BolgeXeber.Com » Xəbərlər » “Abşeron” Gənclər Şəhərciyinin sakinləri nədən narazıdır? - ŞİKAYƏT VAR

“Abşeron” Gənclər Şəhərciyinin sakinləri nədən narazıdır? - ŞİKAYƏT VAR

26-10-2016, 10:12
Oxunub: 1 884 “Abşeron” Gənclər Şəhərciyinin sakinləri nədən narazıdır? - ŞİKAYƏT VAR“Abşeron” Gənclər Şəhərciyinin bir qrup sakini "Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası"ASC-nin baş direktoru Göksel Aybekdən şikayətçidir

Tezadlar.az xəbər verir ki, şikayətə səbəb baş direktorun şəhərciyin sakinlərini aldatması olub.

"Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası"ASC-nin baş direktoru Göksel Aybekin laqeyd münasibətindən bezən sakinlər çıxış yolunu Prezidentə şikayət etməkdə görürür. Müraciətdə deyilir:

«Möhtərəm cənab Prezident!
7 ildən çoxdur ki, "Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası"ASC-nin Xırdalan rayonu ərazisində inşa edərək istifadəyə verdiyi “Abşeron” Gənclər Şəhərciyindən mənzil almışıq. Mənzili alan zaman şirkətin rəhbərliyi bizə çox rahat, müasir tələblərə cavab verən (24 saat su təchizatı, qaz, istirahət parkı, idman meydançası, tibb məntəqəsi və s.) şərait vəd etmişdir. Lakin çox təəssüflər olsun ki, bu günə kimi qeyd edilən vədlərin heç biri yerinə yetirilməyib.
Hörmətli cənab Prezident!
Bu gün ucqar rayonlarımızın kəndləri belə, təbii qazla təmin olunduğu halda, Bakı-Sumqayıt yolunun 7 km-də yerləşən “Abşeron” Gənclər Şəhərciyinə qazın verilməsi məsələsi hələ də həllini tapmayıb.
Diqqətinizə çatdırırıq ki, 2 il öncədən SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi şəhərciyin qazla təmin olunması üçün işə başlamışdır. Lakin son vaxtlar “Azəriqaz” İB-nin işçiləri işlərini dayandırıb, hətta quraşdırdıqları qaz sayğaclarını sökməyə başlayıblar. Deyilənə görə, buna səbəb tikinti şirkətinin “Azəriqaz” İB-nə külli məbləğdə borclu olmasıdır. Bunun əzabını isə biz sakinlər çəkirik.
Şəhərciyin 10 minə yaxın sakini (200-ə qədəri qaçqın və məcburi köçkündür) var, əksəriyyəti isə aztəminatlı ailələrdir. Qış aylarında kompleksdə həyat iflic vəziyyətinə düşür. Binaların mərkəzi istilik sistemi olmadığına görə mənzillər elektrik cihazları ilə qızdırırıq. Nəticədə, ayda 100-200 manat işıqpulu ödəmək məcburiyyətində qalırıq.
Digər problemimiz istimai nəqliyyatla bağlıdır. Nəqliyyat Nazirliyinə dəfələrlə müraciət etməyimizə baxmayaraq, şəhərciyin ictimai nəqliyyat problemi həllini tapmır. Eyni zamanda, şəhərcik sakinlərinin istifadəsinə verilmiş yerüstü piyada keçidi tikilən zaman yaşlı insanlar, uşaqlar, hamilə qadınlar nəzərə alınmayıb. Ona görə də, demək olar ki, həmin keçiddən istifadə olunmur. Çünki keçiddə ekskalator quraşdırılmayıb».
Sakinlərin üzləşdiyi problemlərdən biri də yaşadıqları mənzillərə qeydiyyata alınmamasıdır: «Kimi rayon, kimi də qohumunun üzərində qeydiyyatdadır. Ya da ümumiyyətlə, heç bir yerdə qeydiyyatda deyillər. Bu səbəbdən də ölkədə keçirilən seçki və referendumlarda iştirak edə bilmirik. "Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası"ASC-nin baş direktoru Göksel Aybekin yarıtmaz fəaliyyəti ucbatından vətəndaşlıq hüququndan da məhrum olunmuşuq.
Şəhərcikdə tibb məntəqəsinin olmaması üzündən sakinlər səhhətində baş verən hər hansı bir narahatlıq zamanı Xırdalan və Bakı şəhərinə getmək məcburiyyətində qalırlar.
Hörmətli cənab Prezident!
Qeyd edək ki, sadalanan problemlərdən "Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası"ASC-nin baş direktoru Göksel Aybek xəbərdardır. Çünki bu barədə baş direktora dəfələrlə yazılı və şifahi müraciət etmişik. Lakin o, problemin həlli üçün heç bir addım atmayıb. Şirkətə 2 ildir rəhbərlik etməsinə baxmayaraq, bir dəfə də olsun şəhərciyə ayaq basmayıb. Eyni zamanda, nə özü, nə də səlahiyyətli nümayəndəsi biz şikayətçiləri qəbul edib.
Hörmətli cənab Prezident!
Ümidimiz yalnız Sizə qalıb. İnanırıq ki, məhz Sizin göstərişiniz sayəsində problemimiz həllini tapacaq".
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com