BolgeXeber.Com » Media » Inqilab Bakıya gələcəkmi?

Inqilab Bakıya gələcəkmi?

23-02-2011, 23:50
Oxunub: 4 194
Ərəb dünyasındakı "domino" effektli inqilablar neçə vaxtdır Bakıda da müzakirə olunur.

İnqilab arzusu ilə yaşayanlar var. Azdırlar. Zəifdirlər. Satılmağa və bir-birini satmağa hazırdırlar. Amma onlar var. Az da olsa var. Bəs onların varlığı təhlükəlidirmi? Məncə yox. Heç kim inqilab gözləməsin. O Bakıya gəlməyəcək. Bunu ilk növbədə Qərb istəmir, sonra isə Rusiya. Başqa səbəblər də var. Müasir azərbaycanlı inqilabçı deyil. İnqilabın hərəkətverici qüvvəsi həmişə gənclər və ortayaşlı insanlar olub. Bu günki Azərbaycan gəncliyi təkcə Facebookdakı gənclərdən ibarət deyil. Bu günki Azərbaycan gənclərinin əksəriyyəti Facebookda deyil, mail.ru agentdə, sevirəm.biz və s. çatlarda, wap saytlarda çatlaşmaqla məşğuldur, Azərbaycan gəncliyi mail.ru-da videoçatda rus qızlarını soyundurmaqla, küçədə qız dalınca düşüb avara-avara gəzməklə, evdən aldığı pulla bazlıq etməklə inqilab edəcək? Facebookdakı gənclikmi edəcək inqilabı? Facebook artıq özü də bir tanışlıq və əyləncə məkanına çevrilməyibmi? Bundan əlavə Facebookdakı Azərbaycanlı siyasi cəhətdən fəal gənclərin əksəriyyəti icazəsiz etiraz aksiyalarında həbs olunub və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etmək üçün razılıq verib. Ona görə də imkan düşən kimi bir-birlərini ayağa verəcəklər. Elə liderlər, qəzetlərdən boy verən tanınmış imza sahibləri də həmçinin. Ya satılıblar, ya da satılmağa hazırdırlar. Ev veriləcəyi barədə xəbər yayılanda nə qədər adam dilini şirin elədi? Bu təbiidir. Azərbaycanlı üçün bir qayda var. Təhsil almaq, iş tapmaq, sonra evlənmək, ailə, uşaq sahibi olmaq və ev qurmaq.

İndi Azərbaycanda tək-tük adam tapmaq olar ki, hakimiyyətdən narazı olsun,amma banka borcu olmasın. Kreditlə qızıl alıb, kreditlə toy edib, kreditlə cehiz alır, qız köçürür, oğul evləndirir, kreditlə ev alıb onları yerləşdirir, ya da qanunsuz bir torpaq sahəsi tutub orda ev tikirlər. Əllərdə gəzdirilən telefonlardan tutmuş, sürülən maşınlara qədər hər şey kreditdədir. İnqilab üçün küçəyə çıxanın paltaryuyan maşınının, telefonunun, evinin kreditini kim qazanıb verəcək? Birdən inqilab baş tutmasa küçəyə çıxan, dərs buraxan tələbəni kim ali məktəbə bərpa edəcək? Hakimiyyətə qarşı çıxıb işini itirən insanları liderlər qoyub qaçandan sonra işlə kim təmin edəcək, onların ailəsini kim saxlayacaq? Belə yerdə inqilabın nə iti azıb?

Xanlar XOCA