BolgeXeber.Com » Bölgə » İcra başçısı Şirvan şəhərini necə işğal edib?

İcra başçısı Şirvan şəhərini necə işğal edib?

24-08-2013, 10:55
Oxunub: 5 567 Etiraf etməliyik ki, bu gün bəzi rayonlara icra başçısı göndərilən şəxslər rəhbərlik edəcəkləri rayonlardakı problemlərlə tanış olmaq, onların həlli yolları barədə fikirləşmək, vətəndaşlara daha yaxından kömək etmək əvəzinə, biznes planları qururlar, müxtəlif yollara əl ataraq pul qazanmağın üsullarını öyrənirlər. Təbii ki, bu metodla işləyən icra başçılarından çox keçmir ki, müvafiq qurumlara şikayət edilir.

Bəzən aidiyyəti orqanlar vətəndaşların şikayətlərini araşdırsalar da, əksər hallarda yuxarılara ünvanlanan müraciətlərə cavab verilmir. Kim bilir, bəlkə də həmin şikayət məktubları heç ünvana gedib çatmır. Son illər ölkə prezidenti regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə diqqəti artırıb. Təsadüfi deyil ki, dövlət büdcəsindən müxtəlif rayonların abadlaşdırılması üçün vəsaitlər ayrılır, sərmayələr yatırılır. Prezidentin diqqət mərkəzində saxladığı, inkişaf etməsini istədiyi rayonlardan biri də Şirvandır. Xatırladaq ki, 2013-cü ilin bu ayına kimi Şirvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə büdcədən bir neçə milyon manat ayrılıb. Bu məbləğlə rayonda bəzi işlər görülsə də, yeyinti hallarına daha çox yol verildiyindən bir sıra obyektləri təmir etmək mümkün olmayıb.

Təmir edilənlərdə isə ucuz tikinti materiallarından istifadə edilib. Yəni vəsaitin çoxu kimlərsə tərəfindən mənimsənilib. Qeyd edək ki, rayona ayrılan vəsaitlərin nəzərdə tutulan işlərə sərf olunmamasında təqsiri olan şəxslərdən biri də icra başçısı Mərdan Camalovdur. Bu yaxınlarda rayona rəhbərlik etməsinin 8 ili tamam olan icra hakimi ölkə başçısının etimadından sui-istifadə edərək büdcə pullarını göyə sovurmaqla məşğuldur. Rayon sakinlərindən aldığımız bilgilərə görə, prezidentin rayona səfərindən sonra başçı özbaşınalıqlarını lap artırıb: «Şirvanda yalnız kosmetik işlər görülüb. İcra hakimi ölkə başçısına da məhz rayonun mərkəzi yerlərini göstərdi. Kəndlərdə və rayon mərkəzindən aralıda yerləşən yaşayış sahələrində vəziyyət dözülməzdir. Yollar yaman gündədir, kommunal problemlər əhalini boğaza yığıb. İcra başçısı heç bir vətəndaşın problemi ilə maraqlanmır. Özünü və biznesini fikirləşir. Rayon camaatı onun haqqında dəfələrlə şikayət edib. Buna baxmayaraq, hələ də vəzifəsində qalır. Məmur o qədər özbaşınalıq edir ki, artıq buna tap gətirmək mümkün deyil. Dövlət büdcəsindən vəsait ayrılır ki, rayonda iş getsin, ancaq başçı sıravi insanları tikinti və təmizlik işlərinə cəlb edir. Bir neçə ay əvvəl rayonda gedən tikinti işlərinə işçi qüvvəsi çatmırdı.

Ayrılan pulu yemişdilər, buna görə də fəhlə tutmağa pul çatmırdı. Başçı isə rayon gənclərini bu işlərə cəlb etməklə vəziyyətdən çıxış yolu tapdı. Belə şeylər ancaq quldarlıq dövründə olub. Mərdan Camalovun nə ixtiyarı var ki, camaatın balasını fəhlə kimi işlətsin?» Başçının fəaliyyətini tənqid edən sakinlərin sözlərinə görə, Mərdan Camalovun 8 illik rəhbərliyi dövründə Şirvanda nə qədər boş torpaq varsa, hamısı satılıb: «Rayonda elə adam yoxdur ki, başçının torpaq satışı ilə məşğul olduğunu bilməsin. Heydər Əliyevə adına olan meydanda yerləşən Şahmat məktəbini bölərək Samir adlı oğluna verməsi heç kimin yadından çıxmayıb. Həmin obyekt bu gün telefon mağazası kimi fəaliyyət göstərir. İcra hakimi rayonda hegemonluq edir. Heydər Əliyev Parkında böyük çayxanası, uşaq əyləncə qurğuları, müxtəlif ticarət köşkləri var. Burdan əldə olunan gəlir birbaşa başçıya çatır. Obyekt əvvəllər rayon rəhbərinin yaxın adamlarından sayılan Statistika İdarəsinin rəisi Məharət adlı şəxsin adına idi. Heydər Əliyev Mərkəzi tikiləndən sonra başçı əvvəlki yaşayış binasının altında olan Heydər Əliyev adına muzeyi də yaxın qohumlarına bağışladı. «Leyla» şadlıq sarayı və onun yaxınlığındakı torpaq sahəsi də icra başçısına məxsusdur». Şikayətçilərin sözlərindən məlum olur ki, Mərdan Camalovun şirvanlılara yuxarıdan aşağı baxması bəzi məmurlara da təsir edib: «Rayonda fəaliyyət göstərən bəzi idarə və müəssisələrin rəhbərləri bizə kobud münasibət göstərirlər. Səbəbini soruşanda isə deyirlər ki, biz icra başçısından əskik adamlarıq, o necə edirsə, biz də bunu təkrarlayırıq. Bu cür təzyiq altında yaşamaqdan usanmışıq. İcra başçısı nazir qardaşı Yavər Camalova arxayındır. Bilir ki, qardaşı müxtəlif məsələlərdə onu sudan quru çıxaracaq. Amma İsmayıllıda baş verənləri unutmasınlar. Füzuli Ələkbərovun qardaşı Nizami Ələkbərov da qardaşına güvənirdi. Sonu nə oldu? Prezident kimin kimlə qardaş, qohum olmasına baxmır. Fəaliyyəti camaatı razı salmırsa, həmin məmuru dərhal işdən çıxarır. Biz cənab prezidentdən xahiş edirik ki, seçkiqabağı Şirvan sakinlərinə qan udduran icra hakimi barədə ölçü götürsün». Gələn saylarımızda müdafiə sənayesi naziri Yavər Camalovun böyük biznes imperiyası ilə bağlı məlumat verəcək, Mərdan Camalovun ona hansı formada kömək etməsini açıqlayacağıq. «Aksessuar İnşaat», «Çinar market» mağazası, «Kral» şadlıq evi, Səməd Vurğun küçəsində yerləşən «Olimpik Star» idman kompleksi, «Ambasador» hoteli və restoranı, «Qızıltac» və «Niaqara», Salyan rayonu Qaraçala kəndində heyvandarlıq və südçülüklə məşğul olan "Hacıcamalxan” adlanan fermer təsərrüfatı, «milyonçular məhləsi» kimi tanınan Teymur Əliyev küçəsində 3 villa, Ceyhun Hacıbəyli 54 ünvanındakı imarətlər, Moskva və Türkiyədəki xeyli sayda daşınmaz əmlakın hansı pullarla alınmasını biləcəksiniz. Bizi izləyin!
Qarşı tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq.