BolgeXeber.Com » Xəbərlər » Bakıda olay: Hacı Yusif süpürgəçi qadına pul “atdı” – FOTO

Bakıda olay: Hacı Yusif süpürgəçi qadına pul “atdı” – FOTO

20-09-2016, 12:56
Oxunub: 2 592 Bakıda olay: Hacı Yusif süpürgəçi qadına pul “atdı” – FOTOAxşam mənə zəng etdi ki, oğlunun sənədlərinin üzünü çıxart və 400 manat pul gətir

Bolgexeber.com bildirir ki, aldadıldığını iddia edən vətəndaş Səidə Həmidova femida.az-a müraciət edib. Qadının sözlərinə görə, o, süpürgəçi işləyir. Yeganə övladı olan oğlu Ramal hazırda həbsdədir. Elə onun başına gələn hadisə də birbaşa oğlunun həbsdə olması ilə əlaqəlidir. Şəhərin küçələrinin təmizliyinə baxan qadın Hacı Yusif adlı şəxs tərəfindən aldadılmasından və 3.000 manat pulunun mənimsənilməsindən danışır:
“Oğlum Ramal həbsdədir. Bütün günü onun fikrini edirəm. Özüm də gördüyünüz kimi süpürgəçiliklə dolanıram. Bir gün iş vaxtı ürəyim sıxıldı və əlimdə süpürgə küçədə yıxıldım. Adamlar başıma yığışdılar, su, dərman verdilər. Həmin vaxt bir kişi məndən belə qəmgin olmağımın səbəbini soruşdu. Oğlumun həbsdə olduğunu və səhhətində problemlər olduğunu ona dedim. Kişi özünü mənə Hacı Yusif kimi təqdim etdi. Dedi ki, özü də həkimdir. Həmçinin qohumları xəstəxanada və polisdə işləyir. Onların əli ilə oğlumu ruhi əsəb dispanserinə yatırmağa kömək edəcəyini bildirdi. Mən də inandım. Balama görə bu tora düşdüm. Bu adamı hər gün işlədiyim ərazidə gördüyümdən etibar etdim. Axşam mənə zəng etdi ki, oğlunun sənədlərinin üzünü çıxart və 400 manat pul gətir. Biz 20-ci Sahə tərəfdə görüş təyin etdik. Mən, xəstə yoldaşım və qaynım onunla görüşə getdik. Sənədləri və 400 manat pulu ona verdik. Hacı Yusif kimi özünü təqdim edən şəxs bizə dedi ki, sizin oğlunuzu tezliklə xəstəxanaya aparacaqlar. Pulu və sənədləri aldıqdan sonra bizə söz verdi ki, Qurban bayramından sonra işi həll edəcək. Bayramdan bir neçə gün əvvəl zəng etdi ki, təcili 600 manat verməliyik. Bəs oğlumu artıq xəstəxanaya qaldırırlar. O, telefonda iki nəfərlə danışdı. Dediyinə görə, onlardan biri Maştağa Ruhi Əsəb Dispanserində işləyən Arzu adlı bir xanımdır. Bizi inandırdı ki, 2000 manat pul düzəldib versək, Arzu xanım sənədə möhür vuracaq. Mənim də əlimdə pul yox idi. Bir nəfər adamdan faizə pul götürdüm və sənədlərlə birlikdə ona verdim. Artıq bayrama bir gün qalmışdı. Pulu alandan sonra telefonuna zəng çatmadı. Artıq aldadıldığımı hiss etdim. 102 xidmətinə məlumat verdim. Həmçinin Səbail Rayonu 41-ci polis bölməsinə ərizə yazmışam. Ancaq bir xəbər yoxdur. Həmin şəxsin görüntüləri, danışıqları var. Polis onu asanlıqla tapa bilər. Mən süpürgəçiliklə, zülmlə pul qazanıram. Özünü Hacı adlandıran şəxs necə məni aldada bilər?”
Qadının iddialarına görə, həmin şəxs bir sıra vəzifəli şəxslərlə qohum olduğunu deyib və onları inandırıb: “O bizə dedi ki, İşgəncələr Əleyhinə Komitədə onun Aftandil adlı qohumu var. Onun köməkliyi ilə oğlumun xəstəxanaya yatırtmağa kömək edəcəyini dedi. Bir də bir polis bölməsinin rəisi ilə qohum olduğunu bildirdi. İndi başa düşürəm ki, bütün bunları fırıldaqçılıq məqsədi ilə edib”.
Qadının sözlərinə görə, həmin pulu tanış adamdan faizlə borca götürüb. İndi də maaş kartı girov kimi həmin şəxsdədir. Bu səbəbdən də maddi imkanı olduqca pisdir. Həbsdə olan oğlunun yanına getməyə də çətinlik çəkir. Məsələ ilə bağlı Səbail rayonu 41-ci polis bölməsi ilə əlaqə saxladıq. Bölmədən verilən məlumata görə, hadisə 8-ci polis bölməsinin ərazisində baş verdiyi üçün məlumatlar oraya göndərilib.