Balakən rayonuna ayrılan vəsaitlər kimlər arasında bölüşdürülür?
12-10-2013, 16:35
Oxunub: 4 223
Maliyyə idarəsinin müdiri hansı məmurla yola getmirsə, onu yoxlama ilə hədələyir
Dövlət büdcəsindən maliyyələşən qurumların səlahiyyətli şəxsləri Mahir Mikayılovun əlindən beziblər
Bu gün Maliyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən yerli maliyyə idarələrinin bir çoxunda dözülməz vəziyyət hökm sürməkdədir. Maliyyə idarələri rəhbərlərinin «Dövlət büdcəsi haqqında» Qanunun tələblərinə riayət etməmələri, səlahiyyətlərinə aid olmayan işlərə imza atmaları ilə bağlı zaman-zaman həm mətbuatda, həm də cəmiyyət arasında informasiyalar yayılıb. Lakin buna baxmayaraq, nazirlik rəsmiləri bəzi maliyyə idarələrində üzə çıxan nöqsanlara biganə münasibət göstərərək vəzifəli şəxslərin qanun pozuntularına göz yumurlar.
Bildiyiniz kimi, Maliyyə Nazirliyi ölkənin maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Yerli maliyyə idarələri isə mövcud qanunlardan irəli gələn tələblər əsasında aid olduqları rayonların dövlət büdcəsindən maliyyələşən idarələri təftiş edirlər. Qanuna görə, maliyyə qurumları büdcədən maliyyə dəstəyi alan idarə və müəssisələrin fəaliyyətini hər üç ildən bir yoxlamalıdırlar. Lakin buna rəğmən, bəzi maliyyə idarələrinin rəhbər şəxsləri ürəkləri istəyən vaxtlarda yoxlama aparırlar. Misal kimi, Balakən rayon Maliyyə İdarəsini göstərmək olar. Xatırlayırsınızsa, bir müddət öncə adıçəkilən qurumda mövcud olan bir sıra qanunsuzluqlarla bağlı ətraflı məlumat məlumat vermişdik. Dəfələrlə yazmağımıza baxmayaraq, sözügedən idarədə müsbətə doğru heç bir dəyişiklik baş verməyib. Bu günlərdə rayondakı mənbələrdən aldığımız bilgilərə görə, Balakən rayon Maliyyə İdarəsinin müdiri Mahir Mikayılov müxtəlif təmir-bərpa işlərinin aparılması üçün elan edilən tenderlərdən bir xeyli gəlir əldə edir. Belə ki, rayonun sosial-iqtisadi inkişafı üçün ayrılmış vəsaitlərin böyük bir qisminin mənimsənildiyini iddia edən məlumatlı şəxsin sözlərinə görə, Balakən rayonunda həyata keçirilən işlərlə bağlı dövlət büdcəsindən ayrılmış pulların bir qismi idarə rəhbərliyi tərəfindən götürülür: «Bu pulların hara və hansı məqsədlər üçün xərcləndiyinə dair sənədlərdə isə rəqəmlər şişirdilir. Həmin vəsaitlərin silinməsi üçün təkcə maliyyə idarəsi müdirinin deyil, həmçinin Balakən Rayon İcra Hakimiyyətinin məsul şəxslərinin də «rolu» var. Bunun da nəticəsində külli miqdarda vəsait rayonda söz sahibi olan bir qrup məmur arasında bölüşdürülür. Bu məsələdə əsas günahkar isə maliyyə idarəsinin müdiri Mahir Mikayılovdur». Maliyyə İdarəsinin müdirinin dövlət büdcəsindən mənimsədiyi vəsaitlərlə yanaşı, rayonda fəaliyyət göstərən idarə və müəssisə rəhbərlərindən də mütəmadi olaraq nəysə aldığını vurğulayan məlumatlı şəxs Balakəndə dövlət büdcəsi hesabına maliyyələşən qurumların səlahiyyətli şəxslərinin Mahir Mikayılovunəlindən bezdiklərini qeyd etdi: «Maliyyə İdarəsinin müdiri yerli-yersiz yoxlamalar təşkil edərək müəssisə rəhbərlərini çətin vəziyyətdə qoyur. Heç bir qanun pozuntusu aşkarlanmasa da, müəssisə rəhbərləri problem yaşamamaq üçün irəli sürülən «şərt»lərə əməl edirlər. Ümumiyyətlə, Mahir Mikayılov rayonda hansı məmurla yola getmirsə, onu rəhbərlik etdiyi idarənin fəaliyyətini yoxlatdıracağı ilə hədələyir. Bildiyiniz kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə görə, Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cəza tədbirləri nəzərdə tutulub. Maliyyə idarəsinin müdiri isə buna heç bir əhəmiyyət vermədən öz bildiyini etməkdədir».
Məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.
Sərxan Məlikbəyli
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər