BolgeXeber.Com » Xəbərlər » “Kapital Bank” 45 ailəni get-gələ salıb - SƏRHƏDYANİ BÖLGƏNİN SAKİNLƏRİ "KAPİTAL BANK"DAN DAD EDİRLƏR

“Kapital Bank” 45 ailəni get-gələ salıb - SƏRHƏDYANİ BÖLGƏNİN SAKİNLƏRİ "KAPİTAL BANK"DAN DAD EDİRLƏR

25-10-2016, 14:26
Oxunub: 4 057 “Kapital Bank” 45 ailəni get-gələ salıb - SƏRHƏDYANİ BÖLGƏNİN SAKİNLƏRİ "KAPİTAL BANK"DAN DAD EDİRLƏRNazirlər Kabineti 2007-ci ilin noyabrında qaydalara bir əlavə də edib

“Kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsindən ayrılan vəsaiti ala bilmirik”.
Bu haqda Gununsesi.info-ya Tovuz rayonu Koxanəbi kəndinin sakini Nəsib Kamil oğlu Hüseynov bildirib. Onun sözlərinə görə, sərhədboyu kənddə yaşadıqlarından tez-tez rayon mərkəsinə gedib-gələ bilmirlər: “Atəş altında yaşadığımızdan tez-tez rayon mərkəzinə gedə bilmirik. 15 gündür ki, dövlətin ayırdığı vəsait bank hesabımıza köçürülsə də, istifadəçi kartlarını “Kapital Bank”-dan ala bilmirik. Kəndin 45 ailəsi get-gələ salınıb. Pay torpaqlarımızı əkib-becərmək vaxtı da bitir. Bankın rayon filialı hər dəfə bir bəhanə uydurur. Bankın əsas ofisi ilə isə əlaqə saxlaya bilmirik. Etdiyimiz zənglər də cavabsız qalır. Havalar soyuyur, torpağı əkib-becərmək də çətinləşir. 45 təsərrüfatı “Kapital Bank” iflic vəziyyətinə salıb”-, deyə o bildirib
Qeyd edək ki, 8 sentyabr 2016-cı ildə Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının növbəti iclası keçirilib. Komissiyanın iclasında kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 50 manat, habelə buğda, çəltik, pambıq, tütün əkinlərinə görə istehsalçılara əlavə 40 manat məbləğində yardım verilməsi ilə bağlı rayon (şəhər) kənd təsərrüfatı idarələrinin və rayon (şəhər) komissiyalarının 60 rayon (şəhər) üzrə təqdim etdiyi sənədlərə baxılıb.
Respublika Komissiyası 60 rayon (şəhər) üzrə 385 247 istehsalçıya 1 231 262,24 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda, çəltik, pambıq və tütün əkininə görə 82 372 618,0 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) kənd təsərrüfatı idarələrinə və rayon (şəhər) icra hakimiyyətlərinə göndərilib.
Eyni zamanda, iclasda 4 satıcı təşkilat o cümlədən “Aqrolizinq” ASC, “Aqroline Group” MMC, “MKT İK” MMC, “EKO Trade” MMC tərəfindən 70% güzəştlə 5019 nəfər kənd təsərrüfatı məhsullarının istehsalçılarına 46 074,25 hektara görə 9 837 056 kq mineral gübrə üçün 4 281 166,86 manatın, həmçinin 4 satıcı təşkilat o cümlədən “Aqrolizinq” ASC, “Aqrokimya” MMC, “EMA” MMC, “Aqrico” MMC tərəfindən 70% güzəştlə 2 413 nəfər kənd təsəfərrüfatı məhsullarının istehsalçılarına 35 649,81 hektara görə 15 905,22 kq pestisid üçün 347 342,94 manatın dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə Respublika Komissiyası qərar qəbul edib.
Xatırladaq ki, 2007-ci ilin yanvarında prezident İlham Əliyev “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi” haqqında müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, əkin işləri ilə məşğul olan bütün istehsalçılar torpaq sahəsinə görə subsidiya əldə edə bilir və onlara mineral gübrələrin güzəştlə satılması nəzərdə tutulur. Həmin ilin fevralında Nazirlər Kabineti “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları“nı və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən gətirilən mineral gübrələrin kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəştlə satılması Qaydalarını təsdiqləyib. Bu qaydalara əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarının yanacağa və mühərrik yağlarına çəkdikləri xərclərin kompensasiya edilməsi üçün hər hektar əkilən sahəyə görə 40 manat subsidiya ayrılır.
Nazirlər Kabineti 2007-ci ilin noyabrında qaydalara bir əlavə də edib. Əlavə buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılmasını nəzərdə tutur. Bu qərara əsasən, buğda və xam düyü (çəltik) əkənlərə yanacaq və motor yağlarından əlavə 40 manat da subsidiya ayrılır. Beləliklə, becərilən hər hektar sahəyə görə, bütün istehsalçılar 40 manat, buğda və çəltik əkənlər isə 80 manat subsidiya verilir.