BolgeXeber.Com » Bölgə » Sumqayıtda sahibkar üsyanı - təfsilat-FOTOLAR

Sumqayıtda sahibkar üsyanı - təfsilat-FOTOLAR

22-10-2013, 09:00
Oxunub: 4 094 “Karvan”ın ticarətçiləri icra hakimiyyətinə yürüş etdi; 3 min nəfər milyonlarının davasına qalxdı; yanan ticarət mərkəzinin sahibi “hələ 2-3 ay əvvəldən buranın kül olması haqda xəbər yaymışdılar” dedi
Sumqayıt ən iri ticarət mərkəzlərindən biri olan “Karvan” Ticarət Mərkəzinin oktyabrın 19-u gecə saatlarında yanaraq külə dönməsi orada çalışan sahibkarları çıxılmaz duruma salıb. Oktyabrın 21-də sahibkarlar Sumqayıt Şəhər İcra Hakimiyyətinə yürüş etməyə cəhd ediblər. Onların qarşısı polis tərəfindən alınıb. Bundan sonra sahibkarlar elə yanan ticarət mərkəzinin qarşısındaca aksiya keçiriblər. Sahibkarları, yanan ticarət mərkəzinin sahibini dinləmək üçün Sumqayıta yollandıq.

Təxminən 3 mindən artıq sahibkarın çalışdığı 3 mərtəbəli, 6 min kvadratmetrlik bir sahəni əhatə edən ticarət mərkəzi tamamilə külə dönüb. Sahibkarlar hadisənin başvermə səbəbi ilə bağlı müxtəlif iddialar səsləndirir. Əsasən ticarət mərkəzinin qəsdən yandırıldığını deyirlər. Onların sözlərinə görə, hadisə baş verən gün ticarət mərkəzinin sahibi Ağarza Əhmədov öz doğum gününü qeyd edirmiş. Onlar iddia edirlər ki, bu hadisəni də onun bədxahları doğum gününə bir “sürpriz” edib: “Deyilənə görə, hadisə baş verən gün Ağarza Əhmədov öz yaxınlarını ilə birgə doğum gününü qeyd edirmiş. Bu da ona doğum günü ”sürpriz"i kimi təşkil olunub. Amma istənilən halda ədalətsizlik ediblər. Dəyən bizə, sahibkarlara dəydi. Burda elə adam var ki, evini satıb, borca girib biznes fəaliyyətinə başlamışdı. İndi nə edəcəklərini bilmirlər".

Sahibkar Esmira Əliyeva: “Dərdimizi kimə deyək bilmirik. Kiminsə Ağarza müəllimlə haqq-hesabı olubsa da, gedib öz aralarında həll etməli idi. Bizi bu günə salmalı deyildilər. Hamı burada borca mal-alıb satır ki, bir tikə çörək qazansın. Kim verəcək bizim pulumuzu?
Səhər yığışıb icra hakimiyyətinə getdik. Polis qarşımızı kəsdi, imkan vermədilər ki, içəri keçib dərdimizi deyək. İcra hakimiyyətindən də xəbər göndərdilər ki, gedin özünüz başınızın çarəsini qılın, heç kim sizə kompensasiya verməyəcək. İndi yığışmışıq bura bilmirik nə edək".

Sahibkarlar icra hakimiyyətinə yürüş edəndən sonra “Karvan”ın mühafizə xidməti onlara əvvəlki ay üçün alınan icarə haqqını qaytarıb: “Gəlib buradakı qışqır-bağırı görəydiniz. 2-3 saata 100-200 min manatlıq malı yanan adamlar burada 100-200 manata görə özlərini həlak edirdi. Bizə kompensasiya verilməsə, kütləvi aksiyadan başqa yolumuz yoxdur”.

Digər sahibkar Zoya Məmmədova bizimlə söhbətində ticarət mərkəzinin qəsdən yandırıldığını söylədi: “Deyirlər ki, yanğına səbəb siqaret kötüyü olub. Guya kimsə siqaret kötüyünü zibil yeşiyinə atıb və nəticədə yanğın baş verib. Ancaq biz buna inanmırıq. Bu boş, cəfəng fikirlərdir. Biz sahibkarlar hesab edirik ki, ticarət mərkəzini qəsdən yandırıblar. Kimlərinsə Ağarza Əhmədovla qəsdi-qərəzliyi olub. Ona görə də gəlib bu hadisəni törədiblər”.

Həmsöhbətimiz hadisə zamanı 80 minlik malının yanaraq külə döndüyünü bildirdi: “Mənim 80 min manatlıq malım yanıb. İndi nə edəcəyimizi bilmirik. Rəsmi qaydada da heç kim açıqlama vermir. Hərə yaxasını bir kənara çəkir”.

Ticarət mərkəzinin ətrafına toplaşmış digər sahibkarlar da hadisənin bilərəkdən törədildiyini iddia edirlər. Sahibkarlar onu da bildirdilər ki, hadisə baş verəndən xeyli sonra əraziyə yanğınsöndürən maşınlar cəlb edilib. Sahibkar Xəlil Sadıqovun sözlərinə görə, hadisə baş verəndən dərhal sonra əraziyə yanğınsöndürmə briqadası cəlb edilsəydi, yanğının qarşısını almaq olarmış: “Mən hadisə baş verən vaxt ticarət mərkəzinin yaxınlığında idim. Dərhal FHN-nə məlumat verildi. Ancaq yanğınsöndürənlərin gəlişi xeyli ləngidi. Ona görə də yanğının qarşısını almaq mümkün olmadı. Vaxtında gəlsəydilər, bəlkə də hadisənin bu qədər fəsadları olmazdı. Özü də bu qədər şiddətli yanğının qarşılığında cəmi iki yanğınsöndürən maşın gəlib çıxmışdı. İş-işdən keçəndən sonra bir neçə əlavə yanğınsöndürmə maşını gəlib çıxdı. Onda da ticarət mərkəzi tamamilə yanıb kül olmuşdu”.

Ticarət mərkəzində qızıl axtaranlar...

Sahibkarlardan ayrılıb tamamilə yanıb külə dönmüş ticarət mərkəzinə daxil oluruq. Buradakı mənzərə isə daha dramatik idi. Hadisənin baş verməsindən istifadə edən insanlar ticarət mərkəzində qızıl axtarışına çıxıblar. Polisin qadağalarına baxmayaraq, bəzi işbazlar müxtəlif yollarla ticarət mərkəzinə daxil olaraq yanıb külə dönmüş qızıl mağazalarında qiymətli daş-qaş axtarışına çıxıblar. Hadisənin şokundan hələ də ayılmayan sahibkarlara isə bütün bunları yalnız seyr etmək qalır: “Mən hələ də hadisənin şokundayam. Elə bilirəm ki, gördüklərimin hamısı yuxudur. Axşam işimi qurtarıb evə getmişdim. Əmim oğlu zəng edib dedi ki, ”Karvan" yanır. Əvvəl elə bildim zarafat edir. Amma hadisə yerinə çatanda hər şeyi öz gözlərimlə gördüm. 4 mağaza icarəyə götürmüşdüm, ümumilikdə o mağazalarda 1, 5 milyonluq malım var idi. Hamısı da yanıb külə döndü. İndi nə edəcəyimi bilmirəm. İcra hakimiyyətində də bildiriblər ki, dövlət heç bir sahibkara kompensasiya verməyəcək".

Sahibkarlar A.Əhmədovun bu yolla cəzalandırıldığını da dilə gətirdilər. Onların sözlərinə görə, seçki zamanı A.Əhmədovun əlindəki bir neçə bülleteni qutuya atması və bu məqamın əks olunduğu fotonun rəsmi dövlət qəzeti olan “Xalq qəzeti”ndə dərci qəzəbə səbəb olub. Bundan sonra A.Əhmədovun cəzalandırılmasına göstəriş verilib. Sahibkarlar bu məlumatların mənbəyini bilməsələr də, A.Əhmədovun ticarət mərkəzinin qəsdən yandırıldığına şübhə etmirlər: “Hələ avqust ayında xəbər yaydılar ki, ”Karvan" yanıb külə dönüb. Sentyabrda da bu xəbəri təzədən yaydılar. İndi başa düşürük ki, bu xəbərləri elə-belə yaymırmışlar. Deməli, yandırmaq istəyiblər, sadəcə məqam axtarıblar və belə görünür ki, tapıblar".

“Karvan” Ticarət Mərkəzinin sahibi A.Əhmədovun yayılan videosunda da, o, məhz bu məsələni dilə gətirir, deyir ki, “Karvan” yanıb külə dönməmişdən 1-2 ay əvvəl oranın yanması haqda məlumat yayılıb. Deyilənləri araşdırmaq üçün internetdə ən böyük axtarış sistemi vasitəsi ilə “Karvan”da əvvəllər yanğın baş verməsi barədə məlumat axtardıq. Lakin belə bir məlumata rast gəlmədik.

Sumqayıt Şəhər Polis İdarəsindən aldığımız məlumata görə, yanğından istifadə edərək oğurluq edənlər də olub. Qaynağımız deyib ki, hazırda 4 belə fakt araşdırılır.
Qeyd edək ki, “Karvan” Ticarət Mərkəzi “Cavid”, “Qalatasaray” və Zaman İsgəndərovun iri ticarət mərkəzinin iki addımlığında yerləşir. Alovun həmin ticarət mərkəzlərinə keçməsinin qarşısı alınıb. Həmin ticarət mərkəzlərində də “Karvan”da olduğu kimi yanğın təhlükəsizliyinə qarşı borular yoxdur. Yəni bu ticarət mərkəzlərinin hər birində yanğın təhlükəsi mövcuddu. Ticarət mərkəzləri az qala bir-birinə bitişik olduğundan ora ağır tonnajlı xüsusi texnikanın - yanğınsöndürmə maşınlarının keçməsi demək olar ki, mümkünsüzdür.

“Karvan”da eşitdiklərimizə münasibət öyrənmək üçün A.Əhmədovu aradıq. “Karvan”ın hüquqşünası Namiq müəllim A.Əhmədova verəcəyimiz suallara cavab vermək səlahiyyətində olduğunu söylədi.

Onun sözlərinə görə, hələlik istintaq orqanları ticarət mərkəzindəki yanğının səbəbini aydınlaşdırmayıblar: “Biz özümüz də bilmirik ki, yanğına səbəb nə olub”.
Ticarət mərkəzinin qəsdən yandırılması, bunun A.Əhmədovun doğum gününə bir “sürpriz” olması, seçkidəki aşkar saxtakarlığa görə cəza kimi törədilməsi iddialarına da hüquqşünas münasibət bildirdi: “Ağarza müəllim 1937-ci ildəndir. Onun şəxsiyyət vəsiqəsində doğum tarixi yoxdur. Bilənlər bilir ki, həmin illərdə anadan olanların doğum tarixi yazılmayıb. Yəni həmin gün Ağarza müəllimin ad günü olmayıb. Seçkidə Ağarza müəllim saxtakarlıq etməyib, bu yalandır. Onun bir əlində seçki bülleteni, o birində isə məntəqəyə daxil olanda bir Sumqayıt sakinin verdiyi məktub olub. Həmin vaxt məntəqəyə gedəndə mən də onun yanında olmuşam. Qapıda bir qadın yaxınlaşıb ondan kömək istədi, əlindəki məktubu verdi. Buranı qəsdən yandırıblar, qəsdən yandırmayıblar sualına istintaq cavab verəcək”.

Hüquqşünas sahibkarlara kompensasiya verilib-verilməyəcəyi haqda suala da cavab verməkdən imtina etdi.

Mövzuya qayıdacağıq.

“Yeni Müsavat”