BolgeXeber.Com » Xəbərlər » Qırmızı Qəsəbədə sinaqoqa hücum: - yarım milyon dollarlıq pulu, qızılı necə taladılar…

Qırmızı Qəsəbədə sinaqoqa hücum: - yarım milyon dollarlıq pulu, qızılı necə taladılar…

14-06-2016, 14:22
Oxunub: 1 916 Qırmızı Qəsəbədə sinaqoqa hücum: - yarım milyon dollarlıq pulu, qızılı necə taladılar…“Yəhudi dilində danışana onu tanıdığımı dedim”

2014-cü ilin dekabr ayının şaxtalı qış günü Quba rayonun Qırmızı Sloboda kəndində yaşayan “Dağ yəhudiləri” dini icmasının sədri Boris Simanduyevin evinin qapısı döyülür. Ev sahibini səsləyən yəhidi dilində “sizə məxsus maşını küçədə əziblər” deyir. Qəsəbədə hər kəsin hörmətlə yanaşdığı icma sədri qapı arxasındakı şəxsin səmimiyyətinə inanaraq qapını açır.

Bu vaxt qəflətən içəri soxulan maskalılar ona və bacısı Liza Yusifovnaya hücum çəkirlər, əllərini yapışqan lentlə bağlayırlar, bıçaqla hədə-qorxu gəlirlər, evdə olan pulların və qızılların yerini deməyi tələb edirlər. Liza Yusifovna səs-küy salaraq köməyə adam çağırmaq istədikdə qadına bıçaqla xəsarət yetirirlər. Mənzildə axtarış aparan “çağırılmamış qonaq”lar evin altını üstünə çevirirlər.


Allah evində baş tutmayan oğurluq, yarım milyonluq maddi ziyan

Virtualaz.org saytının əldə etdiyi istintaq materiallarından görünür ki, maskalılar mənzildə axtarış aparandan sonra ev sahibinin külli miqdarda pulu sinoqoqda saxlamasını zənn ediblər. Odur ki, maskalılardan biri, əslən yəhidi olan Eldar Avadyayev ev sahibinin paltosunun cibindən sinaqoqun açarlarını götürüb, küçədə onu gözləyən avtomobilə əyləşərək Qırmızı Sloboda qəsəbəsi, İsaak Xanukov küçəsində yerləşən sinaqoqun yaxınlığına sürdürüb.

Sinaqoqun qapısını açmaq istərkən cinayətin digər iştirakçısı olan Coşqun Əliyev ona zəng vuraraq, mənzildə seyf aşkar etdiyini deyib. Sinaqoqun qapısını açmadan E.Avadyayev gəldiyi maşınla da geri dönür. Mənzilə qayıdan E.Avadyayev C.Əliyevlə birləşərək mətbəxdə yerləşən seyfin qapısını sındırırlar. Seyfdən 395 min dollar, 91 min 600 manat, 28 min rubl, qızıl-zinət əşyaları və qızıl sikkələr götürürlər.

İcma rəhbərinə yarım milyondan çox maddi ziyan vuran qarətçilər mənzili tərk ediblər. Onlar getdikdən sonra ev sahibi polisə zəng vuraraq hadisə barədə məlumat verib.

Əməliyyat-istintaq hərəkətləri nəticəsində hadisəni törədənlər - Eldar Avadyayev, Coşqun Əliyev, Xalid Seyidov, Türkanə Rəhimova və Əfqan İbrahimov (T.Rəhimova və Ə.İbrahimov barəsində olan cinayət işi ayrıca icraata verilib) polis əməkdaşları tərəfindən saxlanılıb. Evdən aparılmış pul və qızıl-zinət əşyaları maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 228.4 və 181.3.2-ci maddələri üzrə cinayət işi başlanıb. Əvvəlcə Xalid Seyidov həbs olunub. Daha sonra Eldar Avadyayev Qazax rayonu ərazisindən Gürcüstana keçmək istəyərkən saxlanılıb. Dörd gün sonra isə Coşqun Əliyev həbs edilib.

Sözügedən cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir. Müttəhimlər kürsüsündə 1980-cı il təvəllüdlü Avadyayev Eldar Dodikoviç, 1985-ci il təvəllüdlü Əliyev Coşqun Rəsul oğlu və 1975-ci il təvəllüdlü Seyidov Xalid Adil oğlu əyləşib.



“Onun yığdığı pullar bütün yəhudilərə məxsus idi”

Təqsirləndirilən şəxs qismində dindirilən, Quba yəhudiləri arasında Yaqub kimi tanınan Eldar Avadyayev ifadəsində 1997-ci ildən etibarən Moskva şəhərində yaşadığını, “Sadovod” bazarında qardaşı İfrahimə məxsus 3 ədəd konteyner tipli mağazaları icarəyə verib, pul qazandıqlarını, Coşqun Əliyev və Xalid Seyidovla da həmin vaxtdan tanış olduğunu göstərib.

E.Avadyayevin ifadəsinə görə, uzun müddət Quba rayonunda “Dağ Yəhudiləri” Dini İcmasının rəhbəri vəzifəsini icara edən Boris Simanduyevi yaxşı tanıdığını, onun dünyanın müxtəlif ölkələrinin dağ yəhudilərinin sinaqoqa etdikləri maddi yardımları özündə saxladığını, qəsəbə sakinləri üçün xərcləmədiyini, mənimsədiyi üçün belə bir addım atdığını deyib: “Onun yığdığı pullar bütün yəhudilərə məxsus olduğundan, Borisin evinə girib pulları ələ keçirmək qərarına gəlmişdim”.


“Qızılları zorla götürmək istəyirdim”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, qəsəbədə yaşayan qohumu Zarbayıl Avadyayev vəfat etməmişdən əvvəl yaşadığı evin həyətində qızıl basdırdığını deyib. Lakin yaddaşı itdiyindən qızılları basdırdığı yeri dəqiq göstərə bilməyib. Uzun axtarışlardan sonra 1996-cı ildə həmin qızıllar su motorunun içindən tapılıb. Həmin ərəfələrdə Moskvaya getməyi planlaşdırdığından B.Simanduyevin yanına gəlib qızılları girov qoyub və pul götürüb. B.Simanduyev ona qızılların dəyərindən on dəfə aşağı məbləğdə pul verib. Sonralar icma sədrinin pulunu qaytarıb qızılları götürmək istəsə də, maddi vəziyyəti imkan verməyib.

Digər tərəfdən, Eldar B.Simanduyevin oğlu Vitalinin Moskva şəhərində yaşadığını və daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olduğunu öyrənib. Vitalinin “Sadovod” bazarının rəhbəri ilə münasibəti yaxşı olub. Bazar rəhbərliyinin bir neçə dəfə müxtəlif bəhanələrlə mağazaları Eldargildən almaq istəməsi məsələlərinin arxasında Vitalinin dayanmasından şübhələnib: “Hər dəfə Vitali bazar müdirinin yanına gəlib-gedəndən sonra müdir məni çağırır, bazardan çıxmağımı tələb edirdi. Borisin və oğlu Vitalinin işlərimə mane olduqlarını biləndən sonra qızılları zorla götürmək qərarına gəldim”.

İcma rəhbərinin 4-5 milyon pulu olduğunu deyib

Dini icma rəhbərinin evinə basqın etməyi planlaşdıran E.Avadyayev əvvəllər həbsdə olmuş Coşqun Əliyevlə bu barədə danışıb razılığa gəlib. O, Coşquna B.Simanduyevin 4-5 milyon pulunun və çoxlu qızılının olduğunu, həmin qızılların ona məxsus olduğunu deyib. Coşqun razılıq verdikdən sonra 4 dekabr 2014-cü ildə Moskvadan Bakıya gəliblər.

Hava limanında onları Xalid Seyidov və Türkanə Rəhmanova qarşılayıb. Söhbət əsnasında Xalidgilə Qırmızı Sloboda qəsəbəsində Boris adında bir nəfərin olduğunu, onun oğlunun Moskva şəhərində yaşadığını və “Sadovod” bazarının müdiri ilə çox yaxın münasibətdə olduğuna görə, ona problemlər yaratdığını, bu məsələni həll etmək üçün təcili Borislə görüşməli olduğunu deyib. Coşqun isə qarət planını həyata keçirmək üçün mağazadan iki cüt əlcək, iki ədəd papaq, yapışqan lent və bıçaq alıb.

Quba rayonunun Qırmızı Sloboda qəsəbəsinə gəldikdən sonra Eldar Xaliddən onları B.Simanduyevin evi istiqamətinə aparmağı xahiş edib. Evin arxa tərəfindən qonşu həyətdən hasarı aşıb, icma rəhbərinin həyətinə keçiblər. Evə girmək istəsələr də, giriş qapısının dəmirdən olmasını və pəncərələrin dəmir barmaqlı olduğunu görüb, ev sahibinin duyuq düşüb polisə zəng vura biləcəyindən ehtiyat ediblər. Bu səbəbdən özləri ilə gətirdikləri skoçu, bıçağı, papaqları, əlcəkləri B.Simanduyevin həyətində gizlədiblər.


“Əllərini bağlayıb pulları tələb etdik”

Eldar darvazanın giriş qapısının zəngini basaraq yəhudi dilində evdən səslənən qadına küçədə dayanmış maşının əzildiyini deyib. Bir qədər keçmiş evin qapısı açılıb, B.Smanduyev pilləkənlərlə həyətə düşərkən onun üstünə hücum çəkərək yerə yıxıb, bədəninin müxtəlif nahiyələrindən vurub: “Liza sakitləşmədiyindən Coşqun onu bıçaqla vurdu. Əllərini bağlayıb pul tələb etdik. Ev sahibi 20 min manat məbləğində pulu sinoqoqda saxladığını dedi. Onun paltosunun cibindən sinaqoqun açarlarını götürərək maşına tərəf getdim, Coşqun evdə qaldı. Xalidin maşında olmadığını görüb Türkanəyə təcili sinaqoqa sürməsini, orada bir nəfər tanışın məni gözlədiyini dedim. Amma Coşqun zəng vurub seyfi tapdığını deyəndən sonra geri qayıtdım”.

E.Avadyayev ifadəsində cinayəti planlaşdırarkən kimisə bıçaqla vurmaq, öldürmək niyyəti olmadığını göstərib: “Açarları tələb edındə Xalid içəri girdi. Xalidin bunları görməsindən narahat oldum, hətta buna görə aramızda mübahisə də düşdü. Cinayət edəcəyim barədə nə Xalidə, nə də Türkanəyə heç nə deməmişdim. Onların bu barədə məlumatları yox idi. Xalid içəri girən kimi qadına sarı gedib onun ağzının skoçunu açdı, qarnındakı yaraya əski parçası qoydu.

Evdən çıxarkən Borisə polisə şikayət edəcəyi təqdirdə onun Moskva şəhərində yaşayan oğlunu öldürəcəyimi dedim. Bunu deməkdə məqsədim Boris Simanduyevi qorxutmaq olub, Vitalini öldürməyə nə şəraitim, nə də ki, digər imkanım yoxdur. Ümumiyyətlə, belə hal yəhudilər arasında yolverilməzdir”.

E.Avadyayev külli miqdarda pul və qızıl əşyalarını sərhəddən keçirə bilməyəcəyini görüb, Goranboy rayonunda yaşayan, əvvəllər onunla birgə Moskvada işləyən tanışı Əfqan İbrahimova zəng vurub, onunla görüşüb. Pulun 160 min manatını və qızılları ona verib, Qubada evlərini satdığını, pulları və qızılları sərhəddən keçirməkdə ona yardım etməsini istəyib. Ertəsi gün Ə.İbrahimov sərhəddən keçərkən saxlanılıb.



“Mənə İsrailə gedəcəyini deyirdi”

Təqsirləndirilən şəxs qismində dindirilən Xalid Seyidov Eldar Avadyayevi bir neçə ildir tanıdığını, bir-birlərinin evində qonaq olduqlarını göstərib. Hadisədən üç gün əvvəl Eldar ona zəng vurub Rusiyadan deportasiya olunduğunu, İsrailə qardaşı İfraimin yanına gedəcəyini deyərək, hava limanında qarşılanmasını xahiş edib: “Türkanəyə mənimlə getməyi təklif etdim, razılaşdı. Eldarın yanında tanımadığım Çoşqun adlı bir nəfər də var idi. Onları yaşadığım mənzilə apardım. Yolda Eldar onları Qubaya aparmağımı xahiş etdi. Ertəsi gün Qubaya gedəndə Eldar Moskva şəhərində artıq işləməyin mümkün olmadığını, Qubada bir nəfərin ona borclu olduğunu, borcunu alaraq tez bir zamanda İsrailə gedəcəyini deyirdi”.


“Skoçu açdım, yarasına dəsmal qoydum”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bir neçə dəfə Eldar telefonda kimlərləsə yəhudi dilində danışıb. Sonra maşını Qırmızı Sloboda kəndinə sürdürüb. Orada Coşqunla Eldar maşından düşüb evə tərəf gedib, Türkanə ilə o maşında qalıb.

Təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadədən: “Bir müddət maşında oturub Eldarla Coşqunu gözlədikdən sonra onların ardınca həyətə tərəf getdim. Həyətdə heç kim yox idi, evdən səs gəldiyini eşitdim, Eldarı çağırsam da cavab vermədi. Evin açıq qapısından içəri girdim. Bu zaman Coşqunun əlində bıçaq, Eldarın əlində isə bağlamalarla diplomat gördüm. Boris Simanduyev əli ilə üzünü tutub inildəyirdi. Əli, ağzı skoçla bağlı, sifəti, qarnı qan içində olan qadın isə kresloda oturmuşdu”

Xalid Seydidov ifadəsində göstərir ki, qadını bu vəziyyətdə görüb ağzından skoçu açdıb, qarnına dəsmal qoyub, Eldardan nə baş verdiyini soruşub. Eldar Borisin ona məxsus qızılları qaytarmaq istəmədiyini, aralarında qısa mübahisə yarandığını deyib.

“Ondan məni niyə bu oyuna saldığını soruşdum və evdən çıxdım. Gördüklərim barədə Türkanəyə heç nə demədim. Maşına oturduqdan sonra Eldar diplomatı açdı, Coşqunla pulları saymağa başladılar. Eldar boxçanın içərisində olan 100 min dolları maşının ön oturacaqların arasında olan dirsəkaltının içərisinə qoydu. Türkanəyə 10 min dollar pul uzatdı. Türkanə ona pul lazım olmadığını dedi. Evə gələndən sonra Borisə qarşı bu hərəkətləri, bacısını bıçaqlamaları ilə düz iş görmədiklərini bildirdikdə aramızda mübahisə yarandı. Maşında olan 100 min dolları Eldara geri qaytardım, mənə pul lazım olmadığını, məni pis vəziyyətə saldığını, aldatdığını dedim. Əgər belə bir iş tutacaqlarını bilsəydim, onu heç vaxt Qubaya aparmazdım”-Xalid Seyidov ifadəsində bildirib.


“Polisə şikayət edəcəyim təqdirdə oğlumu öldürəcəyini dedi”

Zərərçəkmiş şəxs qismində dindirilən Boris Simanduyev ifadəsində 5 övlad atası olduğunu, uşaqlarının öz ailələri ilə birgə müxtəlif ölkələrdə yaşadığını, həyat yoldaşının vəfatından sonra isə bacısı Liza Yusifovnanın onun evinə köçdüyünü göstərib. Hadisə baş verən gün səhər saatlarında mətbəxdə səhər yeməyi hazırlayan zaman qapının zənginin çalındığını eşidib. Liza Yusifovna kim olduğunu soruşduqda küçədən bir nəfər yəhidi dilində “Borisə məxsus maşın əzilib” dediyini eşidib.

Maşına baxmaq ucun küçəyə çıxmaq istəyən B.Simanduyev pilləkənlərdə hücuma məruz qalıb. Üzünə maska keçirən şəxs ev sahibinin başına, sifətinə yumruqla zərbələr endirib, pulların yerini soruşub. Qardaşının harayına gələn Liza qışqırmaq istərkən ona bıçaqla xəsarət yetiriblər, əl-qollarını bağlayıblar.

Boris Simanduyevin dediklərindən: “Yəhudi dilində danışan həmin şəxs sinaqoqda olan seyfin açarların götürdü. Seyfdə nə qədər pul olduğunu soruşduqda dedim ki, 20 min manat var. Həmin adam stolun üstündən bacımın telefonunu götürüb evdən çıxdı. Evdə qalan digər iki nəfər isə otaqları axtarmağa başladılar. Bu zaman onlardan biri mətbəxdəki seyfi tapdı. Sinaqoqa gedənin arxasınca zəng vurub geri çağırdı. Yəhudi dilində danışan şəxs gəldikdən sonra onlar seyfi baltayla sındırdılar. Oradakı pulların, qızılların hamısını götürdülər”.



“Seyfdəki pulların əsas hissəsi xaricdə yaşayan oğlanlarıma məxsus olub”

Basqınçılar evdən çıxarkən mənzil sahibinə hədə-qorxu gəliblər. Polisə şikayət edəcəyi təqdirdə oğlu Vitalini öldürəcəklərini bidliriblər. Qarətçilər getdikdən sonra B.Simanduyev əllərini açıb və polisə zəng vurub. Polis əməkdaşları hadisə yerinə gələrək mənzilə baxış keçiriblər. B.Simanduyev polsilərlə birlikdə sinaqoqa yollanıb. Oradakı seyfi açdıqda 20 min manatın seyfdə olduğunu görüb.

Zərərçəkmiş həmçinin ifadəsində seyfdə oğurlanan pulların, əmlakın ona məxsus olduğunu, həmin əmlakı uzun illər boyu yığdığını, yaxın qohumlar tərəfindən maddi yardımlar edildiyini göstərib. Pulun əsas hissəsini isə oğlanları Vitali və Leonid Bakı şəhərindən ev alınması üçün ona yolladıqlarını deyib.


“Yəhudi dilində danışana onu tanıdığımı dedim”

Zərərçəkmiş şəxs qismində dindirilən Liza Simanduyeva istintaqa oxşar məzmunlu ifadə verib: “Hava qaranlıq olduğundan, Borisə dedim ki, maşına baxmaq ucun küçəyə çıxmasın. Boris isə baxıb qayıdacağını dedi. Evin pilləkənləri ilə aşağı düşdü, mən də qapının kandarında dayandım. Bu vaxt bir nəfər maskalı şəxs Borisə hücum çəkib döydü. Qardaşıma kömək etmək istədikdə məni də vurdu, bıçaqla qarnımdan zərbə endirdi. Üzlərində maska olan üç nəfər bizi evə salıb, əl-qolumuzu, ağzımızı skoçladılar. Yəhidi dilində danışana onu tanıdığımı dedim. Onlar bizi öldürmək üçün gəlmədiklərini deyib, pulların yerini soruşdular. Mətbəxdən tapdıqları seyfin içərisindəki pulları götürərək evdən çıxdılar”.

Liza Yusifovna seyfdən talanan əmlakın içərisində ona məxsus heç nə olmadığını deyib: “Hamısı qardaşıma məxsus olub. Pulun 300 min dollarını isə Borisin xaricdə yaşayan oğulları ev almaq üçün göndərmişidilər”.

Məhkəmənin növbəti iclası iyunun 23-nə təyin olunub.