BolgeXeber.Com » Bölgə » Məhkəmə Ekspertizasının ekspertinin müəmmalı riyazi hesablamaları

Məhkəmə Ekspertizasının ekspertinin müəmmalı riyazi hesablamaları

21-10-2013, 15:50
Oxunub: 4 270 Qafqaznews.az –ın redaksiyasına Qusar şəhər sakini Mirzəyev Tacəddin Əliverdi oğlu tərəfindən şikayət məktubu daxil olmuşdur.Həmin məktubu olduğu kimi oxuculara təqdim edirik:

“Dünən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kolleqiyasında Qusar rayon məhkəməsinin Ş.Zalovun iddiasının təmin edilməsi barədəki 3 sentyabr 2012–ci il tarixdə qəbul etdiyi qətnaməsindən F.Mirzəyev tərəfindən verilmiş apellyasiya şikayətinə baxılıb.İşi aparan hakim T.Quliyev bu mülki işin obyektiv həllini təmin etmək üçün bizim tərəfimizdən verilmiş vəsatətlə əlaqədar olaraq, mülki iş üzrə ekspertin qarşısında “Qusar rayonu,İmamaqulukənd kənd sakinləri Zalov Şirinbala Abdulmütəllib oğlunun və Mirzəyeva Minayə Məclum qızının adına olub,Mirzəyev Fevral Əliverdi oğlunun istifadəsində olan torpaq sahələrinin hal-hazırda faktiki ölçüləri nə qədərdir?” sualı qoyulmaqla AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ekspertizanın təyin olunması barədə məhkəmə iclasının qərardadı göndərmişdir.

Bununla əlaqədar olaraq 19 sentyabr 2013-cü il tarixdə həyətimizə köhnə tanışlarımız,AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti ,III dərəcəli ədliyyə qulluqçusu İskəndərov Xəyyam Eyvaz oğlu, AR DT və XK-nin Qusar rayon şöbəsinin mütəxəsisi Vüqar Musayev və İmamqulukənd kənd bələdiyyəsinin sədri Məzahir Qədimov əraziyə gəlib təxminən 30 dəqiqə ərzində “lazerli” qurğu ilə həyətimizin dörd tərəfinin künc nöqtələrindən müxtəlif bucaq altında ölçü işləri apardılar.

Ekspert X.İskəndərov bizə,1 saylı nöqtədən 2 saylı nöqtəyə 31,8m, 2 saylı nöqtədən 3 saylı nöqtəyə 33,9m, 3 saylı nöqtədən 4 saylı nöqtəyə 6,0m, 4 nöqtədən 5 saylı nöqtəyə 32m, 5 saylı nöqtədən 6 saylı nöqtəyə 19,5m,6 saylı nöqtədən 7 saylı(yəni 1-ci) nöqtəyə 51,0m təşkil etdiyini bildirib və onlar yerində heç bir rəsmi sənəd tərtib etmədən çıxıb getdilər. Biz dəfələrlə torpaq sahəmizi ölçmüşük və dəqiq bilirik ki,həyətimizizin ümumi sahəsi yaşayış evin sahəsi ilə birlikdə 1654 kv.metrdir.

Ekspert gedəndən sonra mən yuxarıda göstərilən nöqtələri birləşdirəndə 4 tərəfi düz olmayan dörd bucaq yarandı və bunu belə ölçdüm:1.((31,8m +19,5m):2) X ((51m + 33,9m +6m +32m):2)=25,65m X 61,45m= 1576 kv.m.Bundan əlavə ekspertin ölçülərinə əsasən dəqiq miqyaslı plan tərtib edərək sahəni üç bucaqlara bölüb və hesablamanı Heron düsturu ilə hesablayıb həyətyanı torpaq sahəsinin 1654 kv.m.olmasını müəyyənləşdirdim.


Ancaq ekspert Xəyyam İskəndərovun məhkəməyə təqdim etdiyi,26 sentyabr 2013-cü il tarixli 13428 №-li ekspertiza rəyinə tətbiq olunmuş hesablama metodunun nəticələrini qoşmadan, torpaq sahəsinin miqdarının 1908 kv.m.təşkil etdiyini bildirməklə məhkəməyə saxta rəy təqdim etmişdir. Ekspertiza rəyində qeyd olunmuş nöqtələrin aralasındakı məsafələrin ölçüləri sahəsi 1908 kv.m. sahəsi olan hər hansı həndəsi fiquru yaratmaq heç cür mümkün deyil.

Belə olan halda ortaya istər -istəməz suallar çıxır:
Ekspert X.İskəndərov hesablamada səhvə yol veribmi və əgər səhv edibsə nəyə görə iddiaçı Ş.Zalovun iddia tələbi olan 25O kv.metrə qədər səhv edib?Əgər ekspert X.İskəndərov səhv etməyibsə kimin sifarişini yerinə yetirib?Bu barədə məndə məlumatlar var ,ancaq bu ayrı mövzunun predmetidir.


Görəsən onun belə rəy verməsindən və düzgün riyazi hesablamalar apara bilməməsindən MEM-inin rəhbərliyinin xəbəri varmı? Bundan başqa hansı səbəbə görə X.İskəndərov bütün Məhkəmə Ekspertizası Mərkəzinin imicinə belə xələl gətirir? Onun həmən həyətdə keçən il keçirdiyi texniki-tikinti ekspertizasından da vaxtı gələndə mən söhbət açacağam.

Dünyanın bütün ölkələrində bilirlər ki,riyaziyyat elmi dəqiq elimdir və bəşəridir.Ancaq ekspert X.İskəndərov hansı hesablama metodu ilə göstərilən ölçülərdən 1908 rəqəmini aldığını riyazi cəhətdən sübuta yetirsə, inanın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi üçün çox uğurlu elmi tərəqqi olar.

Bu məqsədlə mən ekspert Xəyyam İskəndərovu 23 oktyabr 2013-cü il tarixində saat 14.30-da Sumqayıt Apellyasiya Məhkəməsində İş№ 2(105)-601/2013 saylı iş üzrə (hakim T.Quliyev)baxılacaq məhkəmə iclasına dəvət edirəm. Onun gəlib orada bu rəylə əlaqədar riyazi açıqlamalar verilməsini,nəyə görə hakimi aldatmağa çalışdığı barədə ifadə verməyini tələb edirəm və maraqlı tərəflərin münasibətini bilmək istəyirəm”.

Qusar şəhəri,Mirzəyev Tacəddin Əliverdi oğlu
20 oktyabr 2013-cü il