BolgeXeber.Com » Siyasət » Prezident İlham Əliyev Türkiyənin milli təhsil nazirini qəbul etdi

Prezident İlham Əliyev Türkiyənin milli təhsil nazirini qəbul etdi

20-05-2021, 12:57
Oxunub: 1 888 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuku qəbul edib.

Türkiyəli naziri salamlayan Prezident İlham Əliyev deyib:

-Xoş gəlmisiniz. Sizi görməyimə şadam. Əminəm ki, səfəriniz çox uğurlu olacaq və əlaqələrimiz bütün başqa sahələrdə olduğu kimi, təhsil sahəsində də daha sürətlə inkişaf edəcək.

Bildiyiniz kimi, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir və elə sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik. Təhsil sahəsi də əməkdaşlığımızın önəmli bir hissəsidir. Çünki, gənc nəslin yetişdirilməsi, bir-birinə bağlı olması üçün, əlbəttə ki, bu sahədə çox önəmli addımlar atılmalıdır və əslində atılır. Əminəm ki, sizin budəfəki səfəriniz çərçivəsində bir çox önəmli məsələlər müzakirə olunacaq və gələcək işbirliyimiz haqqında konkret planlar tərtib ediləcəkdir.

Bizim ölkəmizdə indi yeni dövr başlamışdır. İkinci Qarabağ müharibəsindən sonra bərpa və yenidənqurma dövrü başlamışdır. Mən sizə azad olunmuş torpaqlarda Ermənistan tərəfindən törədilmiş dağıntılara həsr edilmiş kitabı da təqdim edəcəyəm. Görəcəksiniz ki, bizim torpaqlarımız nə qədər böyük dağıntılara məruz qalıb. İndi şəhərlərin baş planı hazırlanır və bu baş planların tərkib hissəsi kimi məktəblərin tikintisi nəzərdə tutulur. Şuşa şəhərində ermənilər tərəfindən dağıdılmış məktəbin təməli bu ay qoyulmuşdur. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin də təməlqoyma mərasimi proqramda öz əksini tapıbdır.

Biz hazırda bu sahə ilə bağlı çox ciddi islahatlar aparırıq. Türkiyənin təcrübəsi bizim üçün çox önəmlidir. Həm təhsil, təhsilin keyfiyyətinin qaldırılması, eyni zamanda, Türkiyə və Azərbaycan gənclərinin bir-birinə daha sıx bağlı olması ilə əlaqədar əlavə təkliflər də müzakirə edilməlidir. Çünki, biz elə bir güclü müttəfiqlik yaratmışıq ki, gələcək nəsillər öz addımlarını bu müttəfiqliyə, bu qardaşlığa uyğun atmalıdırlar və indidən bir-birinə sıx bağlı olmalıdırlar. Hesab edirəm ki, bu məqsədlə müxtəlif tədbirlər – gənclər forumları, birgə təhsil proqramları və digər tədbirlər keçirilməlidir. Əminəm ki, siz səfər çərçivəsində bu məsələləri öz həmkarınızla geniş müzakirə edəcəksiniz.

Bir daha xoş gəlmisiniz.