BolgeXeber.Com » Bölgə » Sumqayıtda qumarxanalara kimlər himayədarlıq edir?

Sumqayıtda qumarxanalara kimlər himayədarlıq edir?

8-08-2013, 13:05
Oxunub: 7 379 Tanınmış idman ustası, dünya çempionu Əhəd Rəcəbli nə səbəbə intihar edib?

Bir müddət əvvəl Sumqayıt şəhərində gizli kazino və qumarxanaların fəaliyyəti barədə məlumat vermişdik. Məlumatlarda bildirilirdi ki, həmin gizli qumarxanaların rahat fəaliyyət göstərməsinin arxasında Sumqayıt polisi dayanıb. Bunun müqabilində isə şəhər polisinə qumarxana işlədənlər aylıq haqq ödəyirlər. Elə bu baxımdan da şəhərdə tuğyan edən qumarxanaların fəaliyyətinə polisi müdaxlə etmək niyyətində deyil.
Bu gün isə 30gun.az-a Sumqayıtda qeyri-qanuni fəaliyyət göstərən onlayın qumarxanalarla bağlı yeni məlumatlar daxil olub. Bu barədə redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, şəhərin bəzi mikrarayon ərazilərində onlayın sistemli qumarxanalar fəaliyyət göstərir. Belə qumarxanalardan şəhərin Koroğlu küçəsi ilə Üzüyir Hacıbəyov küçəsinin kəsişməsində yerləşən “Milan” klubunu göstərmək olar. Hansı ki, axşam saat 20:00-dan sonra səhər saatlarına qədər gecəni rahat şəkildə kazino kimi fəaliyyət göstərir. “Milan”a gələn qumar azarkeşlərinin sayı isə durmadan artır. Xüsusilə də adı keçən qumarxanaya Sumqayıt şəhər Polis İdarəsinin rəisi, general-mayor Sahib Mirzəyevin sağ əli kimi tanınan "Çakır" ləqəbli bir polis zabitinin "krışalıq" etdiyi bildirilir (həmin polis zabitinin adını müəyyən etmək mümkün olmayıb).
Mənbənin bildirdiyinə görə, “Milan” qumarxanasının sahibi Süleyman adlı şəxsdir. Deyilənlərə görə, o qumar “karyerası”na futbol klublarda koiffisent yığan kimi başlayıb. Bu sahədə təcrübə topladıqca püxtələşib. İndi özü kazino sahibi olub. Hətta vəziyyət o həddə çatıb ki, ölkədə qanunla kazino fəaliyyətinə qadağa qoyulmasına baxmayaraq Süleyman qumarxananı işlətməkdə heç bir problem görmür. Çünki adı çəkilən şəxs iddia edib ki, bu yöndə güc strukturlarının hər birinin haqqını vaxtlı-vaxtında çatdırdığı üçün ona gözün üstə qaşın var deyən olmur. Yoxsa onu bir dəqiqə belə işləməyə qoymazlar.
Sumqayıtda ən elit qumarxana kimi tanınan yunan-roma güləşi üzrə dünya çempionu Arifin 18-ci mikrarayonda, “Elmar” marketin sırasında yerləşən obyekti sayılır. İdmandakı uğurlarına görə isə ona dəyib dolaşan yoxdur. Onun qumarxana kimi fəaliyyət göstərən obyekti kifayyət qədər, hətta Sumqayıtdan kənarda da tanınıb. Obyektə adətən kriminal aləmə meyilli idamnçıların gəldiyi də deyilir. Onlar asudə vaxtlarını qumar oynamaqla keçirirlər.
Bundan əlavə Sumqayıtda əslən Azərbaycanın Şəki rayonundan olan bir qurup qumarxana biznesi ilə məşğul olan şəxslərə məxsus “555” və “Şəms” klublarının fayliyyəti barədə də məlumatlar daxil olub. Məlumatlara görə, onların bir qumarxanası da Sumqayıt İcra Hakimiyyətinin yaxınlığında “Azərbaycan” prospektində , yerləşir. Əvvəllər “Roma” klub kimi tanınan həmin qumarxananı isə Aydın adlı şəxs işlədir. O, da eyni qayda ilə polisə aylıq haqq verib rahat şəkildə fəaliyyət göstərdiyi bildirilir.
Daxil olan maraqlı məlumatlardan biri isə bir müddət əvvəl sambo üzrə dünya çempionu Əhəd Rəcəblinin intihar etməsidir. Deyilənlərə görə, sambo və cüdo üzrə dəfələrlə respublika çempionu olmuş 51 yaşlı Ə.Rəcəblinin intihar etməsinə səbəb qumarda uduzduğu külli miqdarda məbləği ödəmək iqtidarında olmadığı olub. Mərhum idman ustasına pulu ödəmk üçün vaxt verilib. Lakin Ə.Rəcəbli pulu ödəyə bilməyib çıxış yolun intihar etməkdə görüb.
Xatırladaq ki, bir müddət əvvəl Ə.Rəcəbli özünü yaşadığı mənzildə idman arenasında qazandığı qara kəmərlə asıb. Məlumatlara görə, Rəcəbli intihardan öncə həyat yoldaşını mağazaya çörək dalınca göndərib. Xanımı qayıdana kimi veteran idmançı dünyasını dəyişib.
12 il cüdo ilə məşğul olmuş Rəcəblinin son vaxtlar psixoloji cəhətdən bəzi problemlərinin olduğu və tez-tez dostlarına depressiya ilə bağlı gileyləndiyi də bildirilirdi.
Qeyd edək ki, əməkdar məşqçi olan Rəcəbli tanınmış idman nəslindəndi. Onun kiçik qardaşı Əhməd Rəcəbli Azərbaycanda cüdo məktəbinin əsasını qoyanlardandı. Rəcəbli tanınmış cüdoçu Elxan Rəcəblinin əmisidi.
Bundan əlavə özəl mənbələrdən əldə etdiyimiz məlumatlara görə, şəhərdə belə kazinolar, bir qayda olaraq, dəniz kənarındakı istirahət mərkəzlərində, binaların zirzəmilərində fəaliyyət göstərir. Kazinolara gələnlər arasında şəhərin yerli məmurlarının övladları da var. Onların əksəriyyəti isə narkotik vasitələrin alüdəçiləridir. Məmur övladları vaxt tapan kimi, azartlarını öldürmək üçün həmin gizli qumarxanalara üz tuturlar.
Yeri gəlmişkən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları bir müddət əvvəl həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhərində onlayn sistemili qumarxana müəyyən etmişdi. Lakin bunlara rəğmən təəsüflə qeyd edək ki, bu gün Sumqayıtda qumarxana biznesi çiçəklənmə dövrünü yaşayır.
Məsələ ilə bağlı adları çəkilən şəxslərlə əlaqə yaratmaq cəhdimiz baş tutmayıb. Buna baxmayaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.