BolgeXeber.Com » Xəbərlər » Ağdaşda “qulyəbanı” ovu: Qoşaqovaq sakinləri bir aydır yatmır, DİN “panikadır” deyir

Ağdaşda “qulyəbanı” ovu: Qoşaqovaq sakinləri bir aydır yatmır, DİN “panikadır” deyir

30-06-2016, 12:56
Oxunub: 3 343 Ağdaşda “qulyəbanı” ovu: Qoşaqovaq sakinləri bir aydır yatmır, DİN “panikadır” deyirAğdaş rayonunun Qoşaqovaq kəndinin sakinləri kənddə “gecələr peyda olan naməlum varlıq” üzündən hələ də təlaş içərisindədirlər

Bu hadisə bölgə müxbirləri üçün də maraqlı mövzuya çevrilib və onlar az qala hər gecə kənddə olub sakinlərin əllərində yaba, dəyənək “qulyəbanı ovlamasını” həvəslə lentə alır. Hüquq-mühafizə orqanlarının əməkdaşları da bu “qulyəbanı ovu”nda iştirak edir və hələlik “naməlum varlığı” yaxalamaq onlara da nəsib olmayıb. DİN isə bir gün əvvəl bəyan edib ki, Qoşaqovaq kəndində heç bir naməlum varlıq yoxdur və baş verənlər sakinlər arasında yaranmış panikadan başqa bir şey deyil.

Region TV-in son reportajında deyildiyinə görə 260-dan artıq ailənin yaşadığı kəndin sakini Cavanşir Əyyubov deyir ki, naməlum varlıq heç bir ziyanlıq etməsə də sakinləri qorxudur. “Gecə səhərə qədər yatmırıq. Evdə ailə-uşaq qorxur. Bir aydır ki, yuxu yatmırıq. Səhərə qədər nəzarətdə dururuq. Hər gün də bu cür davam edir. Gecə saat 3-ə qədər bu cürdür. Hər kəs əlində yaba yatmır” deyə Ağdaşın Qoşaqovaq kənd sakini Cavanşir Əyyubov bildirib.

Kənd sakinlərini narahat edən əsas məqam həmin naməlum canlını görsələr onu tutmaqda çətinlik çəkmələridir. Gecə saatlarında bu kənddə yaşayan əksər insanların əlində fənər görmək olar. “O deyir ki, burdan keçdi. Bu deyir ki, ordan keçdi. Heç cür tutmaq olmur. Bu insandır. Bir əllində işıq, ağzında siqaret, əlində telefonu… Qonşu kənnddə də bir neçə gün öncə olub. 10-15 gün də orda gəziblər və deyiblər ki, qorxusuz insandır” deyə Qoşaqovaq kənd sakini Xəyyam Yediyarov vurğulayıb.

Sakinlər gecə saatlarında peyda olan insanabənzər canlının gələcəkdə kənddə oğuruluq edəcəyindən narahatdırlar. Onlar deyirlər ki, bütün gecəni yuxusuz qalmaları gündüz vaxtı təsərrüfatlarında rahat şəkildə işləmələrinə də mənfi təsirini göstərir. İndi kənd sakinləri həmin naməlum varlığın əsl simasının üzə çıxacağı günü səbirsizliklə gözləyirlər.