Mingəçevirin icra başçısı 10 milyon manatı necə xərcləyib?
23-10-2013, 11:35
Oxunub: 5 531
Niyazi Bayramovun şəhərin sosial inkişafına ayrılan vəsaitlərin sərf olunmasında ciddi qanun pozuntularına yol verdiyi deyilir
Ölkənin ən böyük şəhərlərindən biri də Mingəçevirdir. Bu vaxta kimi rayona rəhbərlik etmiş icra başçılarının bir neçəsi vətəndaşlara qarşı normal münasibət bəsləməmiş, bu səbəbdən də ölkə prezidentinin müvafiq sərəncamları ilə vəzifələrini itirmişlər. Hazırda Şəhər İcra Hakimiyyətinin (RİH) başçısı vəzifəsini Bayramov Niyazi Müzəffər oğlu tutur. Bildirək ki, o, 1956-cı il martın 26-da Bakı şəhərində anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Səbail Rayon İcra Hakimiyyətində şöbə müdiri, başçının müavini vəzifələrində çalışıb. Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın rəisi, Gəncə Şəhər Gömrük İdarəsinin rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə rəisinin müavini də işləyib. 2012-ci ilin aprel ayında isə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Apardığımız araşdırmalar nəticəsində öyrəndik ki, bu şəxsin Mingəçevirə rəhbər təyin edilməsi ilə bir sıra ciddi problemlər meydana gəlib. Başqa sözlə desək, şəhər inkişafdan qalıb: "Mingəçevir Azərbaycanın dördüncü ən böyük sənaye şəhəri olsa da, sosial problemlərin məngəsindən qurtula bilmir. Üç ilə yaxındır ki, şəhərə rəhbərlik edən icra hakimi özündən əvvəlki icra başçılarının səhvlərini təkrarlamaqla məşğuldur. Şəhərin mərkəzi küçə və prospektləri baxımsızlıqdan bərbad vəziyyətdədir. İcra başçısı quruculuq-abadlıq işləri adı altında bəzi obyektləri yerlə-yeksan edib. Guya ki, həmin obyektlərin sənədləri qaydasında deyildi. Bunun əvəzində isə özü üçün müxtəlif ticarət obyektləri inşa etdirib. Onun əsas məqsədi şəhəri gözəlləşdirmək yox, özünə biznes şəraiti yaratmaq idi. Belə hallar şəhər sakinlərinin narazılığına səbəb olur". Araşdırmalara əsasən demək olar ki, şəhərdə yaşayan insanlar daha çox su, qaz və işığın vaxtlı-vaxtında verilməməsindən əziyyət çəkirlər: "Məsələn, Sağ Sahil qəsəbəsində yaşayan insanların çoxu içməli su üzünə həsrət qalıblar. Ölkəni su ilə təmin edən şəhərin sakinləri içməyə su tapmırlar. Bu çox gülünc işdir vallah. Gün ərzində cəmi iki-üç saat su verilir. Yerdə qalan vaxtlarda isə suyumuzu kəsirlər. Bilmirik, icra hakiminin camaatla şəxsi qərəzi var, yoxsa aidiyyəti idarələrin rəhbərləri onu saymırlar. Qaz və işıq da su kimi fasilələrlə verilir. Başçı vətəndaşların şikayətlərini dinləyib onlara yardım etmək istəmir. Vətəndaşlar onun üzünü ancaq bayramdan bayrama, bir də rəsmi dövlət tədbirləri zamanı görürlər. Şəhər rəhbəri ancaq onu bilir ki, boş torpaq sahələrini satıb şəxsi sərvətini artırsın. Şəhərdə problemlər həddən artıq çoxdur. Kanalizasiya sistemi yoxdur. Bir balaca yağış yağan kimi küçələri su yuyub aparır, gölməçələr əmələ gəlir". Məlumatlı mənbələr isə deyir ki, Mingəçevirdə ən böyük problemlərdən biri də işsizliklə bağlıdır. Qaynağın fikirlərinə istinad etsək, hazırda şəhərdə yaşayan gənclərin çoxu işsizdir və bu problemdən yaxa qurtarmaq üçün onların böyük əksəriyyəti Bakıya, ya da digər rayonlara pənah gətirirlər: "Şəhərdə adamdan çox çayxana var. Bu çayxanaların hər biri işsiz gənclərlə dolub daşır. Gənclərin bekar qalması çox vaxt cinayət hadisələrinin baş verməsinə gətirib çıxarır. Mingəçevirdə kifayət qədər iş yerləri var. Di gəl elə vəziyyət yaranıb ki, pulu, adamı olmayan şəxsləri işə qəbul etmirlər. İş yerlərinin çoxu başçının yaxın adamları tərəfindən kurasiyaya alınıb. Bura yalnız öz adamlarını yerləşdirirlər".
Bu arada, Niyazi Bayramov icra hakimi təyin ediləndən mətbuatın gündəminə daha çox qanuna zidd işləri ilə gəlib. Məsələn, bir müddət öncə icra hakimi tərəfindən hüquqları pozulan şəhər sakini intihara cəhd etmişdi. "İcra başçısına dedim ki, mənim 10 qəpiyə belə ehtiyacım var cavabında isə Niyazi Bayramov bu mənlik deyil sözlərini dedi.
O vəziyyətə gəldim ki, övladımı da götürüb atacaqdım özümü Kür çayına. Həyat yoldaşım rəhmətə getdiyinə görə ünvanlı yardımım kəsildi, uşağıma əlillik verilirdi onu da kəsdilər. 170 manat uşağın adına keçdi, deyən əlacsız qadın şikayətini dilə gətirmişdi. Çoxsaylı şikayətlərə baxmayaraq, icra hakimi qanunsuz işlərindən qalmır. Verilən məlumatlara görə, təkcə 2013-cü ilin geridə qalan ayları ərzində Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə prezident İlham Əliyev tərəfindən iki sərəncam imzalanıb. Belə ki, həmin sərəncamların birinə əsasən Şəhər İcra Hakimiyyətinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 5,0 (beş) milyon manat ayrılıb. Bundan başqa, Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının yenidən qurulması haqqında da sərəncam imzalanıb. Bu məqsədlə isə 3,0 (üç) milyon manat ayrılıb. Dövlət başçısının digər sərəncamı ilə Mingəçevir şəhəri ərazisində qırx min nəfərdən çox əhalinin istifadə etdiyi, ümumi uzunluğu 13 kilometr olan "Mingəçevir stansiyası", "Mingəçevir kənd", "Tərəvəzçilik" və "Çimərlik" yaşayış massivlərini şəhərin mərkəzi ilə birləşdirən avtomobil yollarının yenidən qurulması məqsədi ilə 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitdən Mingəçevir Şəhər İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılıb. Bu rəqəmləri üst-üstə toplayanda isə 10 milyon manat edir. Maraqlıdır, görəsən, ŞİH rəhbəri bu 10 milyon manatı hansı formada sərf edib? Bu barədə gələn saylarımızda daha dolğun faktları diqqətinizə çatdıracağıq. Bizi izləyin.
Qarşı tərəfin də münasibət bildirmək hüququ var.
Elgün Sədalı
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər