BolgeXeber.Com » Xəbərlər » Elmira Axundova seçiciləri ilə oyun oynayır?

Elmira Axundova seçiciləri ilə oyun oynayır?

28-09-2015, 16:10
Oxunub: 3 854 Elmira Axundova seçiciləri ilə oyun oynayır?Məlum olduğu kimi artıq 10 ildir Elmir Axundova 71 saylı Masallı kənd seçki dairəsindən millət vəkilidir

2005-ci ildə Vəsadət Əzizova əvəzləyən Elmira Axundova ilk seçkilər zamanı ciddi çətinliklərlə rastlaşmışdı.Qaynar.info xəbər verir ki, həmin vaxt YAP-ın namizədi eks deputat Vəsadət Əzizov olsa da, sonrada hakim partiya qeyri – rəsmi olaraq E. Axundovanı dəstəkləmişdi və beləliklə 71 saylı DSK-da böyük qalmaqal yaranmışdı. DSK üzvlərinin bir çoxu yekun protokola imza atmayaraq təzyiqlərdən yayınmaq üçün rayondan gecə yarısı gizlin qaçmışdılar. Sonradan həmin şəxslərin bir çoxuna qohumları və digər vasitələrlə edilən təzyiqin nəticəsi olaraq onlar E. Axundovanın xeyrinə yekun protokolu imzalamışdılar. Bu çətinlikdən sonra xanım deputat seçki prosesini 2010-cu ildə öncədən sığortalamaq qərarına gəldi və YAP-dan ona qarşı ciddi namizəd olmadı.
Builki seçkilərdə isə E. Axundova daha böyük oyun oynamaq və ya daha rahat yol seçmək qərarına gəlib. Belə ki, bir müddət əvvəl açıqlanan YAP-ın namizədlər siyahısında 71 saylı Masallı kənd seçki dairəsindən Novruzov Rafiq Qafar oğlu adında bir şəxs namizəd kimi göstərildi. İctimaiyyətin tanımadığı bu şəxsin namizəd olması bir çox adamda şübhə doğurdu. Ancaq Rafiq Novruzovun haqqında araşdırma apardıqda məlum oldu ki, o heç də təsadüfi şəxs deyil.
10 ildir bu dairədən deputat olan E. Axundovanın keçmiş köməkçisi Novruz Novruzov olub. Bir müddət əvvəl o dünyasını dəyişəndə, onu qeyri – rəsmi olaraq qardaşı əvəzləyib. Qardaşı isə hazırda YAP-ın həmin dairədən namizədi olan Rafiq Novruzovdur. Ortada olan nəticə ondan ibarətdir ki, Elmira Axundova öz işini rahatlaşdırmaq üçün qeyri – rəsmi köməkçisini özünə Yeni Azərbaycan Partiyasından “rəqib” edib. Beləliklə Rafiq Novruzovun namizəd kimi qeydə alınması üçün seçicilərdən toplanan 500 imza əslində çox formal xarakter daşıyır. Və ya başqa formada izah etsək, xalqın hansısa məqsədlə R. Novruzova verdiyi imzalar əslində Elmira Axundovanın işini rahatlaşdırmaq üçündur. Beləliklə, 71 saylı DSK ərazisində Elmira Axundovanın seçicilərlə çox maraqlı bir oynadığı açıq aşkar görünür. Bütün bunlar isə seçkilər vaxtı daha rahat seçilmək üçündür.
Ancaq son günlər dairədən gələn xəbərlər prosesin heç də rahat ola bilməyəcəyi ehtimalını yaradır. Belə ki, bir neçə gün bundan öncə çoxlarının Gülağa Tənha kimi tanıdığı xeyriyəçi iş adamı da həmin dairədən namizədliyini irəli sürüb. Masallının ən böyük kəndi – Ərkivandan olan G. Tənha insanlar arasında xeyriyəçi iş adamı kimi tanınır. Onun doğulduğu Ərkivan kəndi dairə üzrə seçicilərin təqribən 40 faizini əhatə edir. Həmin kənddə isə G. Tənha yollar çəkib, şəhidlər bulağı inşa edib. Bu isə onun nüfuzunu təkcə kənddə yox, ətraf kəndlərdə də artırıb.
Belə olan halda Seçkilərin Elmira Axundova üçün heç də rahat keçməyəcəyini deməyə əsas yaranır. Digər tərəfdən yayılan xəbərlərə görə E. Axundovanın daha 3 ciddi və tanınan rəqibi var. Bunlar o dairənin keçmiş deputatı Vəsadət Əzizov, Masallının keçmiş natariosu Qubadəli Rzayev və Musavat Partiyasının namizədi Xasay Fərzulladır.
Bolgexeber.com