BolgeXeber.Com » Siyasət » Əfqanıstanda tarixin ən böyük GEOPOLİTİK OYUNU DAVAM EDİR

Əfqanıstanda tarixin ən böyük GEOPOLİTİK OYUNU DAVAM EDİR

23-07-2021, 16:38
Oxunub: 2 560 Həqiqət budur ki, Liviyada istədiyinə nail olan Türkiyə prezidenti Ərdoğan Əfqanıstanda da uğur qazanarsa, tarixin ən böyük geopolitika oyunçularından biri ola bilər. ABŞ və müttəfiqləri 20 il sonra Əfqanıstandan çıxmaqla, radikal islamçı Talibanı yerli hakimiyyətlə üz-üzə qoydu. İndi ABŞ-ın hədəfi Türkiyənin Əfqanıstanın paytaxtı Kabulda qalmasıdır. Keçən dəfə də yazmışdım ki, Türkiyə iqtidarının da Əfqanıstanda hərbi baza qurmaqda geostrateji və geopolitik maraqları var.
Birincisi, Türkiyə Əfqanıstanda hərbi varlığını möhkəmləndirməklə, ABŞ-la son vaxtlar yaşadığı narazılıqları xəfiflətmək arzusundadır. Artıq vəziyyət o həddə çatıb ki, Taliban paytaxt Kabula doğru irəliləyərək, xeyli ərazini ələ keçirib. Əlbəttə, Taliban Əfqanıstan ərazisini bütövlükdə ələ keçirə bilməyəcək. Bu, təkcə Talibanın hərbi zəfərindən deyil, Əfqanıstan üzərində geopolitik maraqları olan dövlətlərdən də asılıdır. Taliban iddia edir ki, Əfqanıstanın ərazisinin artıq 85%-nə nəzarət edir. Reallıqda bu radikal islamçıların kontrol etdiyi ərazi 65%-i keçmir. Hətta bəzi yerlərdə talibançıların geri çəkildiyi də məlumdur. Ümumiyyətlə, talibançıların ümumi sayı 80 min nəfər olduğu deyilsə də, aktiv döyüşçülərin real sayı 40 mini keçmir.
Buna baxmayaraq, 40 min əsgər belə hökumət qüvvələrindən güclü görünür.

Kabuldakı rəsmi Əfqanıstan hökuməti indiki situasiyada çox zəif və yazıq görünür. Hətta Əşrəf Qani və Abdullah Abdullah da bu həqiqətin fərqindədir.
Mən bu iki siyasətçinin Qətərin paytaxtı Dohada Talibanla keçirdiyi danışıqlar masasında necə yazıq, necə miskin olduğunu müşahidə edirəm. Və indiki Əfqanıstan hökuməti qətiyyən Talibana dirənə bilməz. Bunun üçün üçüncü qüvvə, yəni Türkiyə səhnəyə daxil olur.
Bu əsnada, Təyyib Ərdoğanın Əfqanıstandakı taktikası maraqlıdır. Türkiyə dövləti Liviyada BMT tərəfindən tanınan hökuməti son anda marşal Xəlifə Xəftərin işğalından qurtardı. Əks təqdirdə, indi Liviyanın paytaxtı Trablusda Xəftərin hərbi xuntasını görəcəkdik. Ərdoğanın taktikası əvvəlcə Liviya hökuməti ilə hərbi-texniki əməkdaşlıq sazişini imzalamaq oldu və daha sonra türk donanması Liviyaya göndərildi. Ərdoğanın taktikası özünü doğrultdu və o, Liviya hökuməti ilə Aralıq dənizinin karbohidrogen yataqları ilə zəngin olan qitə sahəsində birgə fəaliyyət istiqamətində müqavilə imzaladı.
İndi gələk, Ərdoğanın Əfqanıstan taktikasına.

Qeyd edim ki, Əfqanıstan ərazisi zəngin təbii yeraltı resurslara malik bir ölkədir. Bu ölkədə zəngin neft-qaz, uran, qızıl və başqa minerallar var.
Digər tərəfdən, Türkmənistandan Pakistan və Hindistana uzun qaz-boru xəttləri də Əfqanıstan ərazisindən keçir. Gördüyünüz kimi, Əfqanıstanın geopolitik mövqeyi olduqca əhəmiyyətlidir. Bəs Ərdoğan burda hansı taktikanı həyata keçirəcək?
Məncə, Ərdoğan əvvəlcə Liviyada olduğu kimi, Əfqanıstan hökuməti ilə hərbi-texniki əməkdaşlıq sazişi imzalayacaq. Bu, Türkiyə iqtidarına Liviyada olduğu kimi vacibdir. Lakin bunun müqabilində də Əşrəf Qani hökuməti türklərə böyük güzəştlər təqdim etməli olacaq. Türklər də öz növbəsində dronlarını paytaxt Kabulda yerləşdirəcək.
Əslində, Ərdoğan da başa düşür ki, Əfqanıstanı tamamilə Talibandan xilas etmək mümkünsüzdür.

Bunu tarixdə nə Sovet İttifaqı, nə də ABŞ bacardı. Türkiyə Talibanla dini və məzhəbi yaxınlığından istifadə etməklə, dialoq kanallarını açıq saxlaya bilər. Taliban türklər kimi sünniliyin hənəfi məzhəbinə sitayiş edir.
Türklər din və məzhəb amilindən istifadə edib Talibanla dil taparsa, Əfqanıstanda öz geopolitik maraqlarını xeyli təmin etmiş olar. Daha sonrakı mərhələdə Taliban və yerli hökumət müvəqqəti iqtidar qurmaq imkanı da əldə edə bilər.
Yekun olaraq fikirimi belə tamamlamaq istəyirəm ki, türklərin Əfqanıstanda uzunmüddətli möhkəmlənməsi Mərkəzi Asiyada Ankaranın əlini gücləndirə bilər. Əlbəttə, mən hər hansı Turançılıq ideologiyasının bərqərar olmasını o qədər də asan hesab etmirəm. Lakin NATO üzvü Türkiyənin Əfqanıstan və Mərkəzi Asiyada yeni geopolitik aktyor olması qərbin də maraqlarına cavab verir.
Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev