Lənkəranda “İstisu” pansionatının bəxti bağlanıb
21-08-2013, 11:15
Oxunub: 7 591
Bir neçə ildir ki, Lənkəranlılar bu rayonun əsas təbii sərvətlərindən olan isti suya yaxın gedə bilmirlər.
Məlum olduğu kimi cənub bölgəsinin 3 rayonunda istu su mənbələri var – Masallıda, Lənkəranda və Astarada. Bunlardan əlavə hazırda işğal altında olan Kəlbəcər, eləcə də İran Azərbaycanının Ərdəbil ərazisində, Səreyn deyilən sahədə isti su mənbələri vardır. Son illər ölkəmizdə Masallıdakı isti su nisbtən normal fəaliyyət göstərir, Astarada da əvvəlki illərə nisbətən bir qədər irəliləyiş var. Ən başıbəlalı isti su isə Lənkərandakı isti sudur.
Sovet dövründə bura eyni adlı sanatoriya kimi fəaliyyət göstərir, hər il bura yüzlərlə insan istirahətə və müalicəyə gəlirdi. Lakin 4-5 ildir ki, necə deyərlər, buranın bəxti bağlanıb. Sanatoriya naməlum şəxslər tərəfindən hasara alınıb. Nə təmir edən kimi təmir edirlər, nə də lap primitiv formada olsa belə, əhalinin istifadə etməsinə şərait yaradırlar. Ölkə başçısının bu sanatoriyanı əsaslı təmir etməklə bağlı hələ 6 il öncə xüsusi sərəncamı olsa da, onu icra edən tapılmır. Bəzi söz-söhbətlərə görə bu ərazini “Pasha Holdinq” alıb... Faktiki vəziyyət isə ondan ibarətdir ki, bu istirahət mərkəzinin qapıları qıfıllanıb və ora heç yerli sakinlər ayaq basa bilmir. Ötən ay “Yeni müsavat” qəzeti də bu mövzuya toxunub. Qəzetin yazdığına görə, bura təmir adı ilə bağlansa da, ərazidə nə yenidənqurma işləri gedir, nə də burada adam var. Sadəcə, Bakıdan göndərilən bir gözətçi pansionata nəzarət edir...
Ötən həftə cənub bölgəsindən reportaj hazırlamağa gedən müxbirlər özləri buna şahid olublar. Onlar yazır ki, Lənkəranın bu gözəl məkanı sakinlər üçün artıq xatirəyə dönüb. Bu pansionatın özəlliyi onda idi ki, orta təbəqədən olan azərbaycanlının da orada dincəlməyə maddi imkanı çatırdı.
Hər il saysız-hesabsız turistlər, yerli əhali “İstisu”ya axışırdı. Amma artıq, ora aparan yollar bağlanıb. Arabir pansionatın hasarları arxasında dağıntı-söküntü işləri gedir. Hovuzlar, heyvan heykəlləri dağıdılıb.
Qeyd edək ki, pansionatda müalicəvi əhəmiyyətə malik və təbii olaraq qaynar çıxan isti sulu hovuzlar var idi. Əhali deyir ki, qiymətlər də elə yüksək olmayıb. Onu da deyək ki, “İstisu” pansionatının ərazisində uzun müddət məcburi köçkünlər də məskunlaşmışdı. Onlar da obyekt bağlanandan sonra ərazidən çıxarılıblar.
Pansionatın ərazisinə keçmək istəsəyənlər isə qadağa ilə üzləşiblər. Mühafizəçi deyib ki, içəriyə heç kimi buraxmamaq barədə əmr alıb. Hətta artıq, bu məkanın həndəvərində oturub dincəlmək, oralarda gəzib-dolaşmaq da qadağan olunub. Yerli əhalinin narazılığı isə özünə qalıb. Camaatın şikayətini dinləyən yoxdur.
Sakinlərin sözlərinə görə, ərazi əbəs yerə bağlanmayıb. Yerlilərin dediyinə görə, bu istirahət mərkəzi artıq iqtidardakı oliqarxların biznes maraqlarının əhatə dairəsinə daxil edilib. Sakinlər iddia edirlər ki, pansionat “Pasha Holdinq”in nəzarətindədir və gələcəkdə buradan necə istifadə olunacağı məlum deyil. Lənkəranın Haftoni qəsəbəsinin və qonşu kəndlərin sakinləri bununla bağlı prezidentə və ölkənin birinci xanımına məktub da yazıblar. Amma hələ cavab ala bilməyiblər. Onlar istəyirlər ki, pansionat təmir olunsun və camaatın istifadəsinə verilsin.
Bu məkanla bağlı araşdırma zamanı müxbirlər maraqlı bir faktı da aşkarlayıb. İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytında prezidentin 2005-ci ildə Lənkərana dair sərəncamının mətni yerləşdirilib. Sərəncamda deyilir ki, 2005-2006-cı illər ərzində rayonda turizmin inkişaf etdirilməsi məqsədilə Haftoni qəsəbəsindəki 150 nəfərlik “İstisu” sanatoriyası əsaslı təmir olunsun. Bu işi Maliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi birgə həyata keçirməli idilər. Beləliklə, prezident sərəncamından və onun icra olunmamasından 6 il ötür. Görəsən, maliyyə, gənclər və idman, turizm nazirlikləri sərəncamı 6 ildə niyə icra etməyiblər? Belə çıxır ki, “Pasha Holdinq”i gözləyiblər...
Biz rayon rəsmilərindən də bu barədə ətraflı məlumt ala bilmədik. Cənub bölgəsində turizm məsələlərini araşdıran “Şəfəq” ictimai-siyasi birliyin rəhbəri Vamiq Babayev də bildirdi ki, bu, istisu məsələsi hamımız üçün bir anlaşılmazlıq olub - nə təmir edirlər, nə də xalqın istifadəsinə verirlər. Heç kimdən də ətraflı məlumat almaq olmur.
Zahir Əmənov
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər