BolgeXeber.Com » Bölgə » 33 saylı Regional TSEK sədrindən Səlim Müslümova böhtan

33 saylı Regional TSEK sədrindən Səlim Müslümova böhtan

8-01-2014, 09:10
Oxunub: 4 494 Rasim Gözəlov nazirə verdiyi rüşvətin müqabilində canını qurtardığını deyir

Məlum olduğu kimi Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov noyabrın 29-da bütün rayonların tibbi-sosial ekspert komissiyaları (TSEK) sədrlərinin iştirakı ilə keçirdiyi iclasın gedişində Bakının Xətai, Sumqayıt, Xaçmaz, İsmayıllı-Şamaxı-Qobustan, Ağcabədi-Ağdam, Mingəçevir-Yevlax, Samux-Goranboy-Naftalan, Daşkəsən-Göygöl, Qazax-Ağstafa, Cəlilabad-Biləsuvar, Masallı-Yardımlı, Saatlı-İmişli və Salyan-Neftçala regional TSEK rəhbərlərinin işdən azad olunduğunu bildirərək, onlardan iclası tərk etməyi tələb etmişdi. Əlbəttə ki, yeni nazirin bu qərarı cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Bəziləri bu nümayişkəranə hərəkəti sadəcə bir şou adlandırır, digərləri isə Səlim Müslümovun bu jestini strukturlarda “təmizləmə” təşəbbüsü kimi qiymətləndirirlər. Lakin etiraf etmək lazımdır ki, həmin iclasda iştirak edən 33 saylı Sabirabad, Hacıqabul, Şirvan şəhər Regional TSEK-in sədri Rasim Gözəlovun nə zaldan qovulanlar, nə də heç olmasa vəzifəsindən çıxarılaraq daha aşağı vəzifələrə təyin olunanlar arasında yer almaması ən azından Sabirabad və Hacıqabul rayon sakinləri tərəfindən anlaşılmazlıqla qarşılanmışdır. Mövzuya dair əvvəllər də dərc etdiyimiz bütün materiallarda biz qeyd etmişik ki, redaksiyamıza daxil olan şikayət məktublarında 33 saylı Sabirabad, Hacıqabul, Şirvan şəhər Regional TSEK, fəaliyyətində daha çox neqativ halların müşahidə olunduğu müəssisələrdən biri kimi qeyd olunur. Buna baxmayaraq nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə də digər aidiyyalı qurumlar tərəfindən bu müəssisənin rəhbəri Rasim Gözəlovun əməllərinə son qoyulması istiqamətində indiyədək heç bir tədbir görülməmişdir. Bu vəziyyətdən böyük məharətlə yararlanmaqda davam edən TSEK sədri ilə bağlı rayon ictimaiyyəti tərəfindən redaksiyamıza ünvanlanan şikayət məktublarının sayı getdikcə artır. Belə məlumatlardan birində oxuyuruq: “33 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən vətəndaşlara əsassız olaraq əlillik dərəcələrinin verilməsinə dair konkret faktlar mövcuddur. Artıq ətraf rayonlarda hamı bilir ki, əlillik dərəcəsi və pensiya almaq üçün hökmən rüşvət verməlisən. Belə ki, I qrup əlillik dərəcəsi almaq üçün minimum 1000 manat, II qrup üçün 600-700 manat, III qrup üçün isə 400 manat rüşvət tələb olunur. Pulu olmayan şəxslər isə fiziki qüsurlu olmalarına rəğmən bu dərəcələri ala bilmirlər. Bütün bunlar onu göstərir ki, həqiqi əlillər qalıb kənarda, saxta yollarla əlillik vəsiqəsi qazananlar dövlətdən müavinət və başqa imtiyazlar alırlar.” Mənbələr iddia edirlər ki, hətta aşkar əlilliyi olan, məsələn, bir qolunu itirmiş vətəndaşlar belə bu vəziyyətin sənədləşdirilməsi üçün 200-300 manat rüşvət verməli olurlar. Bütün bunları nəzərə alaraq ehtimal edilirdi ki, yeni nazirin bu sahədə həyata keçirəcəyi islahatlar, strukturun məhz Rasim Gözəlov kimi kadrlardan “təmizlənməsi” prosesi ilə başlaya bilər. Çünki bu addım atılmadığı müddətdə nəzərdə tutulmuş islahatlar paketi heç bir müsbət nəticəyə səbəb ola bilməyəcək. Həqiqətən də Səlim Müslümov vətəndaşlar tərəfindən ehtimal olunan bu addımı atmaqla Tibbi Sosial Ekspert Komissiyalarının fəaliyyətlərində bir çox nöqsanların mövcudluğunu etiraf etmiş oldu. Digər tərəfdən isə konkret olaraq bu tədbirin Rasim Gözəlovdan yan keçməsi Sabirabad və Hacıqabul rayon sakinlərinin ümidlərinə vurulmuş böyük zərbə oldu. 33 saylı TSEK sədrinin məhz hansı məziyyətlərinə görə vəzifədə saxlanmasına dair isə hələlik heç bir dəqiq məlumatımız yoxdur...