BolgeXeber.Com » Bölgə » Xudat hadisələrinin sirri

Xudat hadisələrinin sirri

11-05-2013, 18:35
Oxunub: 5 994 Ölkənin şimalında baş verən olay haqda fərqli yorumlar var
“Azərbaycanın üz-üzə dayanan qüvvələrini daha çox vuruşdurmaq və düşərgələrin “atəş xətti”ni bir az da gərginləşdirmək istəyirlər”
Mayın 9-da Xaçmaz rayonunun Xudat qəsəbəsi ərazisində rayon sakini Rauf Hüseynovun və Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Rövşən Səfərovun idarə etdikləri avtomobillərin toqquşdu. Bu zaman yerli sakinlər iddia etdilər ki, onlar zabit tərəfindən təhqir ediliblər. Dərhal ölkə mediasında xəbər yayıldı - Xudat əhalisi etiraza qalxıb... Qəribəsi odur ki, sərxoş sürücüdən təhqirlərinə görə üzr istəməsini tələb etdiyi üçün hərbi hissəyə yürüş edən yerli camaatın etirazları “bəzi radikal müxalifət partiyalarının yerli funksionerləri”nin təhrikçi hərəkəti kimi rəsmiləşdirilib və Müsavat Partiyası rayon təşkilatının sədri Heybət Əmrah, üzvləri Fikrət Əliyev, Ələddin Mirzəyev, habelə rayon sakini Nüsrət Qarayev saxlanılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 298.2-ci (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq 10 sutkalıq həbs edilib.

Rusiyanın şimal bölgəsində prosesləri qaynatmaq, etnik zəmində qarşıdurmalar yaratmaqla bağlı planlarının mövcudluğu fonunda Xudatda yaşananlar narahatçılıq doğurur. Di gəl ki, istintaq yanlış istiqamətə yönəldilib. Belə ki, müxalifət liderləri hər zaman bəyan edirlər ki, xarici təhlükə, separatist hərəkətlərə qarşı mübarizədə hakimiyyətlə bir mövqedən çıxış etmələri istisna deyil. Bu mənada dövlətçilik maraqlarına sadiq olan milli qüvvənin indi qarışdırıcılıqda suçlanması ən azı anormal görünür.

Artıq Xudat hadisələrinin İsmayıllı olaylarına uyğun şəkildə təqdim olunacağının anonsu da verilib. YAP-ın icraçı katibinin müavini Mübariz Qurbanlı “radikal müxalifətin fəalları İsmayıllı rayonunda olduğu kimi, Xaçmazda baş vermiş adi insidenti şişirdərək bundan divident qazanmağa cəhd göstərirlər” deyib. Hakimiyyətin bununla nəyə nail olmaq istədiyi barədə isə maraqlı ekspert rəyi var.
Ərəstun Oruclu: “Hakimiyyət ictimai rəyi yanlış istiqamətə yönəltməyə çalışır”

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, əslində hər şey köhnə ənənə üzrə gedir: “Hakimiyyət çalışır ki, bütün problemləri özündən kənarlaşdırsın. Bunun da təbii səbəbləri var. Çünki hakimiyyətin daxilində qruplaşmalar arasında ciddi mübarizə gedir. Ona görə də bu və ya digər tərəf ittiham etmək bu gün hakimiyyətin maraqlarına cavab vermir. Bu mənada hakimiyyət bütün suçlarını başqalarına yazmağa üstünlük verir. Baxın, İsmayıllıda daha böyük miqyasda bir hadisə baş verdi və bunun konkret səbəbləri də bəlli idi, bu barədə isə danışılmırdı. Amma məlum oldu ki, demə, İsmayıllıdakı hadisələrin “səbəbkarı” Tofiq Yaqublu ilə İlqar Məmmədov imiş. Problem ondadır ki, əgər hakimiyyət daxildəki əsl səbəbkarları, məmurları cəzalandırmağa başlasa, bu, hakimiyyətin daxilində gedən mübarizəni bir qədər də kəskinləşdirəcək. Ona görə də bütün günahlarını müxalifətin ayağına yazmağa cəhd edir”. Ə.Oruclu qeyd etdi ki, bu situasiya hakimiyyətin həm öz daxilindəki, həm də ölkədaxili vəziyyətdən ciddi şəkildə narahat olmasının göstəricisidir: “Bu gün əslində müxalifət heç bir fəaliyyətlə məşğul deyil. Faktiki olaraq nə seçki il bağlı mübarizə, yaxud kütləvi aksiyalar yoxdur. Amma hakimiyyət qorxur, çünki cəmiyyətdəki əhval-ruhiyyəni, həmçinin nə elədiyini özü hamıdan yaxşı bilir. Ona görə də hakimiyyət daim ictimai rəyi yanlış istiqamətə yönəltməyə çalışır”.
Ancaq ittihamların absurdluğunu qəbul edən obyektiv şəxslər də az deyil.
Zahid Oruc: “Gündə Türkiyənin müxtəlif əyalətlərində qarşıdurmalar baş verir”

AVP-nin sədr müavini, deputat Zahid Orucun fikrincə: “Xudatda baş verən hər hansı bir hadisəni böyük inqilabi proseslərin, yaxud hakimiyyət əvəzlənmələrinin, sosial narazılıqların bir indikatoru kimi saymaq çox yanlışdır. Gündə Türkiyənin müxtəlif əyalətlərində hər hansı zəmində qarşıdurmalar baş verir. Bu, onların ümumi həyatının ayrılmaz hissəsinə çevrilib. Ancaq heç kəs bunu əlahiddələşdirmir, fövqəladə hal saymır.
Xudatda baş vermiş avtoqəzanı, bəlkə törənmə formasına, sonra yaranan insidentə görə kimlərsə bundan əvvəlkilərlə hər hansı şəkildə eyniləşdimək istəyər. Amma mahiyyətcə bu, vətəndaş narazılıqlarının, hakimiyyətə qarşı böyük ictimai mübarizələrin elementi deyil. Bu, başqa söhbətin mövzusudur ki, həqiqətən də narazı insanlarımız var və onların sosial ehtiyacları müxtəlif dairələrin əlində tutalqaya çevrilə bilər, bu, separatizm üçün də çox yararlı bir materialdır. O məsələdə isə Azərbaycanın bütün qüvvələrin, həmçinin müxalifət çevrəsinin birmənalı şəkildə Azərbaycanın qanunlarını, Konstitusiyasını müdafiə etməsi, onun mənafelərinin yanında olması önəmlidir. Mən burada əməkdaşlıq müstəvisinin daha çox tərəfdarıyam. Yəni hər hansı bir şəxs suçlandırılıbsa, avtomatik olaraq bütövlükdə müxalif qüvvələrin Xudat və Xaçmaz hadisələri üzərindən hakimiyyətə “səlib yürüşü” elan etməsi qənaətinə gəlmək də çox yanlış olardı”. Z.Oruc müxbirimizə onu da deib ki, bundan sonrakı dönəmdə seçki ilinin həssaslığından faydalanaraq “Azərbaycanın üz-üzə dayanan qüvvələrini daha çox vuruşdurmaq və düşərgələrin “atəş xətti”ni bir az da gərginləşdirmək istəyənlər çox olacaq. Mümkündür ki, bu, hərbi sistemləri də əhatə etsin. O cəhətdən, hərbi müdafiə sistemimizdə də bu məsələlərə yönəlik tədbirlərimizdə daha diqqətli, ehtiyatlı olmalıyıq. Bunu inkar etmək olmaz ki, Azərbaycan üçün 2013 layihələri və testləri var. Onun müxtəlif yerlərdə sınaqdan keçirilməsi cəhdləri indiyə qədərki dövrdə olub. Zənn edirəm ki, heç bir qüvvə ölkə daxilində hansısa bir iğtişaşların, qarşıdurmaların törənməsi üzərində siyasi hakimiyyətin ələ götürülməsi layihəsinə bir daha getməz”.
Z.Oruc Rusiyanın şimal bölgəsinə təsiri və bölgədə gərginlik yaratmaq niyyətinə, bu proseslərdə hansısa formada ölkə müxalifətinin də maraqlı olması iddialarına toxunarkən bildirdi ki, hər bir halda ənənəvi sağ-müxalifətçi qüvvələr əsasən Qərblə əlaqələri intensivləşdirmək, əməkdaşlığı dərinləşdirilmək və onların hüquqi-siyasi məkanına qovuşmaq xəttinin tərəfdarı olduğunu bəyan edirdi. İndi onların Rusiya profilli qüvvələrlə hər hansı bir formada çuğlaşması və ümumiyyətlə, düşərgənin vahidləşməsi siyasi sistemimiz üçün qüsur olardı: “Yəni sanki daha artıq dərəcədə şimaldan gələn tendensiyalar bugünki sağ müxalifəti də öz dairəsinə qatır. Onların hakimiyyət əleyhinə təşkilatlandırılması heç bir halda ölkədə hansısa milli bir qüvvənin qalibiyyətinə aparıb çıxara bilməz. Demək bu layihə bütövlükdə Azərbaycanın öz maraqlarını əks etdirmir”.
Fazil Mustafa: “Belə məsələlərin siyasiləşdirilməsi təhlükəli nümunə ola bilər”

“Xudatda bir hərbçinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsinin hər hansı formada siyasiləşdirilməsi yanlışdır. Kim ki, bu məsələdə belə bir şeyi edirsə, səhv yolu tutub”. Bunu isə Trend-ə açıqlamasında Milli Məclisin üzvü, Böyük Qurtuluş Partiyasının başqanı Fazil Mustafa deyib. Millət vəkilinin fikrincə, Xudatda baş vermiş yol-nəqliyyat hadisəsi kiçik bir insidentdir və bu halda günahkarlar yalnız hüquqi müstəvidə cəzalandırılmalıdır: "Belə hallarda məsuliyyət fərdidir. Hansısa adam nəsə edibsə, insanlara qarşı sayğısızlıq göstəribsə də, bunun üçün hüquq-mühafizə orqanlarına müraciət edilməli və tədbir görülməlidir. Əgər tədbir görülməsə, insanların etiraz etməsini normal qarşılamaq olar. Yox, hər bir hadisəyə görə insanların özünə birbaşa “linç etmə” hüququ verilsə, onda hər gün küçələrdə savaş, müharibə olmalıydı”. F.Mustafa hesab edir ki, belə məsələlərin siyasiləşdirilməsi və bundan istifadəyə cəhd edilməsi ölkə üçün bir təhlükəli nümunə ola bilər: “Ola bilər ki, hadisə zamanı zabit əsəbi vəziyyətdə olsun, hansısa səhvə və ya kobudluğa, hətta inzibati hüquq pozuntusuna yol vermiş olsun. Buna görə o şəxsə qarşı hüququn prinsipləri tətbiq olunmalıdır, nəinki kütləvi etiraz formasında məsələyə münasibət bildirmək. Məncə bu məsələlərin hər hansı bir şəkildə siyasiləşdirilməsi heç kimin xeyrinə deyil. İstənilən halda o, sadəcə bir hərbçidir, nə siyasi fiqurdur, nə də məmur. Ona görə də bu formada etirazı normal qarşılamaq düzgün deyil. Əgər hüquq-mühafizə orqanları tərəfindən lazımi tədbirlər görülməsəydi, o zaman insanların reaksiyasını anlamaq olardı. Ona görə də bu məsələlərin belə bir formada çözülməsi ölkədə yaxşı bir presedent yaratmır”.
Ramazan Əliyev: “Elçin Quliyev bizim ailəni yaxşı tanıyır, onunla çörək kəsmşik”

Müsavatın Xaçmaz təşkilatının sabiq sədri Ramazan Əliyev “Yeni Müsavat”a dedi ki, hələlik təşkilat sədri və qardaşı da daxil olmaqla, həbs olunanların yeri-yurdu bilinmir: “Bu barədə polis şöbəsinə müraciət edildikdə növbətçi deyib ki, onları Bakıya aparıblar. Heç olmasa məhkəmə prosesi keçiriləndə saxlanılanlara dövlət səviyyəsində vəkil də tutulmayıb”. Baş verənlərlə bağlı təfərrüatları bölüşən R.Əliyev bu insidentə görə yerli müsavatçıların həbsini anlaşılmaz və tam əsassız sayır: “Bu, sürücülər arasında baş verən bir hadisədir. Hadisəni törədən hərbçi camaata söyüb, əhali də etirazını bildirib. Olaydan sonra Xaçmaz polisinin Xudat bölmə rəisi Elçin Rəcəbov - o, çox mədəni adamdır – gəlib, 31 nəfərdən izahat alıb. Sonda deyib ki, iş obyektiv araşdırılacaq, narahat olmayın və nəticədə insanlar dağılışıblar. Günortadan sonra isə DSX rəisi Elçin Quliyev və icra başçısı Şəmsəddin Xanbabayev Xudata gəlib, əhali ilə görüşüb. O, deyib mən də xudatlıyam, illər uzunu Xudatın çörəyini yemişəm, nə dərdiniz var deyin. Əhali də bildirib ki, qoy söyüş söyən üzr istəsin, məsələ bitsin. Onu da deyim ki, Elçin Quliyev 1992-ci ildən başlayaraq uzun illər Dövlət Sərhəd qoşunlarının Xudat bölməsinin rəisi işləyib. O, vaxtilə mənim dostum olub, rayonda “zastava”nın qurulmasında ona çox köməyim dəyib, dəfələrlə çörək kəsmişik. O vaxt camaat da onun xətrini çox istəyirdi, hər zaman əhalinin xeyir-şərində iştirak edirdi. Odur ki, Elçin Quliyev bizim ailəni, həmçinin Ələddin bəyi, digərlərini yaxşı tanıyır. Bu mənada inanmıram ki, o, bu cür vətənpərvər insanları belə güdaza vermək istəsin, “destruktiv qüvvə” saysın. Ancaq niyə bu hadisəni bizim üstümüzə atırlar, hələ səbəbini başa düşə bilmirik. Hərçənd ki, hadisə yerində bir müsavatçı da olmayıb, amma baş verənlərə görə Müsavatı, onun üzvlərini günahlandırırlar”. R.Əliyev kimlərinsə bölgəni qarışdırmaq üçün cəhdlər göstərdiyini vurğuladı: “Bir daha bəyan edirik ki, biz Müsavat olaraq milli maraqları hər zaman üstün tutmuşuq. Xüsusilə bura həssas bölgə olduğu üçün hər zaman məsələlərə həssas yanaşmışıq. Ancaq bölgəni qarışdırmağa maraqlı olan qüvvələr çoxdur. Elə qonşu Rusiya çox maraqlıdır ki, burda aləm bir-birinə dəysin. Qoy hakimiyyət gerçək günahkarları cəzalandırsın, Azərbaycanın azad və firavan olması üçün çalışan sağlam qüvvələri yox”.
İstisna deyil ki, seçki ilində qruplararası qarşıdurmanı zərərli sayan iqtidar strateqləri fürsət düşmüşkən Xudat hadisələrindən yararlanıb ölkə gündəmini dəyişmək, minimumda isə komandadaxili “razborka”nı arxa plana keçirmək istəyirlər. Odur ki, hədəf kimi hamıya müxalifət nişan verilib. Suçu olmasa belə...