BolgeXeber.Com » Bölgə » Milli Məclisin deputatı bir nəsli gözüyaşlı qoyub

Milli Məclisin deputatı bir nəsli gözüyaşlı qoyub

24-08-2013, 11:15
Oxunub: 5 014 Qayınatasına güvənməklə məhkəməyə açıq şəkildə hörmətsizlik nümayiş etdirir

Milli Məclisin deputatı, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev Zəngilandan məcburi köçkün düşən, ağır vəziyyətdə yaşayan, qohum-əqrabanın evində gecələyən İsmayıl Nüsrət oğlu İsmayılov və onun anası Quliyeva Güldənə Məhərrəm qızının başına olmazın müsibətlər açır. Rektor-deputatın kürəkəni tərəfindən idarə olunan «Jalə-Biznes» MMC, hazırda adı «JMR» olan cəmiyyət məcburi köçkünlərin hüquqlarını pozur.

Bu barədə əvvəlki saylarımızda silsilə yazılar dərc etmişik. Məsələdən bixəbər olan oxucularımız üçün bir daha xatırladaq ki, İsmayıl İsmayılov və anası Güldənə Quliyevaya məxsus, Bülbül prospekti 42 ünvanında yerləşən 17 və 42 nömrəli mənzillərin plana düşməsi nəticəsində «Jalə-Biznes» MMC «Muğanbank» ASC ilə əlbir olaraq qeyd olunan əmlakı qəsb ediblər. Belə ki, İsmayıl İsmayılov və ailəsinin digər üzvləri 19 sentyabr 2005-ci il tarixdə "Jalə-Biznes” Məhdud Məsuliyyətli Cəmiyyət arasında müqavilə bağlayıblar. Həmin müqavilənin şərtlərinə uyğun olaraq, təqdim olunan mənzillərin dəyəri müqabilində "Jalə-Biznes” MMC mənzilin yerləşdiyi Bülbül prospekti 42 ünvanda tikdirəcəyi çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində 100 kvadratmetr qeyri-yaşayış sahəsini 1 il 6 ay müddətində İsmayıl İsmayılovun mülkiyyətinə verməyi öhdəsinə götürüb. Eyni zamanda, sözügedən müqavilədə öhdəliklərin yerinə yetirilməsi müddəti, yaşayış mənzillərinin qiyməti və hesablaşma, həmçinin tərəflərin hüquq və vəzifələri, tərəflərin məsuliyyəti və mübahisələrin həll edilməsi yolları açıq şəkildə göstərilib. Hər iki tərəfin razılığı ilə imzalanan müqavilə Nəsimi rayonunda yerləşən 13 saylı notariat kontorunda təsdiqlənib. 2005-ci il oktyabrın 5-də həmin mənzillər alqı-satqı yolu ilə "Jalə-Biznes” MMC-yə satılıb. Lakin bina hazır olandan sonra MMC rəhbərliyi verdiyi sözü yerinə yetirməkdən imtina edib. Hüquqları pozulan tərəf şirkət rəsmilərinə nə qədər müraciət etsə də, xeyri olmayıb. Əlacı hər yerdən kəsilən İsmayıl İsmayılov sonda Nəsimi Rayon Məhkəməsinə üz tutub.

Məhkəmə Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq ilkin iddianın qismən təmin edilməsi barədə qərar çıxarıb. Qərara görə, İsmayıl İsmayılov və Güldənə Quliyeva ilə "Jalə-Biznes” MMC arasında bağlanmış 21 sentyabr 2005-ci il tarixli müqavilənin ləğv edilməsi, İsmayıl İsmayılov və Güldənə Quliyevanın xeyrinə "JMR” MMC-dən cavabdehin müqavilə öhdəliyini yerinə yetirmədiyinə görə hesablanmış 560 min dollar cərimə, 14 min dollar dəbbə pulu, cəmi 574 min dollar məbləğində pulun 5 il 7 ay 9 gün ərzində banka illik 10,4 faiz depozit qoyacağı təqdirdə əldə edəcəyi 426 min dollar məbləğində pulun tutulduğu anda Mərkəzi Bank tərəfindən manatın dollara münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulmalı və iddiaçıya verilməlidir. Məhkəmə zərərçəkmişlərə 400 min manatın verilməsi barədə qərar çıxarsa da, MMC-nin rəhbəri, deputatın kürəkəni S.Bayramov bu günə qədər qanunun tələblərini yerinə yetirmir.

O, qayınatasına güvənməklə məhkəməyə açıq şəkildə hörmətsizlik nümayiş etdirir. Əgər MMC direktoru bu məbləği ödəməyəcəkdisə, niyə məhkəmə zamanı bunu demirdi? Niyə məhkəmələri saymadığını, qanunların onun üçün boş şey olduğunu əvvəlcədən bildirmirdi? Çox güman ki, qayınatası ilə məsləhətləşmə aparandan sonra məcburi köçkünün pulunu ödəməmək fikrinə düşüb. Axı, nə də olmasa Əhməd Vəliyev deputatdır, rektordur, toxunulmazlığı var, kimlərləsə dostluq edir və sair. Kiminsə qohumu olmaq o demək deyil ki, gedib camaatın haqqını tapdalayasan, bir neçə ailəni gözü yaşlı qoyasan. Ay Əhməd Vəliyev, onsuz da erməni dığaları İsmayıl İsmayılova yetərincə zərbə vurublar, torpağını əlindən alıblar, nəyi varsa talan ediblər, sinəsinə Vətən dağı çəkiblər. İndi ona qarşı bu münasibət nəyə lazımdır? Siz istəyirsiniz ki, seçki öncəsi məcburi köçkün və ailəsi Azərbaycan vətəndaşlığından imtina edib başqa dövlətə sığınsın?

Dünya dövlətləri buna baxıb bizə nə deyər? Deməzlərmi ki, deputat bir nəsli ölkədən didərgin saldı? Sizin pulunuz, imkanınız çox ola bilər, amma bu məcburi köçkün ailəsinin qalmağa, yaşamağa bir yeri yoxdur. Yenə sağ olsun qohumları onlara sahib çıxır, evlərində yer verirlər. Axı, bu şərait nə vaxta kimi davam edə bilər? Biz ölkənin aidiyyəti qurumlarından, Ali Məhkəmənin sədri Ramiz Rzayevdən, ədliyyə naziri Fikrət Məmmədovdan, baş prokuror Zakir Qaralovdan xahiş edirik ki, Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərarı icra etməkdən boyun qaçıran «JMR» MMC-nin rəhbərini məsuliyyətə cəlb etsinlər.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.