BolgeXeber.Com » Xəbərlər » “Mədəniyyət və Turizm Nazirliyindən çox yanıqlıyam”

“Mədəniyyət və Turizm Nazirliyindən çox yanıqlıyam”

14-07-2017, 13:31
Oxunub: 2 567 “Mədəniyyət və Turizm Nazirliyindən çox yanıqlıyam”"Mən 350 manata yaxın əməkhaqqı alıram, 1000 manat almıram ki...O maaşla özümü dolandırım, kirayə haqqı verim, yoxsa?"

Bu gün haqqında söhbət açacağımız xanəndənin maraqlı sənət ömrü olsa da, onu geniş tamaşaçı kütləsi o qədər də yaxşı tanımır.Amma öz ifası ilə artıq müəyyən auditoriyanın rəğbətini qazanıb. O, muğam ustadları ilə də sevimli tərəfdaşdır. Çünki zamanında məhz böyük sənətkarlardan, ustadlardan dərs alıb, sənət yolunda onlardan bəhrələnib.Söhbət Opera və Balet Teatrının solisti, xanəndə Mütəllim Dəmirovdan gedir. “Cümhuriyət” qəzetinin əməkdaşı ifaçı ilə söhbətləşib, onun sənət və həyat yoluna nəzər salıb.

- Necə oldu ki, muğama yönləndiz və müəlliminiz kim olub?

- Muğama uşaqlıqdan həvəs göstərmişəm. Çünki atam musiqiçi olub.Bir çox sənətkarların, xanəndələrin nağara ifaçısı idi və onlarla birgə toy məclislərinə gedirdi.Onun həm nağara ifası, həm də gözəl səslə oxuması məni muğama həvəsləndirdi.4-5 yaşlarımdan nağara çalırdım.Atam isə o vaxt Asəf Zeynallı adını musiqi kollecində oxuyurdu. O kollecdə 1 il oxudu, sonra dolanışığın çətinləşməsi səbəbindən sürücülük etməyə başladı. Yəni, xanəndəliyi sırf sonadək davam etdirə bilmədi.Halbuki vaxtilə böyük sənətkarlar ona yüksək qiymət vermişdi.Xan Şuşinski dəfələrlə atama deyirdi ki, xanəndəliyi davam etdirsə, ondan gözəl sənətkar çıxacaq.Bir sözlə, ona dəstək olunmadı.Bununla yanaşı mən atamdan bəhrələnirdim, ifasını dinləyirdim.Hardasa 10 yaşımda oxumağa başladım.

Bütün xalq mahnılarını, təsnifləri atam öyrədirdi.14-15 yaşımda səsim batdı və atam məni oxumağa qoymadı.1989-ci ildə hərbi xidmətə getdim və iki ildən sonra qayıtdım.Elə oldu ki, görkəmli sənətkarımız, dünyaşöhrətli muğam ifaçısı Alim Qasımova rast gəldim.Dədə-baba yurdumuz Qobustan rayonunun Qurbançı kəndində toy məclisi idi.Əsgərilikdən yenicə gəlmişdim.Dedilər, Alim Qasımov kənddə toydadır.Onu dinləməyə getmişdim. Məni görən kimi oxutdu və dedi ki, səsin qayıdacaq. Sözün açığı, məni həvəsləndirdi.Halbuki ümidimi üzmüşdüm. Təxminən 25 yaşımda hiss etdim ki, səsim qayıdır. Nəhayət, Asəf Zeynallı adına Musiqi Kollecində və daha sonra Azərbaycan Milli Konservatoriyasında Alim Qasımovun sinfində dərs aldım. O zaman Alim Qasımov həm də Opera və Balet Teatrının solisti idi, Məcnun rolunda çıxışları olurdu. Dedi ki, gəl, səni Opera və Balet Teatrına işə düzəldim, Məcnunun dostu Zeyd rolunu ifa et. Bununla yanaşı Respublika Xanəndələr Müsabiqəsinin laureatı idim. Arif Babayev, Canəli Əkbərov, Baba Mahmudoğlu, Səfa Qəhrəmanov, Qəndab Quliyeva, Səkinə İsmayılovanın imtahanından uğurla keçdim. İlk çıxışım 1996-cı ildə Mələkxanım Əyyubova (Leyli) və Alim Qasımovun (Məcnun) iştirakı ilə “Leyli və Məcnun” operasında Zeyd rolunda oldu.Həmin ildən indiyədək Opera və Balet Teatrında çalışıram.

- Gənc xanəndələrin ən böyük arzusu Məcnunu oynamaqdır. Sizin necə?

- Sözün açığı, mənim də böyük arzum Məcnunu ifa etmək olub. Hərçənd ki, Zeyd, İbn Salam və indi də Məcnunun atası rolunda ifalarım olur.Hətta Məcnun rolunu da hazırladım.Müəyyən səbəblərə görə alınmadı və bu işdən soyudum.Bir qədər öz tənbəlliyim də oldu və işə ciddi yanaşmadım.Ciddi yanaşsaydım, oxuyardım.Məcnun rolunda çıxış etmək fikrim var idi, amma bundan sonra istəmirəm.Səbəblərini açmağa lüzum görmürəm.Dərinliyə getmirəm, çəkildim bu yoldan.Bu da Allahın bir qismətidir.Kiçik rolların da öz məsuliyyəti var. O kiçik rolları da elə ifa etməlisən ki, dinləyici səni qəbul eləsin. Buna da şükür...

- Məcnun rolunu ifa etsəydiniz, Leylinin kim olmasını istərdiz?



- Leyli kim olsaydı, mənim üçün fərqi yox idi. O vaxt bu rolu Nəzakət Teymurova, Aygün Bayramova, Gülüstan Əliyeva, Gülyaz Məmmədova, Səkinə İsmayılova ifa edirdilər.

- Muğamda qruplaşmaların olduğu deyilir. Bu hal varmı və sizə hansısa qruplaşma əngəl törədibmi?

- O qruplaşmalar keçmişdən indiyədək var və olacaq da... İnsanların ağlı, düşüncəsi, dərrakəsi olsa, belə şeylərə önəm verməzlər.Hərə öz işi ilə məşğul olsa, gənc xanəndələr də irəliləyə bilərlər.Belə qruplaşmalar keçmişdən ötürülə-ötürülə gəlib.Mənim özümə də dəfələrlə həmlələr olub.Məsələn, konsertə, çəkilişə getmişəm, oradan kənarlaşdırılmışam.Belə şeylərin heç fərqinə varmamışam.Onları Allaha tapşırıram.İnsan belə zərbələri alır, hardasa çəkinir, sənətindən iyrənir.Amma sonra dərinliyə varanda düşünürsən ki, bu sənətdirsə, geri çəkilmək lazım deyil. Mənə elə gəlir ki, hər bir sahədə belə maneələr var. Elə adam var ki, həmin maneəni aşıb keçə bilir və öz hədəfinə çatır. Allah o hədəfi də bizə qismət eləsin ki, biz də aşaq.İnsan belədir ki, gedib hansı nöqtəyə çatsa da, göz doymur.

- Belə fikir var ki, siz ustadınız Alim Qasımovu keçmisiniz... Bu iddia ilə razısınızmı?

- Yox, qətiyyən. Alim böyük sənətkardır.Çox insanlar var ki, Alim Qasımovu qəbul etmir.Deyirlər ki, keçmiş ifaları gözəldir, indiki ifaları isə bizə çatmır. O, yaradıcılığını gücü çatdığı qədər xalqa təqdim edir və bundan sonra da davam edəcək. Allah ona ömür versin. Hər gülün öz ətri var...

- Bu qədər gec tanınmağınızın səbəbi nədir?

- Rəhmətlik Şəfa Hüseynova ilə telekannallardan birində “Musiqili meydan” verilişinə dəvət edilmişdik. O vaxt həqiqətən də çox tanındıq. Düzdür, müəyyən qədər tanınırıq.Amma çox tanınmaq üçün gündə efirlərdə olmaq gərəkdir.Gündə efirlərdə olmaq üçün isə vəsait xərcləməlisən ki, reklamın getsin.Ona da mənim gücüm çatmır deyə çəkilirəm. Sağ olsunlar, hərdən dəvət edirlər, müəyyən qədər güzəştlər olunur. Amma adama elə qiymət oxuyurlar ki, qalırsan belə, ikinci dəfə getmək istəmirsən.İndi efirlərin bir fırıldağı da var. Mənə deyirlər ki, sənin tituların yoxdur.Titulun bura nə dəxli var?

- Toy biznesi olmasa, xanəndələrin vəziyyəti necə olar?

- Toy olmasa, bu sənətkarlar məhv olar. Tanıyan və sənətimə qiymət verən insanlar toylara çağırırlar.Əsasən dinləyib, zövq alanlar məni toylara dəvət edir. Sag olsun xalqımız ki, bizi arada toy məclislərinə dəvət edir, xırda-para qazanırıq. Tək mən elə deyiləm, bu sənətdə olanların çoxu xalqın əlinə baxır.Dəvətlər həm şəhər, həm də kənd toylarından olur.Toy da çox qəliz məsələdir. Orada hər cür insan olur, içkili də... O qədər işlər gəlir ki, adamın başına... Hər kəsin də nazı ilə oynamalısan.Adamlar tanıyıram ki, dözmür, toyu yarımçıq tərk edib çıxır.Zaman elə gətirib ki, insanlar çox zaman oxumağa adi baxırlar.

- Dolanışığınız deyilənə görə çətindir...

- İşim Opera və Balet Teatrındadır.Mən 350 manata yaxın əməkhaqqı alıram, 1000 manat almıram ki...O maaşla özümü dolandırım, kirayə haqqı verim, yoxsa?Mənim maaşım normal olsa, heç vaxt toya getmərəm və sırf sənətimin üzərində işləyərəm.Gedərəm, sadəcə elit məclislərə...Toy bir gəlir yeridir.1000 manata yaxın əməkhaqqı alsan, sənətin üzərində işləsən, ona çıxıb efirlərdə xalqa təqdim etsən, bundan gözəl heç nə yoxdur.Etiraf etmək lazımdır ki, çətinlikdir.Şəxsən mən dolana bilmirəm.Vəziyyət getdikcə pisləşir.Başqa fəaliyyətim müəllimlikdir. Ondan da 100 manat maaş alıram. İndi müəyyən insanlara evlər verilir.Çox istərdik ki, mədəniyyət işçilərinə də evlər verilsin.Mən xalq artistləri tanıyıram ki, 7-8 evi var. Olmayana versinlər. O qədər rüşvətə öyrənmişik ki, bu, millətin evini yıxıb. Hara addım atırsan, deyir ki, pul ver. Adi bir sənəd almaq üçün də pul istəyirlər. Bu onların işidir axı... Yaxşı ki, “ASAN Xidmət” açıldı, bir qədər bunun qarşısı alındı.İnsanlar niyə gedib intihar edirlar? O qədər boğaza yığılırlar, təngə gəlirlər ki... İnsanı bezdirəndə hər şeyə əl atır.Sözsüz ki, insanın bəxtinin olması da şərtdir.Yəqin mənim bəxtim belə gətirib və belə də davam edəcək.

- Xarici festivallarda iştirak etmisizmi?

- Sözün açığı, bundan bir az yanıqlıyam. Kimsə gərək məni təqdim eləsin ki, belə bir oxuyan var və məni göndərsin.Dəfələrlə olub ki, özüm bununla bağlı müraciət etmişəm.Deyiblər, get, özümüz zəng edəcəyik.Mədəniyyət və Turizm Nazirliyindən çox yanıqlıyam.Bu müsahibəni oxusalar, zəng edəcəklər ki, sizin solistiniz pis danışdı.Amma mən həqiqəti deyirəm.Ayrıseçkilik olur, müəyyən tapşırıqlarla, rüşvət və əliəyriliklə insanlar festifallara göndərilir.Dəfələrlə bununla bağlı şikayətlənmişəm.Hətta efirlərdə buna görə “vurulmuşam”.Demişəm və zərbəsini də almışam.Kimlərinsə zəngi, tapşırığı ilə təqdim olunmalısan.Yaxud da pulun olmalıdır ki, öz sözünü özün deyə biləsən.Əslində bunların hamısı işimə, sənətimə bir maneədir.21 ildir ki, Opera və Balet Teatrının solistiyəm.Məndən sonra gələnlər var ki, o şeylərə nail olublar. O vaxt Rastropoviç Bakıya gələndə təqaüdə çıxmış rus solistlərindən birinin zibillikdən çörək yığdığını görmüşdü. O, mərhum prezidentimiz Heydər Əliyevə bunu demişdi. Heydər Əliyev belə bir sərəncam verdi ki, növbə ilə hamı mükafat, sonra isə təqaüd alacaq. Bunu da başqa istiqamətə apardılar. Hər il eyni adam o mükafatı alır. Heydər Əliyev belə deməmişdi axı... Ümid yerim prezident İlham Əliyevdir.Bundan sonra həmişə sözümü açıq deyəcəm.

- Siyasətlə maraqlanırsınızmı?

- Mən siyasət adamı deyiləm. Amma prosesləri izləyirəm.Qəzetlərə diqqət yetirirəm, mütaliə edirəm.Çox zaman internetdən informasiyalar alırıq.Siyasətdən uzağam.Əsas odur ki, doğulanda siyasətçi kimi doğulasan və bu işi davam etdirəsən.Mən sənətimin siyasətini yürüdürəm.