Masallının sərvəti və başbəlası
23-08-2013, 10:10
Oxunub: 6 388
Bu dəryaçanın 1-ci növbəsinin inşasında neçə milyon pul yeyilib?
Doğrudanmı, onun 2-ci növbəsi işə salınsa idi Masallıda ən azı 3 min şəxs işlə təmin olunacaqdı?
Bu tikintidəki yeyintilər Masallıya hansı bəlalar gətirib və daha hansılarını gətirə bilər?
Bu cür kütləvi saxtakarlıqlara qol qoyanları nədən cəzalandırmaq əvəzinə əvvəlki əmək haqqlarının 6 qatı məbləğində pulla mükafatlandırdılar?
Masallı rayonunun tarixi boyu onun ərazisində inşa edilən ən nəhəng tikinti “Viləşcay” dəryaçası olub. Təkcə onun smeta dəyərinə nəzər salanda bu tikintinin miqyasını ən avamların da təsəvvür etməsi mümkündür. Belə ki, bu kompleksin 1-ci növbəsinin inşasına 112 milyon rubl ayrılmışdı. Bu rəqəm bəzilərinə böyük, bəzilərinə isə kiçik görünə bilər. Yəni indiki manatla müqayisə ediləndə 112 milyon rubl 30 milyon manata yaxın pul edir. O vaxtkı qiymətlərlə müqayisədə isə 1 rublun heç də indiki 1 manatdan zəif olmadığı aşkarlanır. Belə ki, həmin vaxt 1 ton sement 14 rubl, onun 50 kiloqramı, yəni bir “paçkası” 0,70 qəpik idi. İndi bir “paçka” sement 6-7 manatdır. O vaxt 1 ton armatur 180 rubl, indi 1200-1500 manat, o vaxt 1 kub taxta 56 rubl, indi 250 manatdır.
Sirr deyil ki, bizdə saxtakarlıqlar, mənimsəmələr hamını bezdirsə də, çoxları susmağa, nəinki susmağa, bəzən bu saxtakarlıqlara bəraət qazandırmağa çalışır. Hər hansı işin miqyası daha çoxdursa, təbii ki, orada saxtakarlıqlar daha çox olur. “Viləşçay” dəryaçasının tikintisinə başlanmasından 35 ildən artıq vaxt keçsə də, bu tikintidə baş vermiş dəhşətli yeyintilər barədə söhbətlər bitmək bilmir. Bu yaxınlarda Ukraynada səfərdə olarkən meliorasiya sahəsində peşəkar mütəxəssislərdən olan, “Vişəcay” dəryaçası ilə bağlı zəngin məlumata malik bir həmyerlimizlə rastlaşdım. Onun dediklərinin bəzisi mənə bəlli olsa da, həmin məqamlar ara-sıra qəzetimizdə işıqlandırılsa da, həmsöhbətimin dediklərində yeni və tutarlı detallar daha çox idi. Bunları nəzərə alıb adının açıqlanmasını istəməyən həmin şəxsin dedikləri əsasında hazırladığımız yazını sizə təqdim edirik.
“Viləşçay” dəryaçasının qısa tarixçəsi
“Viləçcay” dəryaçası və kompleksinin inşasına Masallı rayonunda tərəvəzçiliyi daha yüksək səviyyədə inkişaf etdirmək üçün 1977-ci ilin oktyabr ayında başlanıb. Tikintini Azərmeliorasiya Su-Tikinti Baş İdarəsinin Lənkəran şəhərində yerləşən Lənkəran Su-Tikinti Tresti, həmin trestin Masallı Rayonunda fəaliyyət göstərən 31 saylı Tikinti-Quraşdırma İdarəsi, 29 saylı Səyyar Mexanikləşdirilmiş Dəstə və Qəriblər kəndinin ərazisində yerləşən 26 saylı Səyyar-Mexanikləşdirilmiş Dəstə inşa edirdi.
Obyekti vaxtında təhvil vermək üçün Lənkəran və Astaranın həmin trestə tabe olan digər idarələri də bu işə cəlb olunmuşdu. Obyektin 1-ci növbəsinin inşasına 112 milyon rubl vəsait ayrılmışdı. (Həmsöhbətim xatırlatdı ki, sovet dövründə 3 milyon rubldan artıq dəyəri olan hər obyekt mütləq SSRİ Nazirlər Soveti ilə razılaşdırılırdı. Bu tikinti nə qədər əhəmiyyət kəsb edirdi ki, onun inşasına 112 milyon rubl ayırmışdılar).
1-ci növbənin kompleksi çərçivəsində aşağıdakı obyektləri tikmək planlaşdırılmışdı:
1. “Viləşçay” su anbarının bəndi. (1-ci hissənin uzunluğu 512 metr, hündürlüyü 37 metr, su tutumu 46 milyon kubmetr. Ölü həcmi 7 milyon kubmetr).
2. Masallı rayonunun Ərkivan, Qızılavar, Gəyəçöl, Musaküçə, Şıxlar, Qızılağac və digər kəndlərindəki su xətlərini təmin edə biləcək 6 km 500 metr uzunluğu olan sağ sahil kanalının inşası. Bu xətt Qəriblər kəndindən Qodman kəndinə qədər məsafəni əhatə edirdi. Onun su tutma qabiliyyəti saniyədə 8 kubmetr olmalı idi. Bu metal boruların üstündə təzyiqi artırmaq üçün Qodman kəndində Çexoslovakiya istehsalı olan SİQMA tipli, dəyəri 370 min rubl olan nasos stansiyasının quraşdırılması.
3. Masallıda yağıntı, çirkab, şor suları dənizə ötürən “K” magistral kollektoru və üzərində nasos stansiyaları.
4. “K” magistral kollektorundakı şor suları Masallının Təzəkənd kəndindəki 0 nöqtəsindən Xəzərin Bala Dəniz adlanan hissəsinə suyu ötürmək üçün diametri 426 mm olan 3 üzən nasos stansiyası. Və həmin stansiyadan Liman şəhərinə ötürülən 6 km 700 metrlik uzunluğunda magistral boru xətti.
5. 1-ci və 2-ci növbənin daşqın su sərfini aşağı ərazilərə ötürən beton su aparıcı kanal.
Bunlar 1-ci növbənin (qismən də 2-ci növbənin) kompleksinə aid tikililər idi. Bu 5 obyektin bir neçəsi aşağı keyfiyyətlə, xeyli kəm-kəsirlə istifadəyə hazırlansa da, bəziləri yerli-dibli inşa edilmədi.
1985-ci ildə SSRİ-də Qorbaçov başda olmaqla hakimiyyətə yeni qüvvələrin gəlməsi, bəzi sahələrdə qarma-qarışıqlığın yaranması bir çox işbazlara imkan yaratdı ki, bu tikintidəki kəm-kəsirləri ört-basdır etmək üçün onu tezbazar istifadəyə versinlər.
Beləliklə, 1985-ci ilin dekabrında bu kompleksin 1-ci hissəsi xeyli qüsurlarla, tələm-tələsik Dövlət Komissiyasının aktı ilə istifadəyə verildi. Təhvil verən Azərbaycan Su Tikintisi və Baş idarənin rəisi Nəcəf Hacıyev, qəbul edən Su və Meliorasiya naziri Mahmud Əliyev oldular.
Obyekti qəbul edən Dövlət Komissiyası saxtakarlığın həddən artıq olduğunu görüb bir əlavə akt da tərtib etdi ki, filan-filan obyektlər yarımçıq qalıb və onlar bir il müddətinə inşa ediləcək. Hansı ki, həmin öhdəliklər bu günə kimi də icra olunmayıb.
Bəs tikilməmiş istifadəyə verilən obyektlər hansılar idi?
Ən böyük saxtakarlıq “K” magistral kollektoru ilə bağlı idi. Həmin “K” magistral kollektoru Masallı rayonunun 25 min hektar sahəsini (1-ci və 2-ci komplekslərinin inşasından sonra) şor və yağış sularından təmizləmək, həmin çirkab suları nasosla dənizə vurmaq üçün layihələşdirilmişdi. Bu kollektorun torpaq hissəsi demək olar ki, tikilməmiş, bu “əməliyyatdan” təxminən 6 milyona yaxın pul mənimsənilmişdi. Belə ki, həmin kollektor quraşdırılmadan, üstündəki nasos stansiyası ilə birlikdə silinmişdir. Məhz bu saxtakarlıq nəticəsində hələ də Muğan torpaqlarının çoxu susuzluqdan əziyyət çəkir.
Bundan əlavə kollektorun üzərindəki üzən nasos stansiyası heç bir əsas olmadan təhvil alınan kimi silinib və yerində indiki “Cənnət bağı” istirahət mərkəzi tikilmişdir. Bununla da çirkab suların dənizə ötürülməsinə son verilib.
Əgər həmin kollektor istifadəyə verilsə idi, elə 1-ci kompleksin inşasından sonra Masallıdakı 11 min hektar sahə çirkabdan təmizlənər, həmin torpaqların şoranlaşmasına son qoyulardı.
Dəryaçanın 1-ci növbəsi tikilən dövrdə onun fəaliyyətinə nəzarət etmək üçün 32 “Pizometr baxış quyusu” tikilməli idi. Lakin tikilmədi və həmin vəsait də mənimsənildi. Bəndin üstündə tikilməli olan həmin qurğuları inşa etməkdə məqsəd o idi ki, nazirliyin mütəxəssisləri ildə 4 dəfə burada tədqiqat aparıb, nümunələr götürüb mümkün daşqınlardan, bəlalardan, xüsusən, bəndin sürüşmə ehtimallarından müvafiq təşkilatları xəbərdar etsinlər.
Allah eləməmiş, bu dəryaçanın bənd nasazlıqdan uçsa, bütün Masallı, əsasən də Muğan kəndləri suyun altında qalar.
Belə bir misal var ki, yalanı doğrultmaq üçün 2-ci, bəlkə də 3-cü yalanı söyləmək lazımdır. Bu nəhəng saxtakarlıqları edənlər ona ümid edirdilər ki, “Viləşçay” dəryaçasının 2-ci hissəsinin inşası üçün əlavə vəsait alacaq, 1-ci hissədəki yeyintiləri həmin vəsait hesabına ört-basdır edəcəklər.
Məhz bu məqsədlə 1986-cı ildə dəryaçanın ikinci hissəsi üçün dəyəri əvvəlkindən artıq - 159 milyon rubl olan layihə hazırladılar. İlkin işlər də görüldü. Yeyənkənd kəndi istiqamətində 500 metrlik kanal qazıldı. Lakin həmin arzunu reallaşdırmaq mümkün olmadı.
Əgər Masallıda “Viləşçay” dəryaçasının 2-ci kompleksi istifadəyə verilsə idi, həmin bəndin hündürlüyü 17 metr də qalxmalı idi. 5 il davam edəcək tikintidə ən azı 3 min nəfər yüksək əmək haqqı ilə çalışacaqdı. Kompleks istifadəyə veriləndən sonra ən azı 13 min hektar Muğan torpağı yararlı hala gətirilib yaşıllığa qərq olacaqdı. Burada ovçuluğun, camışçılığın və tərəvəzçiliyin yüksək səviyyəli təşkili üçün şərait əsaslı şəkildə yaxşılaşacaq, Masallının iqlimi yaxşılığa doğru dəyişəcək, burada turizm məkanı üçün təkrarsız mənzərələr yaranacaqdı. Müqayisə üçün xatırladaq ki, vaxtilə Misirdə tikilən dünyaca məşhur Assuan Su anbarı həmin ölkəyə nələr bəxş etdi.
2-ci kompleksin inşasını reallaşdırmaq üçün son illərə qədər cəhdlər edilmiş, bu məqsədlə bir neçə dəfə tender də keçirilmişdir. Xaricdən mütəxəssislər də dəvət olunmuşdur. Lakin onlar 1-ci hissənin inşasındakı hədsiz kəm-kəsirləri görüb, elə gəldikləri kimi də getdilər, 2-ci növbənin inşasına başlamaq istəmədilər.
Bax, beləcə, “Viləşçay” dəryaçasının inşasında Masallı kimi bir rayon üçün əsrin cinayəti sayılacaq qanunsuzluğa yol verilib. Masallıda son əlli ildə çox “möhtəşəm” saxtakarlıqlar edilib – palıdgilə, süd “pripiskaları”, ünvanlı yardım, DSMF-in pensiya oyunları. Lakin “Viləşcay” dəryaçası altında vurulan zərbəni bunlarla eyniləşdirmək olmur. Belə ki, bu və ya digər “maxinasiyalar”da ayrı-ayrı şəxslər ziyan çəkiblərsə, “Viləşcay” əməliyyatında isə rayonun dünəninə və bu gününə zərbə vurulub. Məhz bu saxtakarlıq nəticəsində min hektarlarla torpaq şoranlıqdan xilas olmayıb, minlərlə insan yeni iş yeri qazanmaqdan məhrum olub, nasaz halda istifadəyə verilən bənd masallılar üçün əbədi təhlükə mənbəyinə çevrilib.
“Nəsimi” filmində maraqlı bir deyim var: –“Dövlət bəyin ölüsü də gözəldir”. Bu “Viləşçay” dəryaçasının “ölüsü” də bu gün bir çox məmurlara fayda gətirir. Belə ki, bəzi yüksək vəzifəli rəsmilərin tamahı ucundan quraşdırılmayan, yaxud satılan, yaxınlarına bağışlanan qurğular sıradan çıxandan sonra boru xətləri lazımsız bir əşyaya çevrilib.
Təsəvvür edin ki, təkcə 2 il öncə bu tikintidən miras qalmış 15 kilometrlik, diametri 426, 530, 820 mm olan metal borular Masallının əvvəlki icra başçısı Qəzənfər Ağayevin vaxtında onun himayəsi, bəzi ərazi nümayəndələrinin iştirakı ilə hüquq mühafizə orqanlarının gözü qarşısında talan edilib satıldı. Bu gün “Viləşcay” dəryaçası tərəvəzçiliyin inkişafı üçün su ehtiyatı yaratmaqdan çox balıq yetişdirib xeyrini özündən böyüklərə verməklə məşğuldur. Elə il olur ki, burada 50-60 min manatlıq balıq yetişdirilir. Lakin xeyrini 2-3 məmur və işbaz görür.
“Viləşçay” dəryaçasından başqa Masallının Babaser kəndində vaxtilə tikilmiş, 7 milyon kubmetr tutumu olan “Babaser” su anbarı da vardır. Bu dəryaça həmin ərazidəki ətraf kəndlərdə çayçılığı inkişaf etdirmək üçün nəzərdə tutulmuşdur. Lakin indi burada ancaq balıq yetişdirilir – o da yuxarılar üçün. Yerli sakinlər o bəndə heç yaxın düşə bilmirlər.
Bu gün “Viləşcay” dəryaçasının olmayan qurğularında yalançı ştatlar üçün hər ay on min manatlarla pul silinir, bura ayrılmış texnika şəxsi məqsədlər üçün istifadə edilir. “Viləşçay” dəryaçasının hələ “ölüsünün” nə qədər qiymətli olduğunu nəzərə çarpdırmaq üçün xatırladaq ki, icra başçısının 1-ci müavini o böyüklükdə postunu buranın müdirliyinə dəyişmək üçün ötən il xeyli çabalar etmişdi.
“Viləşçay” dəryaçasının 1-ci hissəsindəki dəhşətli saxtakarlıqlar, nasazlıqlar bu bəndin 2-ci kompleksinin inşasına kəskin əngəllər törətdi. Kiçik bir müqayisə aparaq. Hazırda Masallının şimalında, Göytəpə ərazisində, eyni adlı çayın üzərində yarımçıq qalmış nəhəng su dəryaçası yenidə quruldu və 2010-cu ildə təhvil verildi, yaxın vaxtlarda həmin rayonun İncəçay ərazisindəki bəndin 2-ci hissəsinin tikintisinə başlanacaq. Yaxud, yaxın vaxtlarda Lənkəran rayonunun Boladiçay və Girdəniçay üzərində də yeni bəndlərin tikintisinə başlanacaq. Bu, həmin rayonların iqtisadiyyatına böyük təkan, yeni iş yerləri, eləcə də turizmə meydan deməkdir.
Masallıda isə “Viləşçay” dəryaçasının 2-ci növbəsinin tikintisinin heç adını tutan da yoxdur. Hətta o vaxtkı layihəni belə itiriblər. Çünki 1-ci növbənin saxtakarlıqlarına göz yumanlar hələ də yüksək vəzifədədir və həmin saxtakarlıqları araşdırmaqdan daha çox, bulanıq suda balıq tutmağa, bu saxtakarlıqlardan bu gün də faydalanmağa meyllidirlər.
Hazırda Su Təsərrüfatı və Meliorasiya Açıq Səhmdar Cəmiyyətinə Əhməd Əhmədzadə rəhbərlik edir. Bu şəxs əvvəllər Füzuli rayonunun 1-ci katibi, Qax rayonunda Suvarma Birliyinin sədri işləyib. Əbülfəz Elçibəy dövründə isə nazir postuna gətirilib. Mütəxəssislər onu dəfələrlə məlumatlandırıblar ki, “Viləşçay” su dəryaçasında bu biabırçılıqlar var, lakin o susmağa üstünlük verib.
Həmin dövrdə bu obyektə Masallıdan olmayan bir şəxs, sonra isə qızılağaclı Tofiq Ələkbərov rəhbərlik edib. (O, hazırda dünyasını dəyişib). İndi bu obyektə Hacı Ağabəy Ağayev rəhbərlik edir. Buranın nə keçmişi, nə sabahı onun üçün maraqlı deyil. “Pul qəbiristanlığının” üstündə əyləşən bu şəxsə elə saxta ştatlardan, şəxsi malı kimi istifadə etdiyi texnikadan, balıqçılıq hovuzlarından qazandığı bəsdir.
Yəqin oxucular bilmək istəyər ki, bu qədər saxtakarlıq edənlərin cəzası nə olub? Ən maraqlısı isə o idi ki, güya bu obyekt vaxtından əvvəl təhvil verildiyinə görə həmin obyektin, sonralar Heydər Əliyev adına “Viləşçay” dəryaçasının 1000-dən yuxarı işçisinə aldığı əmək haqqının 6 misli müqabilində mükafat yazıldı. Bu, milyonlarla pul idi. Sadəcə, bəzilərinə 300-500 verib, əvəzində 3 min-5 minə qol çəkdirib, yüz minlərlə rubl pulu sildilər. Həmsöhbətim xatırlatdı ki, yüzlərlə “ölü canlara” pul yazıb mənimsədilər. Bu işlə məşğul olanlar pulları yır-yığış edə bilməyib NİVA markalı maşınlarında kisə-kisə aparırdılar. Əslində isə bu “mükafatçılar” ağlasığmaz saxtakarlıqlarına görə, minlərlə insana ziyan vurduqlarına görə bəlkə də ölüm cəzasına məhkum edilməli idilər.
Biz yazını hazırlayarkən “Viləşçay” dəryaçası yerləşən əraziyə də baş çəkdik. On hektarlarla ərazi xarabalığa bənzəyirdi. Bu qədər su ilə nə bir yaşıllıq salınıb, nə on illərin zir-zibili yığışdırılıb. Keçmiş tikinti idarələrinin binaları, həyətləri isə xaraba gündə idi. Yarım saatdan artıq bu strateji obyekti əlimizdə foto aparat dolaşsaq da, kimsə maraqlanmadı ki, burada nə edirsiniz?
Sonda bir daha çoxlarına bəlli olsun ki, heç nə unudulmur. Kimlərinsə adının əvvəlində, axırında nazir, 1-ci şəxs, hacı, kərbəlayı titulları olmasına baxmayaraq, hamının əməlləri yaddaşlardadır. Heç şübhəsiz ki, yaxın vaxtlarda kanalizasiya adı altında törədilən cinayətlərin də detalları tam çılpaqlığı ilə xalqa bəlli olacaq.
Zahir
Mövzu ilə bağlı araşdırmalarımız isə davam edir. Və araşdırmaların nəticələri ilə ölkənin səlahiyyətli şəxslərini məlumatlandırmağı planlaşdırırıq. Eləcə də yazıda adı çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.
Zahir ƏMƏNOV
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər