BolgeXeber.Com » Xəbərlər » "Azərboru"da işçilərin həyatı təhlükədədir - kimsə maraqlanmır

"Azərboru"da işçilərin həyatı təhlükədədir - kimsə maraqlanmır

17-09-2016, 11:24
Oxunub: 2 704 "Azərboru"da işçilərin həyatı təhlükədədir - kimsə maraqlanmırBu gün ölkədə fəaliyyət göstərən elə müəssisələr var ki, onların rəhbər şəxsləri müxtəlif yollarla işçilərə əlavə problemlər yaradır, əməkhaqqını verilməsində gecikmələrə yol verir, bir sözlə işçinin hüquqlarını kobud surətdə pozurlar

Bu və digər önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la paylaşan məlumatlı şəxsin sözlərinə görə, Əmək Məcəlləsinin tələblərini riayət etməyən müəssisələrdən biri də «Azərboru» ASC-dir. Belə ki, Azərbaycan Boruyayma Zavodunun 1947-ci ildə yaradıldığını vurğulayan mənbə bildirir ki, təxminən, 2-3 il öncə «Baku Steel Company» tərəfindən özəlləşdirilən «Azərboru» ASC tikişsiz sorucu-kompressor boruların, qoruyucu boruların, eləcə də ümumi və xüsusi təyinatlı tikişsiz boruların istehsalı ilə məşğul olur: «Qeyd edim ki, «Azərboru» ASC («Azerpipe» MMC) Rusiya bazarında fəaliyyətinə 2012-ci ilin dekabr ayında başlayıb. Bu şirkət «Azərboru» boruyayma zavodunda istehsal olunan məhsullara müştərilərin getdikcə artan marağına cavab olaraq müəssisənin rəhbərliyi tərəfindən yaradılıb. Bu gün «Azerpipe» MMC Rusiya, Ukrayna, Qazaxıstan bazarlarına, habelə Avropa ölkələrinə tikişsiz boru məhsullarını təchiz edən müəssisələr şəbəkəsini təmsil edir.

Onu da nəzərinizə çatdırım ki, artıq bir müddətdir «Azərboru» ASC-də ciddi problemlər yaşanmaqdadır. Belə ki, fəhlələrin əksəriyyəti maaşlarını vaxtı-vaxtında ala bilməmələrindən gileylənirlər. Yəni zavod rəhbərliyi işçiləri işlətsə də, ara-sıra əməkhaqqıların verilməsində problem yaşanır». Zavod direktorunun işçilər arasında ayrı-seçkiliyə yol verdiyini iddia edən məlumatlı şəxsin sözlərinə görə, işçilər artıq onlara edilən haqsızlıqlardan təngə gəliblər: «Deyilənlərə görə, bu cür hallar «Azərboru» ASC-nin «Baku Steel Company» tərəfindən özəlləşdirilməsindən sonra müntəzəm xarakter almağa başlayıb. 2013-cü ildə «Baku Steel Company» «Azərboru» ASC-yə sahiblənib. Məhz elə həmin vaxtdan etibarən zavodda çalışan işçilərin sosial durumu əməlli-başlı aşağı düşüb. Çünki «Baku Steel Company» hər dəfə müxtəlif bəhanələrlə «Azərboru»nun işçilərinin əməkhaqlarını bir neçə ay gecikdirib. Məsələnin maraqlı tərəfi ondadır ki, «Baku Steel Company» şirkətinin rəsmiləri «Azərboru» ASC-nin işçilərinin orta aylıq əməkhaqqısının 1100 manat olduğunu qeyd edir. Lakin adıçəkilən zavodda çalışan fəhlələr ən yaxşı halda 250-300 manat məvacib alırlar. Hələ bu, harasıdır.

Deyilənlərə görə, bir müddət əvvələ qədər zavod tərəfindən işçilərə yemək verilirdi. Lakin artıq onu da kəsiblər. Qeyd olunur ki, «Azərboru» ASC-nin fəhlələrə gördürdüyü işlərin əksəriyyəti təhlükəli olsa da, bu zaman təhlükəsizlik qaydalarına demək olar ki, riayət olunmur. Bu səbəbdən də ara-sıra zavodda faciəli anlar yaşanır. Əgər aidiyyəti dövlət qurumları bununla bağlı köklü araşdırma aparsalar, o zaman «Azərboru» ASC-də vəziyətin həqiqətən də acınacaqlı olduğu, həmçinin Əmək Məcəlləsinin tələblərinə məhəl qoyulmadığı müəyyənləşə bilər». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.