BolgeXeber.Com » Bölgə » Taleh Qaraşov 9 ayın hesabatını verdi

Taleh Qaraşov 9 ayın hesabatını verdi

22-10-2013, 18:00
Oxunub: 3 756 Oktyabrın 22-də Heydər Əliyev Mərkəzində Lənkəran ŞİH başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi. İclasda 2013-cü ilin 9 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 6-da Nazirlər Kabinetinin cari ilin doqquz ayının yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr müzakirə edildi. Bu barədə Bolgexeber.com-a RİH-dən məlumat verilib.

Məruzə üçün söz ŞİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimova verildi. Məruzəçi 2013-cü ilin 9 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş hesabat məruzəsi ilə çıxış etdi.

İ.Rəhimov bildirdi ki, uğurla davam etdirilən iqtisadi islahatlar nəticəsində ölkə iqtisadiyyatına keçən illə müqayisədə investisiya qoyuluşu artmış, inflyasiya minimum həddə enmişdir. Ölkədə böyük tikinti layihələri icra olunmuş, çoxlu sayda istehsal və sosial obyektlər istifadəyə verilmişdir.

Daim dövlətin diqqət mərkəzində duran qeyri-neft sektoru inkişaf etmişdir. Çox fərəhli haldır ki, qeyri-neft sahəsində qazanılmış bu nəticə hələ də çətin maliyyə problemləri ilə üz-üzə duran dünya iqtisadiyyatında ən yüksək göstərici hesab olunur.

Məruzəçi daha sonra ölkə iqtisadiyyatında davam etmiş yüksəlişin Lənkəran rayonunun da sosial-iqtisadi tərəqqisinə müsbət təsir göstərdiyini və rayonda bütün sahələr üzrə artım əldə olunduğunu diqqətə çatdırdı.

Məruzə ətrafında Lənkəran ŞİH başçısının müavini-şəhər təsərrüfatı şöbəsinin müdiri Möhübbət Babayev, Lənkəran Elektrik Şəbəkəsinin rəisi Samir Rəsulzadə, Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsinin rəisi Allahyar Salayev, Lənkəran Qaz İstismar Sahəsinin rəisi Ceyhun Axundov və Lənkəran Su-Kanal İdarəsinin rəisi Rövşən Təhməzov çıxış edərək cari ilin 9 ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat verdilər.

İclasa sədrlik edən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov əvvəlcə oktyabrın 9-da keçirilən prezident seçkilərində möhtərəm İlham Əliyevin qazandığı parlaq qələbə münasibəti ilə bütün lənkəranlıları təbrik etdi. Ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da əhalinin prezident seçkilərinin xoş təəssüratları altında yaşadığını vurğulayan İcra başçısı bildirdi ki, Azərbaycan xalqı yenidən Heydər Əliyev siyasi kursunun davamına səs verdi. Son 10 il ərzində Azərbaycanın daxili və xarici siyasətində qazanılan uğurlardan danışan Taleh Qaraşov ölkəmizdə demokratik, hüquqi, güclü və qüdrətli dövlətin yaradıldığını diqqətə çatdırdı. Prezident seçkiləri bir daha Heydər Əliyev siyasi kursunun alternativsiz olduğunu və xalqın iradəsinin təntənəsini sübuta yetirdi. Ölkəmizdə seçkilər tam obyektiv, azad, demokratik və şəffaf şəraitdə keçirildi.

Lənkəranda da seçici fəallığının respublika səviyyəsindən yüksək olduğunu diqqətə çatdıran İcra başçısı rayonumuzda seçkiləri müşahidə edən ATƏT-in uzunmüddətli müşahidəçilər qrupunun Lənkəranda keçirilən seçkilərin tam obyektiv və şəffaf keçdiyini öz hesabatlarında açıqladıqlarını bildirdi.

Taleh Qaraşov prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kompaniyası zamanı fəallıq göstərən bütün lənkəranlıları bir daha təbrik etdi, hamıya dərin təşəkkürlərini bildirdi.

İcra başçısı daha sonra bildirdi ki, 2013-cü ilin 9 ayı da əvvəlki illərdə olduğu kimi, mühüm uğurlarla başa çatmışdır. Doqquz ay ərzində sosial-iqtisadi həyatın bütün sahələrində rəvan inkişaf davam etmiş, nəzərdə tutulan proqram və layihələrin təqvim planına tam uyğun icrası təmin edilmişdir. Həyata keçirilmiş tədbirlər nəticəsində bu dövrdə makro-iqtisadi vəziyyət sabit olmuş, ümumi daxili məhsul istehsalı artmışdır.

Taleh Qaraşov daha sonra ötən 9 ayda Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində qazanılmış nailiyyətlərdən ətraflı danışmış, qarşıda duran vəzifələri uğurla icra etməkdən ötrü idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlarını vermişdir.