BolgeXeber.Com » Media » Daha bir baş redaktora həbs təhlükəsi

Daha bir baş redaktora həbs təhlükəsi

19-08-2011, 18:55
Oxunub: 4 588 Şirin Cəfəri barəsində cinayət işi başlanıb.

Azərbaycan Mətbuat Şurasının "Qara Siyahısı"na daxil edilmiş "Gündəm xəbər" qəzetində şəxsi həyatın toxunulmazlığı prinsiplərinə laqeyd yanaşıldığına, səhifələrində insanların şərəf və ləyaqətini ləkələyən məlumatlar yayıldığına, "Jurnalistlərin peşə davranışı qaydaları"nın mütəmadi pozulduğuna görə müvafiq tədbirlər görülməsi barədə Şuranın müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindin yaydığı məlumata görə, "Gündəm xəbər" qəzetinin təsisçisi Cəfəri Şirin Abbasqulu oğlu tərəfindən "Kütləvi informasiya vasitələri haqqında" Qanunun tələbləri kobud surətdə pozulmaqla yanaşı, eyni zamanda vergi qanunvericiliyinin tələblərinə də əməl olunmayıb. Belə ki, vergi ödəyicisi kimi verginin hesablanması üçün zəruri olan hesabatlar tərtib olunmayıb, qanunvericilikdə nəzərdə tutulmuş qaydada mühasibat uçotu aparılmayıb, o cümlədən dərc olunmuş tirajın sayı göstərilməyib, nağd pul hesablaşmalarının aparılması qaydaları pozulub və beləliklə külli miqdarda, yəni 68.244 manat məbləğində vəsait vergidən yayındırılıb.

Faktla bağlı qəzetin təsisçisi Şirin Cəfəri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində iş üzrə istintaq davam etdirilir.