BolgeXeber.Com » Bölgə » Ağsuda bələdiyyə sədri vətəndaşın torpağını başqasına satıb

Ağsuda bələdiyyə sədri vətəndaşın torpağını başqasına satıb

23-05-2014, 11:15
Oxunub: 5 374 Bayram Ağaməmmədov: «Əliməhəmməd müəllim mənə deyir ki, ürəyin hara istəyir get şikayət elə»

Bələdiyyələrin fəaliyyətindəki çatışmazlıqlar və yerli özünüidaretmə orqanlarının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirə bilməməsi barədə çox danışmışıq. Zaman-zaman bələdiyyələrin ləğvi məsələsi də gündəmə gəlib. Amma müəyyən səbəblərə görə, rəsmi dairələr buna razılıq verməyib. Məlumunuz olsun ki, paytaxt Bakı ilə müqayisədə bölgələrdə mövcud olan bələdiyyələrin fəaliyyəti daha bərbad haldadır. Ötən gün Ağsu şəhər bələdiyyəsində cərəyan edən qanunsuzluqlarla bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub.

Həmin bilgilərə keçməmişdən əvvəl qeyd edək ki, mövcud qanunvericiliyə uyğun olaraq rayon ərazisində 32 yerli bələdiyyə yaradılıb. Bütün bələdiyyələr nizamnamə hüquqlarından istifadə edərək şəhər və kənd bələdiyyələrinin Milli Assosiasiyasında birləşib. Onların mülkiyyətində 51021,0 hektar torpaq sahəsi var. Bundan 656 hektarı bələdiyyənin ehtiyat fondu, 1070 hektarı yaşayış məntəqələrinin perspektiv inkişafı, 31001 hektarı otlaq, 426,0 hektarı biçənək və 17868 hektarı sair torpaqlardır. Bələdiyyələrin büdcəsinin formalaşdırılmasının əsasını torpaqların icarəyə, istifadəyə və mülkiyyətə verilməsi təşkil edir. Ağsu şəhəri Sədi Şirazi küçəsi ev 21 ünvanında yaşayan Ağaməmmədov Bayram Cəlil oğlu redaksiyamıza müraciət edərək məruz qaldığı özbaşınalıqları dilə gətirdi. Şikayətçi bildirdi ki, 2007-ci ildə Ağsu şəhər bələdiyyəsinin iştirakı ilə sahibkarlıq məqsədi üçün 2 sot torpaq sahəsi alıb:

«Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətiinin Şamaxı rayon ərazi idarəsi tərəfindən torpağa pasport verilib. Sənəd 2007-ci ilin fevral ayında təsdiq olunub. Reyestrin nömrəsi 409013000167-dir.

Bütün sənədlərim qaydasındadır. Yəni torpaq halal malımdır. Amma sənədlə mənə məxsus olan torpaq sahəsində şadlıq evi tikiblər. Şadlıq evini tikən şəxs ağsuludur. Bələdiyyənin indiki sədrinin qohumudur. Sədrlə əlbir olan həmin biznesmen mənim aciz adam olduğumu düşünərək torpağı ələ keçiriblər. Sənəddə Ağsu-Bico yolunun sağ tərəfindəki torpaq sahəsinin mənə aid olduğu göstərilib. İndi isə deyirlər ki, yolun solu sənindir. Yolun solu isə vətəndaşların həyətyanı sahəsinə düşür. Gərək kimsə evinin yarısını söksün ki, ordan 2 sot torpaq mənə verilsin». Bayram Ağaməmmədovun sözlərinə görə, Ağsunun keçmiş bələdiyyə sədri Aqil Niftalıyev rayonda pula gedən torpaqların hamısını satıb: «O hazırda 4 saylı Yol İstismar İdarəsinin rəisi vəzifəsində işləyir. Bələdiyyəyə isə Əliməhəmməd adlı şəxs rəhbərlik edir. O, vaxtilə Aqil Niftalıyevin köməkçisi olub. Əliməhəmməd müəllim mənə deyir ki, ürəyin hara istəyir get şikayət elə. Bütün dövlət qurumlarına müraciət edəcəm. Əgər görsəm ki, şikayətimə baxılmır, prezidentə üz tutacam. Heç kimin torpaq sahəsinə girməmişəm. Sənədli torpağımı zəbt edib yerində şadlıq evi tikiblər.

Məsələ ilə bağlı Respublika Prokurorluğuna və Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinə rəsmi şəkildə müraciət etmişəm. Deyiblər ki, məsələ nəzarətə götürülüb. Bundan başqa, Ağsu ərazisində yarım sot başqa torpaq sahəm də var idi. Həmin torpaqdan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu şəhər şöbəsinin tikintisində istifadə edilib. Ölkəmə canım da qurbandır. Torpağımı şöbənin tikintisi üçün ayırıblar, buna bir sözüm yoxdur. Heç olmasa əvəzində başqa yerdən torpaq versinlər.

Heç kim mənə kömək etmir. Sizdən xahiş edirəm ki, şikayətimi dərc edəsiniz. İlk növbədə, Ağsu şəhər bələdiyyəsindən və onun sədrindən şikayətçiyəm. Rayonun icra başçısı o qədər də vətəndaş qəbul edən deyil. Hərə öz sahəsinə cavabdeh olmalıdır. Keçmiş bələdiyyə sədri Ağsunu satdı getdi. Qurumun hazırkı sədri də belə işlərə yol verir. Respublikanın bütün səlahiyyətli orqanlarına müraciət edəcəm. Ağsunun keçmiş bələdiyyə sədri Aqil Niftalıyevin rayon ərazisində hektarlarla torpaq sahəsi var. Ancaq 2 sot torpağı mənə çox görürlər». Şkayətçinin tənqid hədəfi seçdiyi Ağsu şəhər bələdiyyəsinin sədri Əliməhəmməd müəllimin mövqeyini öyrənmək istəsək də, buna nail ola bilmədik. Buna baxmayaraq, qarşı tərəfin də cavab haqqını tanıyırıq. İnanmaq istərdik ki, aidiyyəti instansiyalar Bayram Ağaməmmədovun problemi ilə maraqlanıb onun pozulmuş hüquqlarını bərpa edəcək. “Gündəlik Bakı”