BolgeXeber.Com » Bölgə » Biləsuvar Gömrük Məntəqəsində talama siyasəti

Biləsuvar Gömrük Məntəqəsində talama siyasəti

12-10-2013, 16:25
Oxunub: 7 904 Gömrük işçiləri İrana gedib-gələn vətəndaşları süründürməçiliyə məruz qoyurlar

Dövlət Gömrük Komitəsinin (DGK) səmərəli fəaliyyəti nəticəsində son illər ölkənin gömrük sistemində bir sıra müsbət işlər həyata keçirilib. Komitə rəhbərliyinin təşəbbüsü ilə atılan addımlar gömrük məntəqələrində hər şeyin qaydalara uyğun formada qurulmasına zəmin yaradıb. Diqqətinizə çatdırmaq istəyirik ki, adıçəkilən komitənin qarşısına gömrük işini təşkil etmək və onu təkmilləşdirmək, gömrük siyasətini həyata keçirmək, öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının iqtisadi mənafeyini və təhlükəsizliyini qorumaq, gömrük işinin inkişafı proqramını hazırlamaq və həyata keçirmək kimi mühüm vəzifələr qoyulub.
İnsaf naminə qeyd etməliyik ki, DGK rəhbərliyi bu vəzifələrin öhdəsindən indiyə qədər layiqincə gəlməyi bacarıb. Sözsüz ki, bu məsələdə komitə sədri Aydın Əliyevin də müstəsna xidmətləri olub. Bu sahədə görülən mütərəqqi işlərə baxmayaraq, gömrük sistemində çalışan bəzi məmurlar qanuna zidd əməllər tutmaqla müxtəlif problemlərin yaranmasına səbəb olurlar. Biləsuvar Gömrük Məntəqəsində də özbaşınalıq tüğyan edir. Məntəqədə yaşananlarla bağlı əvvəlki saylarımızda geniş yazılar dərc etmişik. Redaksiyamıza daxil olan son məlumatlara görə, Biləsuvar Gömrük Məntəqəsində vətəndaşlara qarşı haqsızlıq edilir, insanlar qanunsuz olaraq burda saatlarla gözlədilir. Etibarlı mənbənin dediyinə görə, məntəqənin vəzifəli şəxsləri İrandan ölkəmizə qayıdan insanları bu və ya digər bəhanələrlə süründürərək onları nəysə verməyə məcbur edirlər: «Gömrük Məntəqəsinin işçiləri İrandan Azərbaycana qayıdan vətəndaşlara qarşı çox kobudluq edirlər. Avtomobillərin yoxlanması prosesini 4-5 saat yubadırlar. Bu ona görədir ki, avtomobil sahibləri vaxt itirməmək üçün məntəqə rəsmilərinə «şirinlik» versin. Gömrük işçiləri müalicədən qayıdanlara ikiqat zülm edirlər. Bildiyimiz kimi, son aylar ölkəmizdən insanlar İrana daha çox müalicə və müayinə məqsədi ilə gedirlər.
Məntəqənin əməkdaşları belə insanların cibində pul olduğunu görub qanunu öz istədikləri tərəfə çevirirlər. İran tərəfi heç bu qədər qanunsuzluq etmir. Amma bizim gömrük məntəqəsinin əməkdaşları özbaşınalıqlarını bir-birinin ardınca sıralayırlar. Vətəndaşlar pasport qeydiyyatından keçmək üçün növbəyə düzülürlər. Onların arasında xəstəsi də var, uşağı da, qocası da. Bunu nəzərə alan yoxdur». Mənbə deyir ki, gün ərzində məntəqədən təxminən, 3 min nəfər insan İrana keçir, bir bu qədəri də ordan qayıdır: «Onların hər birindən ən azı 100-150 manat alınır. Alver məqsədilə bu ölkəyə gedib-gələnlərdən isə 200 manat tələb edilir. Biləsuvar Gömrük Məntəqəsinin rəhbərliyi qanunlara istinad etmək yerinə, bilərəkdən yarıtmaz fəaliyyətlə məşğul olurlar». Onu da qeyd edək ki, İrana şəxsi avtomobillə keçmək məsələsində də bir sıra sıxıntılar yaranır. Düzdür, həmin sıxıntını yaradan Azərbaycan deyil, məhz İran tərəfidir. Belə ki, İran tərəfi Azərbaycan maşınlarını bir müddət gömrükdə saxladıqdan sonra onlardan geri qayıtmalarına görə yazılı zəmanət istəyirlər. Eyni zamanda, sığorta və torpaq basdı haqqı olaraq maşının markasına uyğun qiymət qoyurlar. Adətən belə hallarda ən ucuz rəqəm 250 dollardır. Ən yüksək rəqəm kimi isə bahalı Qərb maşınlarına tətbiq olunan 1500 dollardır. İran tərəfinin bununla bağlı arqumenti budur ki, ölkəmizdəki avtomobillər çox bahalıdır və onların sığortası da bu səbəbdən bahaya çıxır. Eyni zamanda, belə maşınlar İrana keçdikdən sonra qəza baş verərsə, onun detallarını tapmaq xeyli çətindir.
Məhz buna görə də məcbur olub qiyməti belə baha qoyurlar ki, sığorta şirkətləri bu məsələdə razılıq versinlər. Çox güman ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin Biləsuvar Gömrük Məntəqəsində baş verən özbaşınalıqlardan xəbəri yoxdur. Biz isə öz növbəmizdə komitə rəhbərindən xahiş edirik ki, məntəqədə üzə çıxan neqativ halları yerindəcə araşdırıb bu sahədə rüşvətə şərait yaradan şəxsləri cəzalandırsın.
Qarşı tərəfin də münasibətini öyrənə bilərik.
Samir Zəngilanlı