BolgeXeber.Com » Xəbərlər » Sabunçunun icra başçısı yüzlərlə insanın həyatını təhlükəyə atıb - İDDİA

Sabunçunun icra başçısı yüzlərlə insanın həyatını təhlükəyə atıb - İDDİA

9-06-2015, 15:59
Oxunub: 3 696  Sabunçunun icra başçısı yüzlərlə insanın həyatını təhlükəyə atıb - İDDİA"Sabah bu ərazidə yanğın, yaxud digər xoşagəlməz hadisələr baş versə, dəhşətli problem yaşana bilər"

Ölkə rəhbərliyinin qanunsuz aparılan tikinti işlərinə və ağacların qırılmasına qarşı sərgilədiyi mövqe göz qabağındadır. Prezident İlham Əliyev bir müddət əvvəl Səbail rayonunda yerləşən "Dostluq" parkının ərazisində qeyri-qanuni olaraq tikilən villaların sökülməsi barədə göstəriş verməklə bu sahədə nə qədər tələbkar olduğunu bir daha göstərdi.

Əfsus ki, bəzi yerli icra hakimiyyəti orqanlarının rəsmiləri və iş adamları əksər hallarda qadağalara məhəl qoymayaraq öz bildikləri kimi hərəkət edirlər. Bunun nəticəsində isə həm insanların etirazını qazanırlar, həm də yaşıllıq sahələrini məhv edirlər. Son illər paytaxtın Sabunçu rayonunun ərazisində də "yaşıl soyqırımı" halları, eləcə də qanunsuz tikinti işləri artıb. Rayonun Bakıxanov qəsəbəsi Əhmədbəy Ağayev küçəsi, 22 nömrəli binanın sakinləri- Heybətov Sahib Cavanşir oğlu, Babayeva Fəxriyyə Tofiq qızı, Hüseynova Qəmər Mirzağa qızı, Xəlilov Dünyamalı Əli oğlu, İbrahimov İsmət İsrafil oğlu, Vəliyeva Xalidə Cəmil qızı, Çatujeva Simçaq Vavajevna, Əlmərdanov Nəcəf Əlpaşa oğlu, Qədirov Turan Vidadi oğlu, Məmmədova Gülzar Vəli qızı, Abbasova Sahibə İlyas qızı, Məmmədova Qızxanım İsrafil qızı, Hüseynova Cəmilə Bəylər qızı, İsmayılova Sevinc Abdulla qızı, Cəlilova Mariya Mahmud qızı, Musayeva Fərxanə Rəhim qızı, Bağırova İradə Qüdrət qızı, Bağırov Faiq Ramiz oğlu, Quliyeva Adilə Təyyar qızı, Cəfərova Aləmzar Kərəm qızı, Təhməzov Mürsəl Kamil oğlu, Vəliyev Səxavət Əli oğlu və Vəliyev Ruslan Səxavət oğlu şikayət ərizəsi ilə redaksiyamıza müraciət edərək üzləşdikləri qanunsuzluqlardan giley-güzarlarını bildirdilər: "Biz 1984-cü ildən Bakıxanov qəsəbəsi Əhmədbəy Ağayev küçəsi 22 nömrəli binada yaşayırıq. Son günlər böyük bir problemlə üz-üzə qalmışıq. Belə ki, 2014-cü ilin iyun ayından tanımadığımız imkanlı şəxslər tərəfindən məhəlləmizin ortasında uşaqların oynadığı meydançada, yaşadığımız bina ilə üzbəüz heç bir texniki ölçülərə uyğun gəlməyən 4 mərtəbəli bina tikilir. Təyinatı məlum olmayan bu özəl tikinti biz sakinlərin rahatlığına son qoyub. Vaxtilə əllərimizlə əkdiyimiz, qulluq göstərdiyimiz ağaclar məhv edilib və məhəllədə sərbəst gediş-gəlişimizə ciddi problem yaranıb. Yaşadığımız bina ilə tikintinin arası 10 metrdir. Heç bir təhlükəsizlik tədbirləri görülmədən gecə-gündüz ağır texnika ilə işlər aparılır. Əsəblərimiz tamamilə tarıma çəkilib. Tikinti sahibləri tərəfindən əksər hallarda xoşagəlməz rəftarla üzləşirik. Yaşlılar, uşaqlar məhəlləyə nəzarətsiz çıxa bilmirlər. Evdəki xəstələrimiz toz-torpaqdan əziyyət çəkir. Qapı-pəncərəni aça bilmirik. Bütün bunlar haqda Sabunçu Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət ünvanlamışıq. Xahiş etmişik ki, haqlı etiraz səsimizi eşitsinlər. Lakin buna baxmayaraq, icra hakimiyyəti tərəfindən heç bir tədbir görülməyib. İcra nümayəndəsi sakinlərin mənəvi heysiyyatına toxunaraq "kişilər pul verib tikdirirlər də!" deyərək şikayətimizə əhəmiyyət vermədi". Narazı sakinlər yaranmış problemlə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə də müraciət etdiklərini bildirdilər: "Agentlik rəsmiləri binamızın qarşısında təhlükəsizlik qaydalarına əməl edilmədən həyata keçirilən tikintiyə etirazımıza 14 may 2015-ci il tarixdə cavab verib. Həmin məktub torpaq sahəsinin sahibi Eldar Aslanova göndərilib. Qurumun mütəxəssisləri müraciətimizi yerində araşdırdı və göstərilən faktlar təsdiq olundu. Araşdırma zamanı müəyyən edilib ki, Eldar Aslanova məxsus torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə icazə haqqında 01 sentyabr 2014-cü il tarixli, 14u-660 nömrəli Sabunçu Rayon İcra Hakimiyyəti başçısının məktubu verilmiş, fərdi yaşayış evinin layihəsi rayon icra hakimiyyətində razılaşdırılmışdır. Həmin ərazidə tikinti-quraşdırma işləri aparılan zaman yaxınlıqda yerləşən mövcud tikililərin və sakinlərin təhlükəsizliyinin qanunvericiliyin tələblərinə uyğun təmin edilməsi barədə Eldar Aslanova agentlik tərəfindən tapşırıq verilib. Amma buna məhəl qoymurlar. Sabah bu ərazidə yanğın, yaxud digər xoşagəlməz hadisələr baş versə, dəhşətli problem yaşana bilər. Burda 4 mərtəbəli fərdi yaşayış evinin tikildiyi bildirilsə də, artıq beşinci mərtəbəni qaldırıblar. Qəzet vasitəsilə cənab prezidentə müraciət edib kömək istəyirik".

Şikayəti araşdırmaq üçün Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin iş otağının (012) 428-23-00 nömrəli əlaqə telefonuna zəng vurduq. Təəssüf ki, dəstəyi qaldıran olmadı. Daha sonra icra başçısının köməkçisi Müslüm Mahmudovla əlaqə saxladıq. O məsələ ilə bağlı dəqiqləşdirmə və araşdırma apardıqdan sonra bizə ətraflı məlumat verəcəyini söylədi. Qəzet çapa gedənə kimi gözləsək də, qarşı tərəfdən bir xəbər çıxmadı. Ümidvarıq ki, yuxarı qurumlar səviyyəsində vətəndaşların şikayətinə yaxın günlərdə reaksiya veriləcək və qanunsuz inşa olunan tikili tezliklə söküləcək. Necə ki, "Dostluq" parkının ərazisindəki milyonluq villalar söküldü. gundelik-baku.com
Qarşı tərəfi də dinləyə bilərik.
BOLGEXEBER.COM