BolgeXeber.Com » Xəbərlər » Gəray Gəraybəyli ATU -nun Stomotoloju klinikasına "taksa" qoyub

Gəray Gəraybəyli ATU -nun Stomotoloju klinikasına "taksa" qoyub

19-08-2016, 14:43
Oxunub: 2 388 Gəray Gəraybəyli ATU -nun Stomotoloju klinikasına "taksa" qoyubAzərbaycanda hər hansı məmur vəzifədən azad olunanda onun yerinə təyin edilən şəxsə ilk vaxtlar böyük etimad yaranır

Hər kəs düşünür ki, yeni gələn qısa müddətdə sələfinin səhvlərini düzəldəcək, onun yaratdığı hərcmərcliyi aradan qaldıracaq. Amma, təəssüf ki, son illər ölkəmizdə bu gözlənti nəinki bircə dəfə də olsa özünü doğruldub, əksinə yeni gələn məmur hər zaman özündən əvvəlkinin atasına rəhmət oxutdurub. Bu baxımdan, bəzən insanlarda belə təəssürat formalaşır ki, əslində belə bir durumun yaranması dövlət siyasətidir və sanki hər yeni təyin olunan məmura rəhbərlik edəcəyi idarədə vəziyyəti daha da arzuolunmaz səviyyəyə gətirmək haqda göstəriş verilir.
Əlbəttə, bu haqda onlarla nümunə ortaya qoymaq olar. Lakin biz ən son təyinatla bağlı bir faktı açıqlamaqla, dediklərimizin həqiqət olduğunu sübut etmiş olarıq. Söhbət Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Əhliman Əmiraslanovun vəzifədən çıxarılaraq, onun yerinə Gəray Gəraybəylinin təyin edilməsindən sonra bu təhsil (səhiyyə) ocağında yaranmış xoşagəlməz durumdan gedir. Hansı ki, yeni rektorun vəzifə başına keçər-keçməz ATU-nun nəzdində fəaliyyət göstərən Stomatoloji Klinikada yeni “qaydalar” tətbiq etməsi deyilənlərin sübutudur. Qeyd edək ki, söhbət bu klinikaya girişin pullu olması, yəni G.Gərəybəylinin hər bir vətəndaşdan içəri daxil olan zaman 2 manat qeydiyyat haqqı tələb edilməsi haqda göstəriş verməsindən gedir.
Oxucuların diqqətinə çatdıraq ki, bu haqda Hurriyyet.org-a klinikadan informasiya daxil olduqdan sonra, əməkdaşımız hadisə yerindən araşdırma aparıb. Bu zaman məlum olub ki, həqiqətən də klinikaya giriş pullu olub. Ən maraqlısı odur ki, bu rüşvətin yığılması məqsədilə klinikada əlavə ştatlar da açılıb, yeni qeydiyyat və mühafizə ximəti fəaliyyətə başlayıb.
Klinikaya müraciət edən pasientlərdən biri Hurriyyet.org-a açıqlamasında maraqlı faktlar söylədi: “Yeni ştata alınan işçilərin hər birinə 300-400 manat ödənir. Hansı qazancla? Təbii ki, xəstələrdən yığılan pulla. Buna isə həkimlər narazılıq edirlər. Çünki onlara gələn gəlir bölünür. Həkimlərin narazılığı hər dəfə gələn xəstənin ayda bir dəfə 2 manat ödəməsidir. Çünki bu qayda həkimlərin müştərilərini azaldır. Xəstə deyir ki, filan klinikada dişin panoraması 15-26 manatdır. Mən burada 26 manat panoramaya, 2 manat da qeydiyyata niyə verməliyəm? Acıq edib gedir, sonra da həkimlərdən plan tələb olunur. Ümumiyyətlə, harda görünüb ki, dövlət klinikasında ödənişli xidmət göstərilsin? Ya birdəfəlik pullu klinika olsun, ya da dövlət klinikası. Dövlət tibb müəssisəsində “nəzir qutuları”nın yerləşdirilməsini görməmişdik, bunu da gördük”.
Yeri gəlmişkən, Gəray Gəraybəylinin bu qanunsuz göstərişinə etiraz edən bəzi həkimlər deyirlər ki, yeni rektorun bu addımı heç də təsadüf deyil. Onların fikrincə, görünür, G.Gərəybəyli vəzifəyə təyin edilən zaman “yuxarı”lara külli miqdarda “hörmət” etməyə məcbur olub, indi də verdiyi hesabı vətəndaşların cibindən çıxarmağa çalışır. Əks halda, onun gələr-gəlməz bütün idarələrə rüşvət “taskısı” qoyması anlaşılan deyil...
Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən ilk olaraq dedilər ki, klinika təsərrüfat hesablıdır.
Yeni rektor gələndən klinika təsərrüfat hesablı olub? Bəs ona qədər hansı statusla fəaliyyət göstərib? Sualmıza cavab verildi ki, qiymətdən xəbərsizdirlər, bunun üçün ATU-nun mətbuat xidmətilə əlaqə yaradaq.
ATU-nun mətbuat xidmətindən isə Günel Aslanova dedi ki, məzuniyyətdədir, o da belə bir “qaydadan” xəbərsizdir.
Klinikanın direktoru Alqış Səfərovun mobil telefonuna edilən zənglərimizə isə cavab ala bilmədik.
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!