BolgeXeber.Com » Xəbərlər » Şamaxının səfalı yerlərini hansı məmurlar özəlləşdirib?

Şamaxının səfalı yerlərini hansı məmurlar özəlləşdirib?

21-05-2015, 15:41
Oxunub: 5 332 Şamaxının səfalı yerlərini hansı məmurlar özəlləşdirib?ARDNŞ-in rəhbər şəxslərindən birinin çətiri altına sığınan Asif Ağayev etimadı doğrulda bilmir

Rayonda mövcud olan çoxsaylı problemlərin səbəbkarı kimi icra başçısı göstərilir

Şamaxı Azərbaycanın ən dilbər guşələrindən biri hesab olunur. Zəngin təbiətə malik olan rayon həm yerli, həm də xarici turistlərin diqqətini cəlb edir. Fikirləşə bilərsiniz ki, turizm potensialı yüksək olan rayonda əhalinin dolanışığı da normal olar, amma heç də belə deyil. Təxminən iki il öncə Şamaxı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edildi. Prezidentin müvafiq sərəncamı ilə Asif Ağayev rayona başçı göndərildi.

Buna qədər isə rayonda bir sıra sosial problemlər hökm sürürdü. Yerli sakinlər başçı dəyişikliyindən sonra vəziyyətin düzələcəyinə ümid bağlayırdı. Lakin sən saydığını say, gör təzə icra başçısı nə sayır. Bu təyinatın üstündən bir neçə ay keçdikdən sonra rayon rəhbəri ilə bağlı səsləndirilən şikayətlər bir-birini əvəz etməyə başladı. Bu haqda bir qədər sonra geniş məlumat verəcəyik. Qısaca olaraq bildirmək istəyirik ki, rayonu bərbad hala salan

Ağayev Asif Əzizağa oğlu 1961-ci ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olub. 1988-ci ildə V.V.Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunu inşaatçı-mühəndis ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1979-cu ildə Sabirabad kolxozlararası tikinti idarəsində fəhlə kimi başlayıb. Sonralar "ŞelfLahiyəTikinti" İstehsalat Birliyinin 1 saylı Tikinti Quraşdırma İdarəsində usta, Azərbaycan Qaçqınlar Komitəsinin Sabirabad rayon 4 saylı SMD-də mühəndis, iş icraçısı, "ŞelfLahiyəTikinti" İstehsalat Birliyinin 1 saylı Tikinti Quraşdırma İdarəsində Plan, iqtisad və əmək haqqı şöbəsinin mühəndisi, ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyində baş direktorun əsaslı tikinti üzrə müavini, Xəzər Dəniz Neft Donanmasında ümumi məsələlər üzrə rəis müavini, "Neft Kəmərləri" İdarəsində tikinti və təmir üzrə rəis müavini vəzifələrində işləyib. 15 fevral 2013-cü il tarixdən Şamaxı Rayon İcra Hakimiyyətinə rəhbərlik edir. Özəl mənbələrdən aldığımız bilgilərə görə, sözügedən şəxs icra başçısı təyin olunar-olunmaz ilk növbədə şəxsi maraqlarını təmin etməyə başlayıb. Başqa sözlə desək, yerli əhalini illərdir narahat edən problemlərin həlli istiqamətində cəhd belə göstərilməyib. Məlumatlı mənbənin sözlərinə görə, icra başçısı əsas biznes hədəfi kimi istirahət güşəsi kimi tanınan Pirqulu dağının ətrafını seçib: "O iki il ərzində bir neçə istirahət mərkəzi və ticarət obyekti tikdirməyə fürsət tapıb. Asif Ağayev Şamaxıya icra başçısı təyin olunandan sonra camaatın torpağına də əl qoymağa başladı. Örüş yerlərinin yetərli hissəsi qeyri-qanuni şəkildə zəbt olunub. Bu sahələrin təyinatı qanundan kənar yollarla dəyişdirilərək ayrı-ayrı iş adamlarına satılıb. Rayonun rəhbəri dəyişəndən sonra bəzi məmurların Şamaxıya marağı da artıb. Həmin şəxslər məhz icra hakiminin dəyişməsindən sonra rayona iri sərmayələr yatırmağa başlayıblar. Hazırda rayonun turizm üçün əlverişli olan bölgələrində qızğın tikinti işləri gedir. Bu yerlərdə boş torpaq sahəsi tapmaq qeyri-mümkündür. Pirqulu dağının ətəyində torpağın qiyməti Bakıdan da bahadır. Başçının əsas diqqəti ancaq belə işlərə yönəlib. Əhalinin üzləşdiyi problemlər, rayonda sosial-iqtisadi vəziyyətin ağırlığı onu qətiyyən ilgiləndirmir. Məhz buna görədir ki, Şamaxının bəzi mərkəzi küçələri istisna olmaqla əksər kəndlərdə acınacaqlı durum yaşanır. Kənd yolları istifadəyə tam yararsız vəziyyətdədir. Ucqar dağ kəndlərində yaşayış, ümumi vəziyyət daha ağırdır. Köhnə başçının dövründə yaranan problemlər bu gün daha da dərinləşməkdədir. Yerli idarə və müəssisə rəhbərləri hərəsi bir tərəfdə mənimsəmə ilə məşğul olur. Rayonun büdcəsi əməlli-başlı dağıdılır. Yeni icra başçısı gələndən sonra prezident bir neçə dəfə rayonda abadlıq-quruculuq işlərinin həyata keçirilməsi məqsədilə vəsait ayırıb. Ancaq həmin pulların hansı işlərə xərclənməsi barədə yerli camaata hesabat açıqlanmır. Bu bir yana qalsın, icra hakimi işsizlik probleminin aradan qaldırılması üçün də bir çarə fikirləşmir. Uzun illərdir ki, Şamaxıda işsizlik əsas problemlərdən biri olaraq qalır. Buna görə də vətəndaşların müəyyən hissəsi çörək dalınca xarici ölkələrə, yaxud paytaxta üz tuturlar. Halbuki, rayonda hər il yeni iş yerləri açılır. Təəssüf ki, adamı, belə desəm daydayı olmayanlar bu iş yerlərində çalışa bilmirlər". Verilən məlumata görə, sahibkarların fəaliyyəti üçün də münbit şərait yoxdur: "Məmur yerli iş adamlarını qanunsuz olaraq müxtəlif layihələrin icrasına cəlb edir. Bu hal iş adamlarını qane etməsə də, Asif müəllimin təklifi ilə razılaşmağa məcburdurlar. Əks halda, icra hakimi onlara elə problemlər yaradır ki, bu sahibkarlara baha başa gəlir". Aldığımız informasiyada həmçinin Şamaxıda aparılan "yaşıl soyqırımın"dan da bəhs edilir: "Bildiyiniz kimi, rayonun ərazisində böyük meşə massivləri var. Son illər meşələr amansızcasına məhv edilir. Bəzi işbazlar çoxillik, eyni zamanda qiymətli ağacları qıraraq mebel biznesində xammal kimi istifadə edirlər. Başçı isə bu tip qanunsuzluqlara göz yumur. Avaxıl ətrafında yerləşən meşələr, mənzərəli ərazilər imkanlı şəxslərə, həmçinin başqa-başqa məmurlara verilib. Asif Ağayevin fəaliyyətini düzgün təşkil etməməsi rayonda hər bir sahəyə mənfi təsir göstərib. Təhsil, səhiyyə, aqrar, mədəniyyət və turizm sektoru bərbad haldadır. Rayona ayrılan subsidiyaların xərclənməsində müəmmalı vəziyyət müşahidə olunur. Kənd təsərrüfatı sektorunun dirçəldilməsi üçün rayona bir neçə dəfə maliyyə yardımı ayrılıb. Buna baxmayaraq, külli miqdarda vəsait kimlərinsə şəxsi mənafeyi naminə istifadə edilib. Bundan başqa, rayon ərazisində həyata keçirilən tikinti, abadlıq və yaşıllaşdırma işlərinin hesabına böyük miqdarda büdcə vəsaiti göyə sovrulur. Bu işlərin hamısı icra hakiminə yaxın şirkətlər tərəfindən aparılır. Əksər hallarda isə layihələr həmin şirkətlərə tender keçirilmədən verilir. Bu, birbaşa qanun pozuntusudur. Şamaxının mərkəzi küçələrindəki səkilərin örtüklənməsi və rayon kəndlərindəki məktəblərin dam örtüyünün dəyişdirilməsi əməliyyatında iştirak edən şirkətlərin də rayon rəhbərinə yaxın olduğu bildirilir".

Qeyd edək ki, Asif Ağayev ARDNŞ rəhbərliyində təmsil olunan şəxslərdən birinin kadrı hesab edilir. Deyilənə görə, adıçəkilən məmur Neft Şirkətində çalışdığı vaxtlarda adı milyonluq işlərə qarışıb. Bu və digər maraqlı faktlar, o cümlədən ARDNŞ-in vitse-prezidenti Mikayıl İsmayılovun Şamaxı problemleri barədə yaxın günlərdə araşdırma yazısı dərc edəcəyik. Bizi izləməyi unutmayın.
gundelik-baku.com

Yazıda qeyd olunan məsələlərlə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq.