BolgeXeber.Com » Bölgə » Gədəbəy sakini nazirdən kömək istədi - PROBLEM

Gədəbəy sakini nazirdən kömək istədi - PROBLEM

31-05-2014, 13:50
Oxunub: 2 628 Əgər qanuna müvafiq deyildisə, nə üçün onlar mənim 3 il aylıq pulumu qismən ödədilər, amma indi ödəmirlər?

Redaksiyamıza Gədəbəy rayonunun Arıxdam kənd sakini Məmmədov Məhərrəm Kərim oğlunun ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova ünvanlanmış müraciəti daxil olub. Müraciətdə bildirilir:

“Hörmətli cənab nazir!
Bildirmək istəyirəm ki, Azərbaycanın bir çox məhkəmə hakimi öz vəzifəsindən sui-istifadə edərək, vətən uğrunda canını fəda edən, sağlamğını itirən insanları incidir, get-gələ salır. Şikayət əsasında verilən doğru sübut və dəlillər, qanuni sənədlər ola-ola zərərçəkmiş şəxsin ziyanına qanunsuz qərarlar qəbul edirlər.

Hörmətli Fikrət müəllim!
Mən vaxtilə Gədəbəy rayonundakı 5 nömrəli körpü idarəsində isləmişəm. Həmin idarənin göstərişi və Gədəbəy rayon İcra Hakimiyyətinin sərəncamı ilə Ağdamdan Şınıx bölgəsinin cəbhə xəttinə silah-sursat dasıyarkən Gədəbəy rayonunun Qaradağ kəndində avtomobil qəzasına uğramış və 60 faiz sağlamlığımı itirmişəm. Ancaq körpü tikinti sahəsinin səlahiyyətli nümayəndəsi Tomiyev İsaq Səməd oğlu iddia ərizəsi ilə Gəncə Apellyasiya və Gədəbəy rayon məhkəmələrinə müraciət edərək bildirmisdir ki, baş verən bədbəxt hadisə ilə əlaqədar korpü idarəsindan mənə verilən akt etibarsız hesab edilsin. Halbuki həmin aktı idarənin özü tərtib etmişdir.

Hörmətli Fikrət müəllim!
İsaq Tomiyev bu idarənin səlahiyyətli nümayəndəsidir. Bu sənədləri özü qəsdən gizlədir. Eyni zamanda mənə idarə tərəfindən 3 il pul odənilmişdir. Əgər mənim sənədlərim saxta idisə, hansı əsasla idarə mənə pul ödəyirdi? İsaq Tomiyevin mənə qarşı qaldırdığı iddia ərizəsi tamamilə əsassızdır. Həmin aktı tərtib edənlər hal-hazırda yaşayırlar. Mən Şəmkir rayon xəstəxanasında, Kür qəsəbə xəstəxanasında yatıb müalicə almışam və verilən ilkin sənədlərin hamısı doğrudur. Eyni zamanda İsaq Tomiyev idarənin səlahiyyətli nümayəndəsi olmasına baxmayaraq, öz iddia ərizəsində qeyd edir ki, Məmmədov Məhərrəm Kərim oğlu qəzaya uğrayan zaman nə üçün polis, prokurorluq orqanları bu işə baxmayıb? İsaq Tomiyev onu da bilməlidir ki, hərbi sirri açmaq olmaz. Hərbi sirr Ali Baş Komandanın əmri, yaxud Müdafiə Nazirliyinin gostərişi ilə açılmalıdır. Eyni zamanda müharibə şəraitində sərhəd rayonunda olduğumuz üçün Tomiyev İsaq Səməd oğlunun mənə qarşı qaldırdığı iddia ərizəsi qərəzlilik və qeyri-normativ qanunlara söykənmişdir. Gəncə şəhər körpu tikinti idarəsinin səlahiyyətli nümayəndəsi İsaq Tomiyev Azərbaycan Konstitusiyasının 12-ci maddəsinə zidd olaraq iddia ərizəsi yazmışdır.

Konstitusiya, maddə 12. Dövlətin ali məqsədi.

1. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dovlətin ali məqsədidir.

Hörmətli Fikrət müəllim!
Bu vətən uğrunda, bu torpaq uğrunda mən sağlamlığımın 60 faizini itirmişəm. Vətənə can yandıran oğullara qayğı, hörmət budurmu? Siz göstəriş verdiniz ki, Azərbaycan Respublikasında zorakilığa və korrupsiyaya qarsı ciddi mübarizə aparılacaq. Ancaq korrupsiyanı yaradan İsaq Tomiyev kimilər və onun ətrafında vəzifədə olanlardır. Əgər qanuna müvafiq deyildisə, nə üçün onlar mənim 3 il aylıq pulumu qismən ödədilər, amma indi ödəmirlər? Məni sürundürürlər. Bundan əlavə, istehsalatda bədbəxt hadisə bas verdiyinə görə Gədəbəy rayon Məhkəməsinin hakimi Maarif Kazımov mənə verilən aktın doğru olması barədə qərar çıxarmışdır.

Ancaq təəssüf ki, Gəncə şəhər Apellyasiya Məhkəməsinin hakimi Fikrət Mehdiyev Gədəbəy rayon Məhkəməsinin hakimi Maarif Kazımovun ədalətli qərarını ləğv etdi.

Hörmətli Fikrət müəllim!
Gəncə şəhər Apellyasiya Məhkəməsinin sədri Rafiq Məmmədov və hakim Fikrət Mehdiyev öz hüquq səlahiyyətlərini icra etmirlər. Azərbaycan Konstitusiyasını, qanunlarımızı maddi maraqları üzündən pozurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə və Azərbaycan Konstitusiyasının 68-ci maddəsinə əsasən, mənə dəyən zərər ödənilməlidir.

Hörmətli cənab nazir!
Azərbaycan məhkəmə sistemində vəzifəsindən və hüquq səlahiyyətlərindən sui-istifada edən hakimlərdən biri də Gədəbəy rayon Məhkəməsinin hakimi Ceyhun Əhmədovdur. Belə ki, o, 2 may 2014-cü il tarixdə Gədəbəy rayon Məhkəməsində kecirilən məhkəmə prosesində “Gəncə Körpü Tikinti-l” ASC-nin xeyrinə ədalətsiz qərar verdi. Və bununla da Gədəbəy rayon Məhkəməsinin hakimi Ceyhun Əhmədov öz “oyununu” basa vurdu. Sağlamlığımı itirməyimə, bütün sənədlərimin qaydasında olmasına baxmayaraq, idarənin özü verdiyi aktı sonradan etibarsız hesab etməyə çalışması və bu oyuna məhkəmə hakimlərinin də cəlb edilməsi haqsızlıq, eyni zamanda cinayətdir. Sizdən artıq dərəcədə xahiş edirəm ki, mənim şikayətimin ədalətli həllinə kömək edəsiniz”. tezadlar.az