BolgeXeber.Com » Bölgə » Almaz Carçıyev Qazaxda qoçu saxlayır

Almaz Carçıyev Qazaxda qoçu saxlayır

24-05-2014, 12:45
Oxunub: 10 985 Beynəlxalq Bankın müdiri özündən xoflanır.
Ötən saylarımızda Azərbaycan Beynəlxalq Bankının Qazax filialı və onun müdiri Almaz Carçıyevin qanunsuz əməlləri barəsində tənqidi məqalələr dərc edilmişdi. Həmin məqalələrdə filialın müdirinin fəaliyyətində yer almış bir sıra qanun pozuntularına dair maraqlı açıqlamalar təqdim olunurdu. Qeyd olunurdu ki, filialda kreditlər həm “şarka” ilə verilir, həm də qanunsuz pul köçürmələri həyata keçirilir. Bildiyimiz kimi bu “qara köçürmə” əməliyyatları telefon zəngləri əsasında həyata keçirilir. Bu zaman bankın vəsaitlərindən istifadə olunsa da, əldə olunan gəlir birbaşa Almaz Carçıyevin cibinə gedir. 20 ildən artıq müddət ərzində bu vəzifəni daşıyan A.Carçıyev, hazırda rəhbərlik etdiyi bank filialını əsil ailə müəssisəsinə çevirdiyi də xüsusi vurğulanırdı. Onun qohumları filialda “ölü canlar” statusuna malikdirlər. Belə ki, işə çıxmayan bu “əməkdaşların” vəzifə funksiyaları digər şəxslər tərəfindən icra olunur. Carçıyevlərin malik olduqları biznes şəbəkəsinə həm Bakıda, həm də Qazaxda yerləşən bir çox ticarət obyektləri, gözəllik salonları, kirayə verilən evlər və sairə daxildir. Bütün bu maxinasiyalar əlbəttə ki, Almaz Carçıyevin bu gün çox böyük şəxsi sərvətə malik olmasına imkan yaratmışdır. Onun çoxlu obyektlərə müxtəlif yollarla sahiblənməsinə Qazax rayonunun keçmiş icra başçısı Rauf Hüseynov köməklik göstərmişdir. Belə ki, rayon mərkəzində sahibləndiyi İcra Hakimiyyətinin yanındakı yeməkxana, “Maqura” gözəllik salonu, “Orxan” geyim dükanı bu obyektlərin tam siyahısı deyildir. Bakıda isə Almaz Carçıyev Gənclik ərazisində kirayə verdiyi bir neçə mənzilin, Teymur Əliyev küçəsində villa, Mərdəkan qəsəbəsində şəxsi mülkün və torpaq sahələrinin, çoxsaylı kommersiya obyektlərinin sahibinə çevrilmişdir. Onun bütün biznesinə isə qeyd etdiyimiz kimi oğlunun qaynı, keçmişdə OMON-çu olmuş Orxan Mehdiyev rəhbərlik edir. Deyilənə görə Almaz Carçıyev ona elə bir səlahiyyət verib ki, həttta öz doğma qardaşı Vaqifi belə vurmağa cəsarət edir. Qardaşı da vaxtilə bacanağının düşdüyü ağır duruma salınıb. Amma bacanaqdan fərqli olaraq qardaşı ondan şikayət etməyə cəsarət etməyib və yoldaşının etdiyi şikayətlər də A.Carçıyevin “uzun əli” ilə bağlanıb…Bu məqalələri qısaca olaraq xatırlatmaqda məqsədimiz hüquq-mühafizə orqanlarının diqqətini bütün qanunsuzluqların araşdırılmasına cəlb etməkdir. Eyni zamanda redaksiyamıza olan hədə-qorxu dolu zənglər və təhdidlərin qarşısının alınması üçün müvafiq tədbir gördürməkdir. Belə ki, redaksiyamıza əvvəlcə özünü həmkarımız kimi təqdim edən Oruc adlı bir şəxs zəng vuraraq bizim bu yazıları dayandırmağımızı tələb etdi və əks halda başımızın ağrıyacağını bildirdi. Ardınca isə özünü Orxan kimi təqdim edən şəxs zəng edərək əməkdaşımızı ölümlə hədələmiş, küçə söyüşləri ilə təhqir etmiş, onun özünü və yaxınlarını Bakıdakı dostları vasitəsilə məhv etdirəcəyini bildirmişdir. Redaksiyamız bu barədə hüquq-mühafizə orqanlarını dərhal məlumatlandıraraq lazımı təhlükəsizlik tədbirləri gördürmüşdür. Əvvəlcə onu qeyd edək ki, ailəsinə, anasına, bacısına hörmət edən şəxs heç vaxt dilinə söyüş gətirməz. Çünki ən azından söyüş söyən onun qarşılığını almağı göz önünə gətirməlidir. İkincisi də özünə və ailəsinə hörmət edən şəxs ziyalını və jurnalisti təhqir etməz. Çünki dördüncü hakimiyyətin nümayəndələri ictimai fikri formalaşdırmaqla yanaşı, cənab prezidentin də daim diqqət mərkəzində saxladığı və özünə dost hesab elədiyi insanlardır.Əldə etdiyimiz məlumata görə zəng edən şəxs Mehdiyev Orxan Şaiq oğlu keçmişdə “OMON” sıralarında dövlət çevrilişinə cəhd edən, reketlik üstdə həbsdə yataraq sonunda saxta “dəlilik kağızı” ilə canını qurtaran, bir neçə il bundan əvvəl Almaz Carçıyevin qardaşı Vaqifi mülk üstə ölümcül döyən, rayonda özünə “qoçu” ləqəbi qoyan bir şəxsdir. Onu da qeyd edək ki, Vaqifin həyat yoldaşı Kifayət xanım bütün orqanlara şikayət etsə də onu cəzalandıran olmamışdı. Cəzasızlıqdan ruhlanan Orxan kimi şəxs bu gün cənab prezidentin özünə dost hesab etdiyi jurnalisti öldürməklə hədələməsinə gətirib çıxarır. Biz hüquqi dövlətdə yaşadığımızdan hər şeyi qanun çərçivəsində həll etmək üçün rəsmi müraciət ünvanlayaraq günahkarın cəzalandırılmasını tələb etmişik. Lakin 102 xidmətinə etdiyimiz zəngi araşdıran Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin təhqiqatçısı bu işdə cinayət tərkibinin olmadığı üçün məhkəməyə müraciət etməyimizi məsləhət görüb. Həmin polis zabitinə görəsən başqa hansı fakt lazımdır ki, araşdırmaya başlasın?! Redaksiyamıza zəng edərək əməkdaşımızı ölümlə hədələyən, üstümüzə reketlər göndərərək döydürmək istəyən, küçə söyüşləri söyən, terror etmək istəyən, qəzetimizə təhqirlər yağdıran bir keçmiş məhkumun, dövlətə qarşı çıxanın qarşısını polisimiz beləmi alır?! Əminik ki, hörmətli daxili işlər naziri Ramil Usubov bizim ona etdiyimiz rəsmi müraciəti nəzarətə götürəcək və cinayətin baş verə biləcəyini bilərək ona qarşı laqeyd qalan Hüseyn Məmmədov kimi təhqiqatçıları cəzalandıracaqdır. Çünki işə nəzarət etmək üçün Baş prokurora da müraciət ünvanlamışıq.
(bizimdovr)