BolgeXeber.Com » Bölgə » İmişlidə əməlli-başlı soyqırım

İmişlidə əməlli-başlı soyqırım

26-08-2013, 11:10
Oxunub: 5 011 İmişli şəhərinin Tofiq İsmayılov küçəsindəki çoxillik ağaclar kökündən çıxarılıb. Bolgexeber.com bildirir ki, bu barədə infom.az-a İmişli şəhərinin sakini Səxavət Quliyev məlumat verib:

“Adıçəkilən küçədə 5 saylı şəhər orta məktəbi əsaslı təmir edilir. Onun açılışında dövlət başçısının iştirak edəcəyi gözlənildiyindən yol kənarlarına hasar çəkilir. Görünür yerli məmurlar öz “əl işlərini” prezidentə daha yaxşı təqdim etmək üçün ağacları kökündən çıxarıblar. Təkcə avqustun 22 sində 20-dək yaşköküstə ağac kəsilib. “Yaşıl soyqırım” həyata keçirilərkən ərazidə yerli icra və bələdiyyə orqanlarının məsul işçiləri vardı.”

Yerli mənbələr bildirir ki, Vilyam Hacıyev İmişli Rayon İcra Hakimiyətinin başçısı təyin ediləndən bəri təkcə rayon mərkəzində 1000-dək ağac kəsilib. “Yol kənarlarındakı ağacların məhv edilməyi qalsın bir yana, şəhərin parkları da get-gedə sıradan çıxır. Belə ki, Heydər Əliyev parkının bir hissəsindəki yaşıllıq sahəsini “Heydər Əliyev Mərkəzi”, “Gənclər Mərkəzi” və otel “udub”. Mərkəzi Xəstəxananın yaxınlığındakı park iş adamlarından birinə satılıb. Sabir adına parkda isə “çayxanalar bazarı” açılıb.

Qanunsuz olaraq ağac kəsdiyinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi müxtəlif hüquqi və fiziki şəxsləri ümumilikdə yarım milyon manatadək cərimə kəsib, amma bu qərarların əksəriyyəti məhkəmə qaydasında ləğv edilib”- deyə mənbə bildirir.

Qəribədir ki, İmişlinin icra başçısı Vilyam Hacıyev rayonda ağac kəsilməyini inkar edir.