BolgeXeber.Com » Siyasət » Milli Məclisin “itkin” deputatları

Milli Məclisin “itkin” deputatları

11-05-2012, 21:00
Oxunub: 4 396 IV çağırış parlamentin işə başlamasında 2 ilə yaxın zaman ötsə də, bəzi millət vəkillərindən hələ də xəbər yoxdur

2010-cu ildə seçilmiş IV çağırış Azərbaycan Milli Məclisin fəaliyyətə başlamasından 2 ilə yaxın zaman ötür. Bu müddət ərzində Azərbaycanda və dünyada ali qanunverici orqanın təmsilçilərinin, xalqın etimad göstərib özünə vəkil seçdiyi deputatların münasibət bildirməli olduğu mühüm hadisələr cərəyan edib. Etiraf etmək lazımdır ki, hakimiyyətin mühüm qollarından biri kimi həm Milli Məclis, həm də onun əksər deputatları bu proseslərə aktiv şəkildə mövqe açıqlayıb, millət vəkili kimi gərəkli münasibəti ortaya qoyublar.
Ancaq bu iki il müddətində ölkədə və dünyada heç nə baş vermirmiş kimi davranan, nə Milli Məclisin iclaslarında, nə də mətbuatda hər hansı məsələyə münasibəti bəlli olmayan deputatlar da olmamış deyil. Bu millət vəkilləri nəinki cəmiyyəti narahat edən məsələlərə münasibət bildirirlər, hətta lazımi məqamlarda Milli Məclisdə təmsil etdikləri hakim Yeni Azərbaycan Partiyası və ümumilikdə iqtidarı dəstəkləyən bəyanatlar, açıqlamalar belə vermirlər.
Qaynar.info şərti olaraq “itkin” deputatlar adı verdiyi bu parlament üzvlərini hissə-hissə oxuculara təqdim edəcək…

XANLAR FƏTİYEV

Milli Məclisdə 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsini təmsil edən Xanlar Fətiyev də Milli Məclisin biznesmen deputatlarındandır. Hazırda Gəncə Avtomobil Zavoduna rəhbərlik edən X.Fətiyevi ictimaiyyət həm də Gəncə Futbol Federasiyasının sədri kimi də tanıyır.
Ancaq, 2 ilə yaxındır Milli Məclisin deputatı olmasına baxmayaraq, Xanlar Fətiyevi ictimai-siyasi çevrələr demək olar ki, tanımır. Çünki hörmətli millət vəkilinin nə Milli Məclisin iclaslarında, nə hansısa tədbirlərdə, nə də mətbuatda hər hansı çıxışını, münasibətini görən olmayıb.
X.Fətiyevlə bağlı “Google”də apardığımız araşdırmalar zamanı isə ortaya ancaq futbolla bağlı nəticələr çıxdı ki, onların da bir neçəsi heç də deputatın xeyrinə deyil.. Məsələn, “Kəpəz”i Elmar Vəliyevlə Xanlar Fətiyevin qarşıdurması dağıdıb…” kimi…

MAHİR ASLANOV

96 saylı Goranboy – Naftalan seçki dairəsindən Milli Məclisə mandat qazanan Mahir Aslanov ictimaiyyətə daha çox böyük iş adamı kimi tanışdır. M.Aslanov hazırda özündə bir sıra biznes sahələrini birləşdirən “Kəpəz Group”a və “Happy İnn” otellər şəbəkəsinə sahiblik edir.

Amma nə yazıq ki, hörmətli millət vəkili biznesdə qazandığı uğurları, siyasətdə təkrarlaya bilmir. İndiyədək, kimə Mahir Aslanovun Milli Məclisin iclaslarında və ya mətbuatda hər hansı məsələyə münasibət açıqladığına şahidlik etməyib. Elə bununla bağlıdır ki, deputatla bağlı “Google” axtarış şəbəkəsindəki axtarışlarımızın nəticəsi belə oldu: “Yarım milyon manatlıq mandat”; “Mahir Aslanovun “Kəpəz” “qalası”; “Goranboylular deputat axtarışında”….

/qaynar.info/