BolgeXeber.Com » Xəbərlər » Şirvanda faciə gözlənilir

Şirvanda faciə gözlənilir

21-05-2015, 14:37
Oxunub: 4 130 Şirvanda faciə gözlənilirOnlarla ailənin yaşadığı binada aparılan qanunsuz tikinti işlərinə niyə "dur" deyən yoxdur?

Müalicə-Diaqnostika Mərkəzinin Günel adlı işçisinin şəxsi maraqları sakinlərin həyatına ciddi təhlükə yaradıb

Sovet dövründə tikilmiş binalarda əlavə dəyişikliklərin aparılması, artırmaların edilməsi, eyvan çıxarılması bu gün ciddi problemə çevrilib. Hazırda bəzi iş adamları öz biznes maraqlarını təmin etmək üçün köhnə binaların birinci mərtəbəsini, yaxud zirzəmisini alaraq müəyyən qanunsuz tikinti işləri aparırlar. Belə olan təqdirdə həmin binaların özülü sarsılır və orada yaşayan sakinlərin həyatı risk altına düşür.

Qeyd edək ki, əlavə artırmaların edilməsi bəzi hallarda texniki baxımdan təhlükəli olur. Hazırda çoxmərtəbələrdə müdaxilə mümkün deyil, daha çox 5-9 mərtəbə binalarda bu hallara rast gəlinir. "Şəhərsalma və tikinti" məcəlləsinin 7-ci fəslində, "Şəhərsalma məqsədilə abadlaşdırma tədbirləri"ndə belə bir bənd var. Orada göstərilib ki, abadlıq məqsədilə aparılan hər bir təmir mənzil mülkiyyətçiləri ilə müzakirə olunmalı və razılaşdırılmalıdır. Binanın dayanıqlılığına təsir göstərə bilən, yükdaşıyan konstruksiyanın deformasiyası üçün şərait yaradan hallar baş verirsə, bu tikintinin aparılması qadağan olunmalıdır. Digər tərəfdən, binanın qarşısında həddən artıq artırma edəndə, o binanın mənzillərinə təbii günəş şüaları düşmür. Xatırlayırsınızsa, ötən saylarımızdan birində Şirvan şəhərində bir qrup sakinin həyatı üçün yaranmış təhlükəli vəziyyət haqqında xəbər vermişdik. Belə ki, Şirvan şəhər Müalicə-Diaqnostika Mərkəzinin Günel adlı işçisi Sovet dövründə tikilmiş binanın bir və ikinci mərtəbəsini alaraq burda göz klinikası açmaq istəyir. Hətta bu məqsədlə sözügedən binada müxtəlif qanundan kənar tikinti işləri də aparılıb. Şikayətçilərin dediyinə görə, binanın alt hissəsindəki əsas sütun dayaqların bir neçəsi sökülüb. Redaksiyamıza daxil olan məlumatlarda bu xanımın qanunsuz işlər görməsinə Fövqəladə Hallar Nazirliyinin Şirvan şöbəsinin Maqsud adlı əməkdaşının köməklik göstərdiyi bildirilirdi. Açığı biz gözləyirdik ki, problem qəzet səhifəsində işıqlandırılandan sonra aidiyyəti qurumlar dərhal hərəkətə keçəcək və Şirvan Müalicə-Diaqnostika Mərkəzinin işçisinin gördüyü özbaşına işlərə son qoyulacaq. Təəssüf ki, bu şəxsin barəsində hələlik heç bir cəza tədbiri görülməyib. Dünən şəhərdəki mənbələrdən aldığımız son məlumatlara görə, Günel xanım heç nəyə və heç kimə məhəl qoymadan öz bildiyi işləri davam etdirir: "Bu yaxınlarda öyrənmişik ki, diaqnostika mərkəzinin əməkdaşı həmin binanın ikinci mərtəbəsini də alıb. Onun burda böyük göz klinikası açmaq fikri var. Ətraf rayonlardan da xəstələrin klinikaya cəlb ediləcəyi gözlənilir. O, aldığı ikinci mərtəbənin artıq bir hissəsini sökdürüb. Bu isə təhlükənin daha da böyüməsinə səbəb olub. Çünki binanın dayanıqlılığını təmin edən sütunlar tamamilə dağıdılıb. Binada yaşayan sakinlər səksəkə içindədir. Hətta bəzi vətəndaşlar qorxudan evlərinə girə bilmir. Hər dəqiqə uçqun hadisəsi qeydə alına bilər. Qanunsuz tikintini dayandırmaq Fövqəladə Hallar Nazirliyinin səlahiyyətindədir. Sakinlər yaşanan problemlə bağlı nazirliyin müvafiq şöbələrinə müraciət edib, hələ ki, heç bir cavab verilməyib. Diaqnostika Mərkəzinin xanım əməkdaşının şəxsi biznes layihəsi onlarla ailənin mənzilsiz qalmasına gətirib çıxara bilər. Şirvan Şəhər İcra Hakimiyyətinin nümayəndələri də məsələyə mütləq münasibət bildirməlidir. Bu qədər şikayətə və etiraza baxmayaraq, Günel xanım tikintini dayandırmır. Deyir ki, mən kimlərisə "görüb" iş aparıram. Kiminsə pulu çoxdur deyə camaatın həyatını təhlükə altına atmalıdır? O Şirvan Müalicə-Diaqnostika Mərkəzində işləyir və dövlətdən hər ay əməkhaqqı alır. Bildiyim qədərilə onun maaşı elə də yüksək deyil. Onda sual yaranır: bu adam göz klinikasını hansı vəsaitlə açır? Ya hazırkı işində şəffaf işləmir, ya da başqa maliyyə qaynağı var. Ancaq istənilən halda, binada aparılan qanunsuz tikinti işləri dərhal dayandırılmalıdır. Vətəndaşların həyatı ilə oynamaq olmaz". Diqqətinizə çatdırmaq istəyirik ki, problemlə bağlı ilk yazı dərc olunan vaxt Günel xanımın münasibətini öyrənməyə çalışmış, amma buna nail olmamışdıq. Bu dəfə də eyni hal yaşandı. Onunla əlaqə yaratmaq cəhdlərimiz boşa çıxdı. Ümidvarıq ki, Fövqəladə Hallar Nazirliyinin və Şirvan Şəhər İcra Hakimiyyətinin rəsmiləri məsələni tezliklə araşdıracaq və binanın daxili hissəsinə qanunsuz tikinti müdaxiləsi edən xanım cəzalandırılacaq.gundelik-baku.com

Qarşı tərəfi də dinləyə bilərik.