəffər Ordumuza minnətdarıq.
Azərbaycanımıza CAN deyib, öz canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. Bundan sonra da “Dəmir Yumruq” birliyini heç kim poza bilməz.
Azadlığın bir daha, bir daha mübarək, doğma torpaq!
Yaşasın Azərbaycan, Qarabağ Azərbaycandır!”

Fidan Nəsirli- Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi.