BolgeXeber.Com » Xəbərlər » Balakəndə güclü külək büdcə vəsaitlərini “havaya sovurdu” - Yeyinti ittihamı...

Balakəndə güclü külək büdcə vəsaitlərini “havaya sovurdu” - Yeyinti ittihamı...

13-08-2016, 16:58
Oxunub: 2 387  Balakəndə güclü külək büdcə vəsaitlərini “havaya sovurdu” - Yeyinti ittihamı... Məlum olduğu kimi, iyul ayının 22-də ölkənin şimal-qərb bölgəsində güclü küləklə müşayiət olunan leysan yağışlar yağıb

Külək Zaqatala, Şəki rayon mərkəzlərinə və bir neçə kəndə ciddi ziyan vurub. Həmçinin güclü külək Balakən rayonunda da bir sıra fəsadlara yol açıb. Məlumatlara görə, rayon mərkəzində və 17 kənddə 400-dən çox fərdi yaşayış evinə, 150-dən çox yardımçı tikiliyə, sahibkarlıq obyektlərinə, inzibati binalara və məktəblərə ciddi ziyan dəyib. Həmçinin daha çox fərdi yaşayış evlərinə ziyan dəymiş kəndlərdən biri də məhz rayonun Talalar kəndidir. Bu xüsusda redaksiyamıza məlumatı təqdim edən mənbə bildirir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin xüsusi komissiyası tərəfindən evlərə dəymiş ziyanın miqdarı müəyyənləşdirilir və fəsadların aradan qaldırılması istiqamətində artıq konkret işlər də görülür. Lakin, mənbənin iddiasına görə, yerli icra orqanları tərəfindən bu işlərin həyata keçirilməsində ciddi qanun pozuntularına yol verilir. Belə ki, Talalar kəndinin bəzi sakinləri bizimdovr.az-a müraciət edərək, yerli qurumların zərərrçəkənlər arasında ayrı-seçkilik etmələrindən şikayətlənirlər. Onlar iddia edirlər ki, kənddə qasırğanın dağıtdığı evlər qala-qala, azca ziyan çəkənlər təmir olunur. Sakinlər Balakən RİH-nin Talalar inzibati ərazi vahidliyi üzrə nümayəndəsi Məhəmməd müəllimi və onun müavini olan Qurban müəllimi saxtakarlıqda, sakinlərə paylanmaq üçün verilmiş inşaat materiallarını satmaqda ittiham edirlər. Aldığımız açıqlamada deyilir: “İcra nümayəndəsi və onun müavini komissiyanın qərarına düzgün əməl etmirlər. İcra başçısının müavini, fövqəladə hallar komissiyasının sədri Azad Balayev açıq-aşkar bəyan etdi ki, ziyan dəymiş bütün evlər təmir olunacaq. Lakin icra nümayəndəliyi təmir ediləcək evləri özü seçir. İstədikləri evi təmir edirlər, istəmədiklərini etmirlər. Kəndə şifer gətirdilər ki, evlərin damları yığılsın. Bunlar isə, şiferin bir hissəsini satmağa başlayıblar. İradımızı bildirəndə də deyirlər ki, guya fövqəladə hallar komissiyasının qərarı ilə evlərin hamısı təmir olunmalı deyil...”
Qeyd edək ki, məsələyə aydınlıq gətirmək məqsədilə əməkdaşımız Balakən RİH-nin Talalar inzibati ərazi vahidliyi üzrə nümayəndəliyi ilə telefon əlaqəsi də saxlayıb. Lakin söhbət əsnasında icra nümayəndəsinin müavini Qurban müəllim həqiqətən də məsuliyyəti fövqəladə hallar komissiyasının sədri Azad Balayevin üzərinə cəhd göstərdi. Onun sözlərinə görə, kəndə göndərilən şifer dam örtüyü əslində tələb olunandan azdır və bütün evlərin təmiri üçün nəzərdə tutulmayıb. Lakin nədənsə Qurban müəllimin səmimiliyinə dair bizdə ciddi şübhələr yaranıb. İlk növbədə ona görə ki, redaksiyamıza daxil olan məlumatlarda fövqəladə hallar komissiyasının və şəxsən komissiyanın sədri, Balakən RİH başçısının müavini Azad Balayevin yaranmış vəziyyətdə gördüyü tədbirlərə qarşı elə bir ciddi iradlar irəli sürülmür. Digər tərəfdən isə, əgər həqiqətən kəndə göndərilən materiallar tələb olunduğundan əskik olubsa, o zaman satışa çıxarılan şifer hardan peyda olub?

İstənilən halda, məsələyə Balakən Rayon İcra Hakimiyyətinin rəhbərliyi, eləcə də şəxsən cənab Azad Balayev tərəfindən aydınlıq gətirilməsi həm Talalar kənd sakinlərinin, həm də bizim bir çox suallarımızı cvablandırmış olardı.

Yazıda adı çəkilən bütün tərəflərin mövqeyini əks etdirə bilərik.