BolgeXeber.Com » Bölgə » Tərtərdə “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə tədbir keçirildi

Tərtərdə “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə tədbir keçirildi

1-06-2021, 18:44
Oxunub: 4 088 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Tərtər rayon İcra Hakimiyyətinin, Paşa Sığorta şirkətinin birgə təşkilatçılığı və Paşa Holdinqin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda şəhid olan qəhramanlarımızın və qazilərin övladlarının iştirakı ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov uşaqları salamlayaraq, onları 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi tarixi Zəfərdən danışıb. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda savaşlarda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb. Rayon rəhbəri qeyd edib ki, ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğı, onlara yaradılan hərtərəfli şərait dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşıb. Bu siyasətin davamı olaraq son illərdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlarla bağlı məsələlərə xüsusi diqqət yetirmələri həmin sahəyə qayğının daha da artmasına səbəb olub. Həmçinin Heydər Əliyev Fondunun uşaqların intellektual və fiziki inkişafında həyata keçirdiyi mühüm layihələrin rolu danılmazdır.
Tədbirdə çıxış edən şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonra rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin və Uşaq-Gənclər İnkişaf mərkəzinin yetirmələrinin hazırladığı konsert proqramı təqdim olunub, balacaların ifasında şeirlər səsləndirilib.
Tədbirin sonunda Paşa Holdinq tərəfindən göndərilən hədiyyələr uşaqlara paylanıb, Uşaq-Gənclər İnkişaf mərkəzinin şagirdlərinə rayon icra hakimiyyəti tərəfindən diplomlar və qiymətli hədiyələr təqdim olunub.