Kəlbəcər təhsilini korrupsiya necə “yeyib”?
22-08-2013, 09:55
Oxunub: 4 748
Şöbənin keçmiş rəhbərliyi bir kompüteri 1438 manata, bir partanı isə nə az nə çox 154 manata sənədləşdirib
Yüz min manatlarla dövlət vəsaitinin oğurlanmasını Təhsil Nazirliyinin araşdırma qrupu üzə çıxarıb, amma…
İki ay əvvəl vəzifəsindən azad edilən Kəlbəcər rayton təshil şöbəsinin müdiri Məhəmməd Bağırovun fəaliyyətinə dair korrupsiya və digər qanunsuzluqlar üzə çıxıb. Qurumun fəaliyyətini yoxlayan Təhsil Nazirliyinin xüsusi qrupu nədənsə aşkara çıxardığı korruspiya faktlarını prokurorluqdan gizlədib.
Xatırladaq ki, Kəlbəcər rayon Təhsil Şöbəsinin bir qrup əməkdaşı və jurnalist Ərşad İbrahimlinin şikayətləri əsasında Təhsil Nazirliyi Məhəmməd Bağırovun fəaliyyətini ciddi təftiş edib. Kəlbəcər rayon İcra Hakimiyyətinə yeni təyin olunan icra başçısı Aqil Məmmədov da buna təşəbbüs göstərib.
Bu təftiş nəticəsində təhsil şöbəsi müdirinin külli miqdarda yeyintilərə imza etdıyı üzə çıxıb. Məhəmməd Bağırov bu işdə rayon təhsil şöbəsinin anbardarı Elbrus Mehdiyevlə əlaqəyə girərək, dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.
Bu fakt Rayon Təhsil Şöbəsinin Pedoqoji Şurasının qərarı ilə rəsmiləşdirilərək, Kəlbəcər rayon İcra Hakimiyyətinə və Təhsil Nazirliyinə təqdim olunub.
Faktlara gəlincə, bir sıra məktəb direktorlarına saxta qaimələrə imza atdıran təhsil müdiri və şöbənin anbardarı məktəblər üçün nəzərdə tutulan parta, kitab rəfləri, linoleum və notebook kompyuterlərinin alınması ilə bağlı rəqəmlər şişirdilərək, 400 min manata yaxın pulu büdcədən silinib.
Gəncədə Məhəmməd Bağırova məxsus “Sergeyin qarajı” adlandırılan qarajda köhnə parta karkazlarına taxtalar vurularaq, parta və oturacaqlar düzəldilib. Bu işi də Elbrus Mehdiyev kustar üsulu həyata keçirib. Halbuki, bunun üçün vəsait elan olunmuş tenderi udan şirkətlərə ayrılmalı, onlar da öz növbəsində mebel fakbriklərinə sifraiş verməli idi. Aparılan yoxlamalar zamanı bəlli olub ki, təkcə parta, rəf əmliyyatında 100 min manat büdcədən silinib.
Sənədləşmədə hər bir partanın qiyməti 154 manat rəsmiləşdirilib. Kustar üsulla düzəldilər parta və stol-stulların qiyməti isə bundan dəfələrlə az məbləğ tutur.
Araşdırmalar zamanı o da bəlli olub ki, yararsız olsa belə həmin parta, stol-stullar və kitab rəfləri bütün məktəblərə paylanmayıb. Bunu inventar almayan, ancaq rəsmi sənədlərə imza atan direktorlar özləri izahatlarında təsdiqləyiblər.
Bundan başqa Elbrus Mehdiyev təhsil şöbəsinin anbarından invertar kimi 129 ədəd kompüterləri bər birini 1438 manat 71 qəpik dəyərləndirməklə əlavə dəyər vergisi ilə birlikdə 219 min manatı təhsil şöbəsinin büdcəsindən çıxarıb.
O da bəlli olub ki, Məhəmməd Bağırov yenə anbardar Elbrus Mehdiyevlə Təhsil Nazirliyinin Maddi Texniki Təhcizat İdarəsi ilə əlaqəyə girərək, kompüter əməliyyatından külli miqdarda vəsaiti dövlət büdcəsindən yayındırıb. Rəsmi sənədlərdə 1438 manata alındığı göstərilən notebookların qiyməti bazarda cəmi 400 manat təşkil edir.
Həmçinin, kompüterlər məktəblərə paylanarkən Təhsil Şöbəsinin müdiri buna görə, hər direktordan əlavə 100 manat pul da alıb. Buna etiraz edən direktorlara isə Məhəmməd Bağırov “100 manata kompüter alirsan” deyə təkidlə pul tələb edib.
Qurumda daha bir korrupsiya faktı məktəblər üçün nəzərdə tutulan labarotoriyanın yaradılması ilə bağlıdır. Rəsmi sənədlərdə 4 dəst fizika və 3 dəst kimya labarator avadanlığının hər biri 13498 manat 78 qəpiyə sənədləşdirilib. Bu əməliyyat zamanı idarə rəhbərliyi 111.500 manatı büdcədən silib. Qiymətlər təxminən 9 dəfədən çox şişirdilib.
Kəlbəcər Təhsil Şöbəsinə yeni müdir təyin edilən Məhiyyəddin Əbdürrəhmanov da qurumda araşdırma aparıb. Bu zaman məlum olub ki, şişirdilmiş labaratoriyalar tam şəkildə yaradılmayıb. Onların komponentləri yox dərəcəsindədir. Araşdırma zamanı bəlli olub ki, biri 13498 manat 78 qəpiyə sənədləşdirilən labarotoriyanın qiyməti maksimum 400-500 manat civarındadır. Araşdırma komissiyası məktəblərdəki 7 dəst labarotoriyanı möhürləyərək istifadəsini qadağan edib.
Təhsil şöbəsində korrupsiya əməlləri bununla bitmir. Yoxlamalar zamanı orta məktəblər üçün linoleum alınmasında da külli miqdarda dövlət vəsaiti oğurlanıb. Belə ki, 5130 kvaadratmetr linoleumun hər bir kvadratinın qiyməti 28 manat manat olmaqla ümumi məbləğ 143640 manat “ƏDV ilə birlikdə 169510 manat” təhsil şöbəsinin büdcəsindən silinib. Komissiya belə nəticəyə gəlib ki, adı qaimələrdə qeyd olunan məktəblərə kvadratlar göstərilsə də həmin ölçünün yarısı verilib. Komissiya bazarda kvadratı 4 manat olan örtüyün qiymətinin 5 dəfə şişirdilməsini də təsdiqləyib.
Təhsil şöbəsinin müdiri Məhəmməd Bağırovla yaxın qohumluq əlaqəsi olan Elbrus Mehdiyevin orta məktəblər üçün Təhsil Nazirliyi tərəfindən verilən kitabları satdığı məlum olub. Araşdırmalar zamanı anbarda kitabların olmadığı üzə çıxıb.
Şöbədə məktəblər üçün yumşaq mebel dəstlərinin alınması adı ilə 80 min manatın silindiyi üzə çıxıb. Araşdırmalar zamanı bəlli olub ki, heç bir məktəbə yumşaq mebel dəsti verilməyib.
Kəlbəcər rayonunun müxtəlib bölgələrdə yerləşən orta məktəb binalarının təmirində də külli miqdarda dövlət vəsaitləri edilib.
Bəlli olub ki, Məhəmməd Bağırov 22 saylı orta məktəbinin təmiri adı ilə direktor Seymur Ələkbərovun adına 32 min manat vəsait yazaraq, büdəcədən silib. Bundan başqa 43 nömrəli məktəbə ayrılan vəsait də mənimsənilib.
Əldə etdiyimiz məlumata görəyuxarıda qeyd olunan korrupsiya cinayətlərinin prokurorluq orqanlarına verilməməsinə Təhsil Nazirliyininin kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov mane olub.
Mənbə Məhəmməd Bağırovun yeni təhsil naziri Mikayıl Cabbarova yaxın şəxslər vasitəsilə təsir etməyə cəhdlər etdiyini vurğulayıb.
Araşdırma komissiyası tərəfindən təhsil şöbəsində ortaya çıxarılan faktların mətbuatda dərc olunması yəqin ki, ölkənin hüquq mühzafizə orqanlarının «diqqətini» çəkəcək.
P.S. Növbəti sayımızda Kəlbəcək təhsil şöbəsinin sabiq müdiri Məhəmməd Bağırovun Təhsil Nazirliyinin testindən kənar işə götürdüyü müəllimlər barəsində araşdırma təqdim ediləcək. Həmçinin işə götürülən saxta diplomlu müəllimlər barədə də faktlar dərc olunacaq.
Redaksiyadan: Yazıda adı çəkilən bütün şəxslərin mövqelərini dərc etməyə çalışacağıq.
Pərviz Həşimli
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər