BolgeXeber.Com » Siyasət » "Avropa İttifaqına üzv dövlətlərin üçdə biri Azərbaycanı strateji tərəfdaş hesab edir"

"Avropa İttifaqına üzv dövlətlərin üçdə biri Azərbaycanı strateji tərəfdaş hesab edir"

24-07-2021, 14:09
Oxunub: 3 768 “Ölkəmizin regionda ƏBƏDİ SÜLHÜN bərqərar olmasını təmin edəcək addımları Ermənistana Sülhü diqtə edir və qaçılmazlığını göstərir.”
Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin dünyanın ən güclü orduları sırasında qərarlaşdırdığı Azərbaycan Ordusu bütün Azərbaycan xalqını vahid və ən ülvi, həm də illərlə əlçatmaz görünən arzusuna qovuşdurdu, torpaqlarımızı 30 ildən artıq işğal altında saxlayan Ermənistan üzərində böyük Qələbə çalaraq əbədi azad etdi. Həm Vətən müharibəsi dövründə, həm də müharibədən sonrakı gedişlər dünyanın ölkəmizi heyranlıqla izləməsinə və təhlilinə səbəb olub. Bu gün beynəlxalq aləm Azərbaycanı daha heyranlıqla öyrənməyə başlayıb.
Dünya ölkəmizin yürütdüyü inkişaf siyasətindən, əldə etdiyi uğurlardan nəticələr çıxarmaqda israrlı görünür. Çünki Azərbaycan qlobal dünyanın yeni inkişaf trendlərini qabaqlayır, dünyanın mövcud, hazırkı durumuna yeni reallıqlar əlavə etməyi bacarır.
Bu günlərdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı əsasların mövcudluğuna diqqət çəkdi. Şarl Mişelin Qafqazın 3 ölkəsinə səfəri Avropanın Qafqaz gündəliyini nümayiş etdirir və ölkəmizin gündəliyinin də bunun özünə nə qədər uyğun olduğunu bir daha sərgiləyir.
Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi 9,5 milyard ABŞ dollar olan Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi isə 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu, həmçinin bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir. Azərbaycan üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəaldır. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdə biri Azərbaycanı strateji tərəfdaş hesab edir. Enerji təhlükəsizliyinin təmin olunmasında tarixi nailiyyətlər əldə olunub. Burada Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması xüsusi qeyd olunmalıdır. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub.
Azərbaycan Avropa İttifaqı ilə birlikdə uzun illərdir Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik edir. Avropa İttifaqı və Azərbaycanın rəhbərliyi altında Məşvərət Şurası bu layihənin uğurla həyata keçirilməsinin mühüm amili olub. 3500 kilometr uzunluğunda inteqrə olunmuş kəmər sistemi və nəhəng “Şahdəniz-2” qaz yataqlarının işlənməsi ölkələr arasında əməkdaşlığın nadir təcrübəsidir. Cənub Qaz Dəhlizi layihəsinə yatırılmış ümumi investisiyaların həcmi 33 milyard ABŞ dollarından çoxdur. Eyni zamanda, artıq 15 ildir ki, Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. Çünki Azərbaycan qazı təkcə yeni
marşrutdan olan qaz deyil, yeni mənbədən olan qazdır və bu, layihəni həqiqətən də enerji təhlükəsizliyi layihəsinə çevirir.
Bütün bu cür uğurlu gedişlərin nəticəsidir ki, Avropa İttifaqı sərhədlərin delimitasiyasına köməklik göstərməyə, dayanıqlı sülh və rifah naminə regionda olan ölkələr arasında əməkdaşlıq əlaqələri genişlənməsində məsuliyyətli olan Azərbaycanla müxtəlif məsələlər üzrə irəliləyiş səylərini dəstəkləməyə hazır olduğunu nümayiş etdirir.
Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin 2021 ci il 18 iyul tarixində keçirilmiş birgə mətbuat konfransı zamanı regionda dayanaqlı sülhün bərqərar olmasına və beynəlxalq layihələrin inkişafına maneə olan amillərə diqqət çəkmiş, bütün bu inkişafa mane olan səbəblərdən danışmış və bildirmişdir ki, rəsmi İrəvan hərbi cinayətkardır. Azad olunmuş ərazilərdəki dağıntılar beynəlxalq mediada geniş şəkildə təqdim edilib. İki müharibə arasındakı dönəmdə ermənilər işğal olunmuş ərazilərdə Azərbaycan xalqının tarixi, mədəni və dini irsini qəsdən məhv ediblər. Ağdam kimi böyük şəhər bu gün artıq mövcud deyil. Orada bir dənə də olsun salamat bina yoxdur. Füzuli kimi şəhər mövcud deyil. Cəbrayıl tamamilə dağıdılıb. Digər şəhərlər ermənilər tərəfindən qeyri-qanuni məskunlaşdırma üçün istifadə edilib ki, bunun özü də müharibə cinayətidir. Həmin məskunlaşdırma halları bəlli faktdır və etibarlı mənbələr tərəfindən təsdiq olunub. Basdırılmış minalar ərazidə bərpa-quruculuq işlərinin aparılmasını əsaslı şəkildə çətinləşdirir. Azərbaycan 10 min kvadratkilometrdən artıq ərazini minalardan təmizləməli və yenidən qurmalıdır. Orada 100 minlərlə mina basdırılıb və müharibə başa çatdıqdan - 10 noyabr tarixindən bu günədək minalar səbəbindən 140 nəfər həlak olub və ya yaralanıb. O cümlədən iki jurnalistimiz həlak olub. İkinci Qarabağ müharibəsi zamanı Ermənistan digər müharibə cinayətləri də törədib. Onlar bizim şəhər və kəndlərimizi qadağan olunmuş sursatlarla, o cümlədən ağ fosforlu mərmilərlə atəşə tutublar. Bu, sübuta yetirilmiş faktdır.
Bizim şəhər və kəndlərimizə qarşı “SCUD”, “Toçka-U” və “İsgəndər-M” tipli ballistik raketlərdən istifadə olunub və həmin müharibə cinayətləri nəticəsində 100-dən artıq dinc sakin qətlə yetirilib.”
Bütün bunlara baxmayaraq Azərbaycan hökuməti regionda yeni reallıqların həyata keçirilməsi üçün infrastruktura böyük sərmayə yatırıb. Bu gün regionda bütün kommunikasiyaların açılması üçün işğaldan azad edilmiş ərazilərimizdə üç beynəlxalq hava limanı inşa edilir. Birincisi - Füzulidəki hava limanı ilin sonunadək istismara veriləcək. İkincisi - Zəngilandakı hava limanı gələn il və Laçındakı beynəlxalq hava limanı isə 2023-cü ildə hazır olacaq. Beləliklə, Azərbaycandakı beynəlxalq hava limanlarının sayı 9-a çatacaq. Eyni zamanda, Ermənistan sərhədinə doğru dəmir yollarının tikintisinə başlanılıb. Ermənistan sərhədinə doğru magistral yolun tikintisinə başlanılıb. Biz öz ərazimizdə Ermənistan ərazisinə 100 kilometrdən çox magistral və dəmir yolları tikməliyik. Ermənistan ərazisində bu, təxminən cəmi 40 kilometrdir. Regionda bütün kommunikasiyalar paralel olaraq açılmalıdır. Bu, Ermənistan üçün Rusiya və İranla dəmir yolu əlaqəsinə sahib olmaq imkanı yaradır. Bu, Azərbaycan üçün
Naxçıvan Muxtar Respublikasına əlavə çıxış əldə etmək imkanı yaradır və regionun 4 ölkəsi - Azərbaycan, İran, Rusiya və Türkiyə bu yanaşmaya güclü dəstək verir.
Beləcə, ölkəmizin regionda ƏBƏDİ SÜLHÜN bərqərar olmasını təmin edəcək addımları Ermənistana Sülhü diqtə edir və qaçılmazlığını göstərir.
YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya