BolgeXeber.Com » Bölgə » Bərdə rayonunda meşə massivi məhv edilir

Bərdə rayonunda meşə massivi məhv edilir

23-12-2013, 13:35
Oxunub: 3 631 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 12 saylı ərazi Ekologiya və Təbi sərvətlər şöbəsinin ətraf mühitin böyük mütəxəssis-mühafizə yegeri İsmayılov Pərviz Rüstəm oğlunun ərazidə reyd keçirərkən kimliyi bilinməyən şəxslər tərəfindən ov tüfəngi ilə güllələnməsi gözləri Bərdə meşələrinə çevirdi. Çünki Bərdə meşələrinin vəziyyət qənaətbəxş deyil.

Belə ki, Bərdə Rayonunun təbii bitki örtüyü, əsasən, quru çöl və yarımsəhra tiplidir. Kür çayı sahilində təxminən yeddi min hektarlıq ərazini əhatə edən seyrək Tuqay meşələri vardır. Bu meşələrin qorunması məqsədilə 1966-cı ildə Bərdə Dövlət Təbiət Yasaqlığı yaradılmışdır. Yasaqlığın yaradılmasının əsas məqsədi Kürətrafı tuqay meşələrini və onların faunasını qoruyub zənginləşdirməkdir. Təbii bitki örtüyü əsasən qovaqdan ibarət olan kompleksdən, qovaq, söyüd, tut və s. ibarət cavan meşəlikdən, yulğunun üstünlük təşkil etdiyi kolluqlardan, palıdın üstünlük təşkil etdiyi meşəlikdən ibarətdir.

Lakin bu gün Bərdə ərazisində meşə massivi, demək olar, məhv edilib. Müəyyən sahələrdə sonradan salınmış şam və çinar meşələrinə, kiçik ərazidə isə baxımsızlıqdan xeyli hissəsi qurumuş nar bağlarına rast gəlinsə də, həmin ərazilərdə otlayan mal-qara və qoyun sürüləri ümumiyyətlə meşəyə nəzarət edilmədiyindən xəbər verir.

Bu xüsusda redaksiyamıza daxil olan məlumatlarda isə Bərdə meşələrinin sistematik olaraq qırılması barədə həyəcan siqnalları öz əksini tapmışdır. Təqdim olunan materiallarda bildirilir ki, meşələrin bu acınacaqlı vəziyyətinə görə əsas məsuliyyəti Bərdə Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Aydın Məmmədov daşıyır. Göstərilir ki, məhz bu məmurun fəaliyyəti nəticəsində Bərdənin onsuz da kasad olan və müharibə səbəbindən bir az da seyrəkləşmiş meşələri indi də ağac emalı müəssisələri üçün xammal bazasına çevrilmişdir.

Digər tərəfdən isə bu gün Bərdə meşələrinin sürətlə qırılmasına səbəb olan digər bir amil də bu ərazilərdə yeni inşa olunan istirahət mərkəzləri və iaşə obyektləridir. Təbii ki, kəsilən meşə zolaqlarının yerində tikilən obyektlərin sahibləri bu “əməkdaşlığın” müqabilində Aydın müəllimə külli miqdarda pul ödəyirlər.Mövzuya dair dərc etdiyimiz ötən yazılarda da biz qeyd etmişdik ki, bu gün Azərbaycan dövləti və ölkə rəhbərliyi tərəfindən həqiqətən də təbii sərvətlərimizin qorunması istiqamətində kifayət qədər əhəmiyyətli addımlar atılır, islahatlar həyata keçirilir. Lakin bu da faktdır ki, yuxarıda qeyd olunduğu kimi bilavasitə ətraf mühitin mühafizəsi məqsədilə təsis edilmiş bir çox struktur təşkilatlarına rəhbərlik bəzi hallarda tamamilə arzuolunmaz kadrlara həvalə olunur. Nəticədə isə həmin kadrların ətraf mühitə əsil talançılıq münasibəti qısa müddət ərzində bütün ictimaiyyəti yeni problemlər və daha gərgin vəziyyətlə üz-üzə qoyur.

Aldığımız məlumatlarda bu da bildirilir ki, Bərdə Meşə Mühafizəsi və Bərpası Müəssisəsində törədilən bütün bu və digər yaramazlıqlar barədə dəfələrlə müxtəlif instansiyalara, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə vətəndaşlar tərəfindən şıkayətlər ünvanlansa da, nazirlik hələ də daxil olan həyəcan siqnallarına lazımi reaksiyanı vermir. Qeyd etmək lazımdır ki, bütün bu həyəcan doğuran təfərrüatlar barədə ölkə mətbuatında dəfələrlə çıxışlar və müzakirələr dərc olunmuşdur. Bərdə rayonu Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbərliyi isə hər dəfə bu müzakirələrdə iştirak etməkdən yayınmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri isə baş verənlərə hələ də göz yumurlar.