BolgeXeber.Com » Xəbərlər » Əbülfət İmanovun nəzarət tədbirləri istehlakçıları qane etmir

Əbülfət İmanovun nəzarət tədbirləri istehlakçıları qane etmir

26-06-2015, 16:25
Oxunub: 5 043 Əbülfət İmanovun nəzarət tədbirləri istehlakçıları qane etmirYayın gəlməsi ilə gündəlik istifadə etdiyimiz ərzaq mallarının keyfiyyət məsələsi aktuallaşıb

Çünki, gizli yolla kustar üsullarla istehsal edilən yararsız məhsullar bazara daha geniş ayaq açır. Heç bir standarta cavab verməyən zay ərzaq məhsullarının istehsalı təəssüf ki, azalmaq əvəzinə artıb. Bu cür neqativlərin qarşısının alınmasında əlaqədar dövlət qurumlarının iştirakı nə dərəcədə qaneedicidir?

Etiraf etməliyik ki, dövlət qurumları tərəfindən aparılan nəzarət tədbirlərinə baxmayaraq ticarət şəbəkələrində hələ də lazımi keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verməyən, yararlılıq müddəti ötmüş və ya yararlılıq müddəti göstərilməmiş, mənşəyi məlum olmayan malların satılması halları müşahidə edilir və bu səbəbdən istehlakçılar mal alarkən diqqətli olmalıdır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəsmi saytında isehlakçılara malın keyfiyyətli və təhlükəsiz olduğunu müəyyənləşdirməyin yolları izah edilib. Qeyd olunub ki, Mövcud qanunvericiliyə görə hər bir istehlakçının malın keyfiyyətinə və təhlükəsizliyinə zəmanət almaq hüququ vardır. Bu o deməkdir ki, istehlakçı aldığı malın qeyd olunan xüsusiyyətləri barədə tam əmin olmalı və ticarət obyekti buna təminat verməlidir. Bu baxımdan da sahibkarlar malın istehsalı, emalı, tədarükü, saxlanması, daşınması və satışı mərhələlərində onun keyfiyyətli və təhlükəsiz olmasını təmin etməyə borcludur. Mallar ticarət və ictimai iaşə obyektlərinə mənşəyini, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədlər (qaimə, uyğunluq sertifikatı və s.) əsasında qəbul edilməlidir. İstehlakçı alacağı malın keyfiyyət və təhlükəsizliyinə tam əmin olmaq üçün satıcıdan həmin sənədləri tələb etməlidir.Qeyd olunan sənədləri olmayan malları almaq təhlükəli hesab olunur. Digər tərəfdən malın üzərində onun adı, istehsalçının adı və ünvanı, tərkibi, istehsal tarixi, saxlanma müddəti, saxlanma şərtləri və şəraiti, xalis çəkisi, qida dəyərliliyi, sağlamlıq üçün zəruri maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı, malın işlədilməsi və təhlükəsiz istifadə edilməsi üsulları və qaydaları, məhsulun hazırlanmasında istinad olunan standartın və digər normariv-texniki sənədin adı və nömrəsi, məcburi sertifikatlaşdırılmalı mallar üçün "AZS" milli uyğunluq nişanı, sertifikatlaşma barədə qeyd və s. məlumatlar öz əksini tapmalıdır.Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti digər vəzifələrlə bərabər məhsulların istehsalı, saxlanılması, daşınması, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi zamanı texniki reqlamentlərin, eləcə də onlarla qarşılıqlı əlaqəli olan dövlət standartlarının və ya texniki tənzimləmə və standartlaşdırma sahəsində digər normativ sənədlərin məcburi tələblərinə, məhsul istehsalçısının məhsulun keyfiyyəti və təhlükəsizliyinə dair bəyan etdiyi göstəricilərə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsini təmin edir. Texniki tənzimləmə və standartlaşdırmanın məqsədləri sırasına həmçinin, məhsulların keyfiyyət və nomenklaturasının, xidmət və proseslərin insanların həyatı və sağlamlığı üçün təhlükəsizliyinin təmin olunması, ətraf mühitin mühafizəsində dövlətin və istehlakçıların mənafeyinin müdafiəsi daxildir. Bu mənada qida məhsullarının standartlaşdırılması üzrə fəaliyyət göstərən Texniki Komitənin üzərinə böyük məsuliyyət düşür. Xidmətin Bakıdan savayı daha 6 regionda Ərazi Nəzarət İdarəsi fəaliyyət göstərir. Düzdür, bir sıra ciddi nəzarət tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, paytaxtda və regionlarda hələ də istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxaran qanunsuz əməllərə son qoymaq mümkün deyil. Xüsusilə yay mövsümündə intensivləşən qanunsuzluqlar Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti rəisi Əbülfət İmanovun idarəetmədə yol verdiyi nöqsanlarla əlaqələndirilə bilər. Axı necə olur ki,demək olar ki, hər gün göz qabağında çeşid-çeşid zay ərzaq məhsulları bazara çıxarılır? Bunları sadəcə görmək mümkün deyil. Çörəyin istehsalı və daşınmasında olan problemlər, standartlara cavab verməyən sərinləşdirici içkilərin, süd və süd məhsullarının, eləcə də ət və ət məhsullarının gizli istehsal şəbəkələrinin geniş fəaliyyət dairəsi deməyə əsas verir ki, bu sahədə təsirli tədbirlər görülməsə istehlakçılar təhlükə ilə üzləşə bilər. Bu cür faktlar o qədərdir ki, onları bir-bir sadalamağa sadəcə ehtiyac görmürük. Düzü, ilk növbədə düşündük ki, ola bilsin, Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti bu sahədə yetərli mütəxəssis korpusuna malik deyil. Lakin Komitənin strukturuna daxil olan idarələrin çoxluğu və müasir avadanlıqlarla təchiz edilmiş müvafiq laboratoriyaların mövcudluğu göstərir ki, Xidmətin rəhbərliyi öz işini günün tələblərinə uyğun qura bilmir, ya da qurmaq istəmir.

Məsələni diqqətdə saxlayacağıq.
gundelik-baku.com