BolgeXeber.Com » Bölgə » Gədəbəyin icra başçısı Ramiz Yediyarov nazirə də meydan oxuyur

Gədəbəyin icra başçısı Ramiz Yediyarov nazirə də meydan oxuyur

30-08-2013, 09:10
Oxunub: 6 033 Ramiz Yediyarov istirahət mərkəzlərinə qarşı «səlib yürüşünə» başlayıb
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun adı son vaxtlar qalmaqallı olaylarda daha çox hallanır.
Bir müddət əvvəl rayonun mərkəzi bazarı yananda bütün diqqətlər başçının üzərinə yönəlmiş və bəziləri iddia etmişdilər ki, bu işi o təşkil edib. Bunu isə onunla əsaslandırmışdılar ki, rayon rəhbəri həmin bazarı öz nəzarəti altında saxlamaqdan və ora yaxın adamını rəhbər qoymaqdan ötrü bu addımı atıb. Lakin daha sonra icra başçısı bununla bağlı açıqlama verərək bildirmişdi ki, bazarı ələ keçirmək kimi bir iddiası olmayıb.
Əlbəttə, heç bir məmur açıq şəkildə söyləməz ki, hansısa obyekti öz kurasiyama keçirmək istəyirəm. Açığı biz icra hakiminin söylədiklərinə inanmadıq. Ən azından ona görə ki, onun fəaliyyəti haqqında bu vaxta qədər elə də xoş sözlər eşitməmişik. Adicə bir misal çəkək ki, bu gün Gədəbəy sakinlərinin yetərli bir hissəsi Ramiz Yediyarovun fəaliyyətini qənaətbəxş hesab etmirlər.
Və dəfələrlə söyləyiblər ki, icra başçısı rayona gəldiyi gündən bir dəfə də olsun vətəndaşların problemlərinin həll edilməsi üçün təşəbbüs göstərməyib. Bunlar öz yerində. Yadınızdadırsa, keçən saylarımızda Gədəbəydə hökm sürən məmur özbaşınalığından və məmurların cəbhələrə bölünməsindən yazmışdıq. Qeyd etmişdik ki, icra başçısı rayonu istənilən səviyyədə idarə edə bilmir və bəzi məmurlar onunla hesablaşmırlar.
Dünən rayondakı mənbələrdən redaksiyamıza daxil olan məlumatlarda isə bildirilir ki, Ramiz Yediyarovun vəzifəsinin öhdəsindən layiqincə gələ bilməməsi onun başqa işlərə daha çox vaxt ayırması ilə bağlıdır. Mənbənin sözlərinə görə, onun əsas güc verdiyi sahə biznesidir: «Rayona gəldiyi heç iki deyil, amma yığdığını yığıb. Hazırda Gədəbəyin meşələrinə amansız divan tutulur. Qış fəslinin tədarükünü artıq indidən görürlər. Rayonda bir maşın odun 800 manata satılır. Böyük meşə massivlərini məhv edirlər. İcra hakimi bundan xəbərdar olsa da, ağac kəsənləri cəzalandırmır. Nə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bu barədə məlumat vermir ki, nazirliyin işçiləri gəlib tədbir görsünlər. Çünki rayonda odun biznesinə rəhbərlik edən şəxslər başçının «şirinliyini» artıqlaması ilə çatdırırlar». Mənbənin sözlərindən aydın olur ki, rayonun müxtəlif kəndləri, gəlir gətirən əsas obyektləri ayrı-ayrı məmurlar arasında bölüşdürülüb: «İdarə və müəssisə rəhbərlərinin bir neçəsi əməlli-başlı biznesə girişiblər. Onların bir çoxu Rusiya və Gürcüstan bazarlarına tonlarla kartof göndərirlər. Elə idarə rəhbəri var ki, hektarlarla torpaq sahəsinə sahibdir və burda kartof əkdirir. Vətəndaşlardan aldıqları rüşvətlə özlərinə yüksək səviyyəli şərait qurublar. İcra başçısı onlara öz əməlləri ilə örnək olmaq yerinə, xoşagəlməyən işlər törədir. Ramiz müəllim hər işdən xeyir qazanıb, indi də rayonun istirahət mərkəzlərinə keçib.
Gədəbəyin ən məşhur istirahət mərkəzlərindən sayılan «Eldorado», «Yuxarı Narzan», «Aşağı Narzan» və «Şirxan»ın başı üzərində qara buludlar dolaşır. Məmur bu istirahət mərkəzlərinin sahiblərinə bildirib ki, hər ay onu necə lazımdısa «görsünlər».
Ancaq obyekt sahibləri başçının istəyinin çox olduğunu nəzərə alaraq onunla razılaşmayıblar. Rayon rəhbəri isə onlara deyib ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə danışıb sizin fəaliyyətinizə xitam verdirəcəm. Mənim bildiyimə görə, «Eldorado» nazirlərdən birinə məxsusdur. İcra başçısı həmin obyektin hansı nazirə məxsus olduğunu bilir. Buna rəğmən, yenə də ona meydan oxuyur». Mənbənin sözlərindən belə çıxır ki, icra başçısı həmin nazirlə kəllə-kəlləyə gəlir.
Biz isə inanmırıq ki, Ramiz Yediyarov bu məsələdə sona qədər güc nümayiş etdirə bilsin. Məsələni araşdırmaq üçün Gədəbəy RİH-in rəhbəri ilə əlaqə saxlamaq istəsək də, (+994232) 6-42-42 nömrəsinə düşə bilmədik.
Qarşı tərəfin də cavab haqqını tanıyırıq.

Elvin Həkərili