BolgeXeber.Com » Siyasət » Azərbaycanın Polşaya yeni səfiri təyin olundu - DOSYE

Azərbaycanın Polşaya yeni səfiri təyin olundu - DOSYE

8-01-2021, 16:08
Oxunub: 4 054 Prezident İlham Əliyev Azərbaycan Respublikasının Polşa Respublikasında yeni səfirinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Nərgiz Akif qızı Qurbanova Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Digər sərəncamla Nərgiz Qurbanova Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.


Nərgiz Qurbanova 1975-ci ildə anadan olub. 1991-1994-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisasi üzrə bakalavr və 1995-1997-ci illərdə magistr dərəcələri alıb.

1997-1999-cu illərdə isə Qərb Universitetinin (Azərbaycan) Beynəlxalq menecment ixtisasının magistr dərəcəsini bitirib. N.Qurbanova həmçinin Yönşöpinq Beynəlxalq Biznes Məktəbinin (İsveç Krallığı) Beynəlxalq biznes fakültəsində (2000) və Nitsa Universitetinin (Fransa) Beynəlxalq hüquq fakültəsində (1997) təhsil alıb.

O, 2009-cu ildə Vyana Universitetindən (Avstriya) fəlsəfə elmləri doktoru dərəcəsi alıb.

N.Qurbanova 2001-ci ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışmağa başlayıb və 2001-2010-cu illərdə İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsində müxtəlif vəzifələr tutub.

Səfir təyinatından öncə N.Qurbanova Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsinin rəisi vəzifəsində çalışıb və Azərbaycanın iqtisadi gündəliyinin xaricdə təşviqi, regional və qlobal iqtisadi təşkikatlarla tərəfdaşlıq, Avropa İttifaqı ilə əməkdaşlıq, eləcə də ikitərəfli iqtisadi əlaqələrin və regional iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələləri ilə məşğul olub. N.Qurbanova həmçinin şerpa müavini qismində Türkiyənin sədrliyi çərçivəsində Azərbaycanın ilk dəfə olaraq G20 Sammitinin işində qonaq qismində iştirakına töhfə verib.

N.Qurbanova həmçinin 2004-2007-ci illərdə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyinə və 2010-2013-cü illərdə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinə (müşavir, müvəqqəti işlər vəkili və səfirinin müavini olaraq) ezam olunub.

Səfir N.Qurbanova "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919- 2009)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Nərgiz Qurbanova 2016-cı il 12 yanvar tarixində Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdi.


İngilis, fransız (orta) və rus dillərini bilir. Xanım səfir ailəlidir, bir oğlu var.