BolgeXeber.Com » Xəbərlər » Göyçayda iş adamı yatdığı yerdə 16 bıçaq zərbəsi ilə öldürüldü-SƏHVƏN

Göyçayda iş adamı yatdığı yerdə 16 bıçaq zərbəsi ilə öldürüldü-SƏHVƏN

30-06-2016, 12:59
Oxunub: 2 609  Göyçayda iş adamı yatdığı yerdə 16 bıçaq zərbəsi ilə öldürüldü-SƏHVƏNOnu öldürməkdə şübhəli bilinən şəxs 5 dəfə evli olub

Göyçay rayonunda iş adamını 16 bıçaq xəsarəti ilə amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən Ağdam rayonunun Yeni İmamqulubəyli kənd sakini, 1991-ci il təvəllüdlü Süleymanov Sərxan Allahverdi oğlu isti izlərlə tutulub.

Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, yaşadığı evdə yatdığı vəziyyətdə öldürülən iş adamının qətlinin tamah məqsədilə törədilmədiyi məlum olub.

S.Süleymanovun ilkin dindirilməsi zamanı bəlli olub ki, Cəbrayıl Kərimov təsadüf nəticəsində öldürülüb.

Qətli törədən şəxsin bacısı 1982-ci il təvəllüdlü Süleymanova Nargilə Allahverdi qızı aprel ayının əvvəllərində evlənmək məqsədilə Göyçay şəhərinin Hüseynbala Əliyev 24 ünvanında yaşayan Quliyev Orxan Əsəd oğlu tərəfindən qaçırılıb.

Bundan sonra Ağdam rayonu ərazisində Orxanla Sərxan arasında münaqişə baş verib. Dünən isə qaçırılan bacısının evlərinə qaytarılmasından qəzəblənən Sərxan Süleymanov qisas məqsədilə Göyçaya gəlib. Lakin o, şəhərin Heydər Əliyev prospekti - 24 ünvanı ilə Hüseynbala Əliyev küçəsi - 24 ünvanlarını səhv salaraq gizli yolla Cəbrayıl Kərimovun mənzilinə daxil olub və onu qətlə yetirib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən tutularaq istintaqa təhvil verilib.

Orxan Quliyevin 5 dəfə evli olduğu da məlum olub.

10.29

Göyçay rayonunda qətl hadisəsi baş verib.

Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, hadisə iyunun 30-da saat 01:00 radələrində Göyçay şəhərinin Heydər Əliyev küçəsi, 24 saylı mənzildə qeydə alınıb.

Ev sahibi, 1963-cü il təvəllüdlü Kərimov Cəbrayıl İsmayıl oğlu evə girən naməlum şəxs tərəfindən yatdığı yerdə amansızlıqla qətlə yetirilib.

Bədənin müxtəlif nahiyələrindən 16 bıçaq xəsarəti alan Cəbrayıl Kərimov hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən şəxsin Ağdam rayon sakini olduğu bildirilir.

Qətli törədən şəxs hadisə yerindən qaçıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, iş adamı olan Cəbrayıl Kərimov uzun illərdir Göyçay rayonunda kafe və restoran xidməti ilə məşğul olurdu.